Statistika Komitəsi ARDNŞ-in qazlaşdırma siyasətini ifşa etdi

Dövlət Statistika Komitəsi Azərbaycanda alternativ enerji mənbələrindən biri kimi odundan istifadənin artdığını bildirir.

Virtualaz.org saytı xəbər verir ki, komitənin açıqladığı rəqəmlərə görə, 2013-cü ildə ölkədə energetika məqsədləri ilə 202,9 min ton odundan istifadə olunub. Hansı ki, 2012-ci ildə bu rəqəm 194,6 min ton, 2009-cu ildə isə cəmi 144,8 min ton təşkil edirdi.

Azərbaycanda odun əsasən alternativ enerji mənbəyi olaraq təbii qaz olmayan bölgələrdə yanacaq kimi istifadə olunur və bu baxımdan Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər ziddiyyətli mənzərə yaradır: əgər ölkədə qazlaşdırma səviyyəsi ildən-ilə artırsa, o zaman odundan istifadə niyə azalmır, əksinə, artır?

Bu, ancaq bir halda mümkün ola bilər: ölkədə 2009-cu ildən bu yana qazlaşdırma ümumiyyətlə getmir, yaxud ARDNŞ bölgələrin qazlaşdırılması işlərini dayandırıb. Həmin vaxtdan etibarən odundan istifadənin artması isə əhali artımı, bölgələrdə turizm obyektlərinin artması və belə obyektlərin qızdırılması üçün odundan istifadə ilə izah oluna bilər.

Xatırladaq ki, bu yaxınlarda prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında regionlarda qazlaşdırma işlərinin sürətinin kəskin azaldığına görə ARDNŞ-i tənqid etmişdi. Prezident bəyan etmişdi ki, o, hər ay qazlaşdırmanın gedişinə dair məlumatlar alır və vəziyyət ürəkaçan deyil. Belə ki, ARDNŞ hər ay cəmi 1-2 kəndin qazlaşdırıldığı barədə raport verir. Prezident bu vəziyyəti “dözülməz” adlandırıb ARDNŞ-dən, onun tərkibinə daxil olan “Azəriqaz”dan işləri sürətləndirməyi tələb edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar