Rafət El Roman fırıldağının arxasından prodüser Nahid Emiloğlu çıxdı

Bir neçə gün əvvəl Azinform.az olaraq Bakıda məşhur türk müğənnisi Rafet El Romanın adı ilə böyük dələduzluq törədilməsi haqda məlumat vermişdik.

Bu barədə saytımıza xəbəri tanınmış türk müğənnisinin baş tutacaq konserti adı ilə aldadılan vətəndaşlardan biri danışmıdı. Zərərçəkən bildirmişdi ki, konsert iyulun 7-də «Ramada» oteldə baş tutmalı idi: "Bizə məlum olmayan səbəbdən konsert baş tutmadı. Bu azmış kimi, qiyməti 70-250 azn civarında dəyişən və vətəndaşlara satılan biletlərin pulu konsertdə iştirak edə bilməyənlərə geri qaytarılmır. Hara müraciət ediriksə xeyiri yoxdur.»Ramada» oteldən isə bizə deyirlər ki, onlar bu məsələdə heç bir məsuliyyət daşımır. Bu ən böyük dələduzluq faktıdır. Fürsətdən istifadə edib hüquq-mühafizə orqanlarını bu məsələyə diqqət ayırmağa çağırırıq".

 

Məlumatı ictimailəşdirən ilk KİV olduğumuzdan saytımıza bu əməldən zərərçəkən kifayət qədər vətəndaş müraciət etməyə başladı. Məlum oldu ki, bu konsert təşkilatçısı tanınmış prodüser Nahid Emiloğlu olub və vətəndaşlar da batan pullarını ondan tələb edirdi. Bizim məqalə ətrafında Facebook-da aparılan müzakirələrdə zərərçəkənləri yazılan şərhlər vasitəsilə müəyyən edən Nahid Eminoğlu həmin adamlarla əlaqəyə girib onların pulunu qaytarmağa başladı. Pulu qaytarılanlardan biri Emin adlı vətəndaş elə Facebook-da yazdığı şərhdə bizə minnətdarlığını bilirdi: «Çox sağ olun , sizin məsələyə müdaxilənizdən sonra, mənə dəyən 2000 manat ziyanın 75 faizi ödənildi. Qalanını isə bu günlərdə qaytarmağa söz veriblər».

Zərərçəkənlərdən biri də həmkarımız çıxdı. Məlum oldu ki, Nahid Eminoğlu onun da 300 manatını qaytarıb. Bu barədə jurnalistin özü şərh yazıb: «Bu gün Nahid Emiloğlu çağırıb mənim 300 manatımı qaytardı. Gedib onun ofisindən götürdüm». Təbii ki, bütün bunlar sevindirici haldır. Ancaq bununla bütün yaralar sağalmır. Cünki bizə edilən müraciətlərdən də görürük ki, Nahid Emiloğlunun təşkil etmək istədiyi konsertin baş tutmamasından kifayət qədər aldadılan vətəndaş var. Ən azı birinci məqalənin altında yazılan şərhlər və sosial şəbəkədə aparılan müsakirələr bunu deməyə əsas verir. Maraqlıdır ki, onlar bizdən nə etmələri ilə bağlı məsləhət almaq istəyirlər. Biz isə aldadılanlara bildirmək istəyirik ki, kimdənsə dəymiş ziyanı geri almaq bizim səlahiyyətimizə aid olan məsələ deyil. Bunun üçün hüquq-mühafizə orqanları var. Xatırladaq ki, bu günlərdə Nahid Emiloğlunun özü də redaksiyamızla əlaqə saxlayıb yaranmış vəziyyətdən təəssüfləndiyini bildirib. Bir də qeyd edib ki, bu işdə təqsirkar olan tək o deyil. Ancaq nədənsə, Nahid bəy konsertin hansı səbəbdən baş tutmaması ilə bağlı ətraflı danışmaq istəmədi.

Azinform.az olaraq bir faktı da qeyd etmək istəyirik ki, bu Nahidin adının hallandığı ilk fırıldaq əməli deyil. Bir neçə il əvvəl “Space” telekanalında yayımlanan “Sən bir nəğməsən” verilişinin koordinatoru Sübhanə İsgəndərova prodüser Nahid Emiloğlunun ona 11 min manat borcu olduğunu iddia edirdi. Bununla bağlı KİV-lərə müraciət edən S. İsgəndərova başına gələnləri belə nağıl etmişdi: “Nahid məni “Sən bir nəğməsən” verilişinə dəvət etdi. Bir qədər onunla çalışdım. Dörd-beş verilişdən sonra pula ehtiyac yarandı. Məndən xahiş elədi ki, ona pul tapım. Mən isə özümün pulum olmadığını, lakin qohumdan-tanışdan ala biləcəyimi dedim. 11 min manat toplayıb Nahidə verdim. Pulu verəndə 3 günə qaytaracağını dedi. Mən də dedim ki, kişidir, sözünün ağası olar. BU hadisə keçən ilin fevralında baş verib. O gündən bura xahiş etmişəm, yalvarmışam ki, o mənim pulum deyil, məni də incidirlər. Mənə qəribə gələn odur ki, qaytara bilməyəcəkdinsə niyə alırdın?”

S. İsgəndərova deyir ki, prodüserə dəfələrlə müraciət etsə də onu tapa bilmir, qarşı tərəf hazırda Türkiyədir: “Ona sonuncu dəfə telefonda dedim ki, əgər pulu qaytarmasan polisə müraciət edəcəyəm. Ondan sonra yəni iyulun 21-də mənə 3000 dollar göndərdi. Qalanını isə indiyə kimi ödənməyib. Bu adamın qanacaqsızlığı ondadır ki, mənə cavab vermir. Sadəcə axırıncı dəfə bir mesaj yazdı ki, “Sən buna görə utanacaqsan”. Utanmağa qalsa birinci sən utanmalısan. Mənə maraqlı gələn odur ki, əgər bunun pulu yoxdursa Türkiyədə Ebru Burcuya ad gününü necə təşkil edir? Ona qalsa mən Ebrudan da qeyrətli qadınam. Mən televiziyalara çıxmaq istəmədim. Mən ona sonuncu xəbərdarlığımı edirəm, pulumu tezliklə qaytarmasa, məhkəməyə müraciət edəcəyəm” .

Biz bu məsələnin hansı sonluqla bitdiyini bilmirik. Yəqin ki, problem yoluna qoyulub ki, Nahid Emiloğlu məsuliyyətə cəlb edilməyib. Tarixə ekskurs etməkdə heç də kiminsə karyerasına kölgə salmaq niyyətimiz yoxdur. Sadəcə, bizdə olan məlumata görə, Nahid bəy hazırda Bakıda keçiriləcəyi ilə bağlı ətrafında böyük piar aparılan bir neçə konsertin də təşkilatçısı qismində çıxış edir. Vətəndaşlarımıza növbəti dəfə aldadılmamalrı üçün bir qədər ehtiyatlı olmalarını məsləhət görürük. Zərərçəkənlərin tam siyahısını dəqiqləşdiririk.

Adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar