DOĞRUDANMI, XAİNLƏ QƏHRƏMANIN FƏRQİ YOXDUR?!

Dərc olunub: 04/03/2019 - 21:41

Bir daha “erməni mafiyası-Qorbaçov-DTK-Vladimir Qalkin-Aslan İsmayılov zənciri” haqda…

murvet-koseMürvət Həsənli,
ADAM sədri

Sumqayıt prosesində anti-milli qruplaşmada yer almış Aslan İsmayılov “Sumqayıt təəssübkeşi” obrazında Sumqayıt məhkəməsinin anti-qəhrəmanı, mənfi obrazı, Azərbaycan xalqının milli maraqlarının əleyhinə qurulmuş siyasi prosesdə ant-milli qüvvələrin tərəfində – Erməni mafiyası-Qorbaçov-DTK-Vladimir Qalkin-Aslan İsmayılov zəncirinin bir həlqəsi olmuş adam 27 fevralda qəhrəman kimi ortaya çıxıb, sağa-sola ittihamlar səsləndirməyə başladı.

Aslan İsmayılov, Qorbaçov və ermənilərin siyasi sifarişi ilə DTK-nın və Vladimir Qalkinin dolaşdırdığı, sizin isə məhkəmədə ciddi cəhdlə, hətta Mənsur İbayevlə düşmənçilik səviyyəsinə gəlmək bahasına belə, müdafiə etdiyiniz cinayət işini indi Azərbaycanın istintaq orqanları necə çözsün? Axı indi SSRİ yoxdur, Ermənistan düşmən, Rusiya da Ermənistanın müttəfiqi…

Təəccüblənib qurtara bilmirəm. İncəsənət, elm, ədəbiyyat sahəsində istedadlar haqda eşitmiş və oxumuşdum. Həyatda da görmək nəsibim olmuşdu. Amma həyasızlıqda talant sahibi olmağı bir ermənilərdə görmüşdüm, indi də Aslan İsmayılovda görürəm. Adam bütün millətin gözünün içinə baxıb yalan danışır. Bütün ekspert və hüquqşünaslar bir ağızdan təsdiq edirlər: Bu adam 1988-ci il Sumqayıt təxribatının məhkəmə araşdırması prosesinin MƏNFİ QƏHRƏMANIDIR. Yaxud, SUMQAYIT TƏXRİBATINDA TƏŞKİLATÇILARI VƏ ERMƏNİ-DTK İZLƏRİNİ ÖRT-BASDIR EDİLMƏSİNİN “QƏHRƏMANLARI” VLADİMİR QALKİN VƏ ASLAN İSMAYILOV CÜTLÜYÜdür… Bunu böyük hərflərlə yazıram ki, hər kəsin diqqətini cəlb etsin. Biz abrına sığınan təvazökar qəhrəmanları “görməyib”, bu millətə zərbə vuranları qəhrəman kimi sırıyanda əsl qəhrəmanları öldürürük. Aslan İsmayılov Sumqayıt hadisələrinin istintaqında Vadimir Qalkinin başladığı işi məhkəmə səviyyəsində davam etdirmiş milli adamdır. V.Qalkin və A.İsmayılov Azərbaycan xalqına qazılan quyunun müəllifləri, eyni bir xəyanət zəncirin həlqələridir.

Mixail Qorbaçov Siyasi Büroda hadisələrə qiymət verərək deyir ki, “Sumqayıtda xuliqan elementlər təxribat törədiblər. İşi tez bağlayın”. Yəni, istintaqda dərinə getməyin. Bununla da erməni izlərini və Moskvadan gələn izləri ört-basdır etmək əmri verir. Vladimir Qalkin DTK-nın nəzarəti altında bu göstərişi istintaq zamanı həyata keçirir: təşkilatçıların və əlaqələndiricilərin izini itirərək saxta bir istintaq işini Aslan İsmayılova ötürür. Aslan İsmayılov da “erməni və Moskva izlərinin itirilməsinə” xidmət edən istintaq işini məhkəmədə prokuror kimi müdafiə edir. Özü də yenə DTK-nın nəzarəti altında… A.İsmayılov kitabının 109-cu səhifəsində yazır ki, “həmin vaxt məhkəmədə DTK-nın işçisi” iştirak edirdi. Bu, bir tərəfdən bu prosesin hüquqi deyil, siyasi bir proses olduğunu sübut edir, o biri tərəfdən həm də bu, onu göstərir ki, A.İsmayılov adətən “görünməz” olan DTK əməkdaşını tanıyırmış. Odur ki, hər şey gün kimi aydındır. Erməni mafiyası-Qorbaçov-DTK-Qalkin-İsmayılov zəncirini göstərən bu məntiqi düzüm kifayət deyilmi?

“Sərfəli adamlar”ın seçilməsi

aslan ism

Həm də Qalkin-İsmayılov tandemini tapmaq üçün bir neçə dəfə dəyişiklik də etdilər. Hadisənin səhərisi günü cinayət işi açmış Sumqayıt şəhər prokuroru İsmət Qayıbovu istintaqdan uzaqlaşdırdılar (O, Sumqayıtın prokuroru olaraq qalırdı). İşi Moskvadan gəlmiş istintaq komissiyasına tapşırdılar. İstintaq komissiyasının birinci rəhbəri əslən ukraynalı Vladimir Kaliniçenko idi. O, çox məşhur və obyektiv istintaqçı idi və işi obyektiv aparırdı. Eduard Qriqoryan və sonra azad edilmiş başqa şübhəli ermənilərin həbsi də elə onun zamanında mümkün olmuşdu. Odur ki, müxtəlif bəhanələrlə, bir aydan sonra onu işdən uzaqlaşdırdılar. Sonralar general-leytenant rütbəsi alaraq, FSB-də yüksək vəzifə tutacaq Vladimir S.Qalkin daha uyğun gəldiyi üçün istintaqa rəhbərlik ona tapşırıldı.

Məhkəmədə də işin müdafiəsi əvvəlcə başqa bir azərbaycanlıya – Cavanşir İsmayılova tapşırılmışdı. Amma V.Kaliniçenkonu necə V.Qalkinlə əvəz etdilərsə, Cavanşir İsmayılovu da yenicə Azərbaycana gəlmiş, yaxud gətirilmiş Aslan İsmayılovla əvəz etdilər. A.Ismayılov bu məsələdə də yalan yazır ki, guya Cavanşir İsmayılovun məhkəmə təcrübəsi olmadığı üçün işi sonra ondan alıb, hakim işləmiş A.İsmayılova veriblər. Bu da ağ yalandır. Ona görə ki, Cavanşir İsmayılov o zaman Azərbaycan SSR Prokurorluğunun cinayət işlərinə məhkəmələrdə baxılması üzrə nəzarət şöbəsinin prokuroru idi. Belə bir adamın məhkəmə işində təcrübəsiz olması ağ yalandan başqa bir şey deyil! Məhkəmələrdəki cinayət işlərinə nəzarət edən prokurorun məhkəmələrdə işləmək üzrə təcrübəsiz olması iddiası nə qədər gülüncdür. Nə qədər primitiv, nə qədər saxtakar, nə qədər gülünc günə qalmısan, Aslan İsmayılov!

Beləliklə, Erməni mafiyası–Qorbaçov cütlüyünün siyasi maraqlarını müdafiə edəcək Qalkin-İsmayılov tandemi yarandı. Respublikada təcrübəli prokurorları kənara qoyub, belə bir mühüm, hüquqdan daha çox siyasi olan bir işi Azərbaycana iki ay əvvəl gəlmiş 31 yaşlı Aslan İsmayılova həvalə etdilər. Bütün bunların təsadüf olduğuna heç kim inanmaz.

Gün kimi aydındır ki, Sumqayıt hadisəsinin siyasi tərəfi vardı. Bu, Azərbaycan xalqını ittiham etmək, erməniləri qurban kimi göstərmək, nəhayət, DQ-nin Azərbaycandan ayrılmasına zəmin yaratmaq üçün təşkil olunmuş bir siyasi proses idi. Hər bir siyasi prosesdə isə təbii ki, maraqlı və qarşıduran tərəflər var. Sumqayıt təxribatında siyasi tərəflərin biri təxribatın müəllifləri – ermənilər, Qorbaçov və DTK, o biri tərəfində isə təxribatın qurbanı – Azərbaycan xalqı var idi.

Birinci tərəfin marağına uyğun ssenari istintaqda təxribatın izlərini itirmək və talana görə məsuliyyəti Azərbaycan xalqının üzərinə qoymaq idi. Azərbaycan xalqının yeganə qurtuluş yolu isə istintaqı obyektiv aparıb təşkilatçı və əlaqələndiriciləri də ortaya çıxarmaq, bununla da ermənilərin Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılması üçün istifadə etmək istədikləri yalançı “arqument”dən məhrum etmək idi. Moskva Vladimir Kalniçenko ilə İsmət Qayıbovu işdən kənarlaşdıraraq Vladimir Qalkinin vasitəsilə istintaqın saxtalaşdırılmasına nail oldu. Aslan İsmayılov da saxta işi məhkəmədə var gücü ilə müdafiə etdi. Bununla da Azərbaycan xalqına qarşı qurulmuş siyasi bir prosesdə anti-Azərbaycan qrupun zənciri alındı: Erməni faktoru-Qorbaçov-DTK-Vladimir Qalkin-Aslan İsmayılov! Həm də diqqətdə saxlamaq lazımdır ki, Aslan İsmayılov məhkəməyə çıxmazdan cəmi 2-3 ay əvvəl erməni mafiyasının və Qorbaçov qruplaşmasının nəzarətində olan Stavropol diyarında məhkəmənin sədri işləyirdi. Odur ki, cəmi iki-üç ay əvvəl Azərbaycana gəlmiş 31 yaşlı adamın məşhur “Beylisin işi” qədər tarixi əhəmiyyəti olan bir tarixi və siyasi prosesə təyin olunmasında bu faktı kənara qoymaq olmaz.

Azərbaycan xalqı ilə anti-Azərbaycan qüvvələrin üz-üzə durduğu bu siyasi qarşıdurmada siz Aslan İsmayılovu hansı tərəfdə görürsünüz? Erməni mafiyası-Qorbaçov-DTK-Qalkin birliyinin sırasında, yoxsa Azərbaycan xalqının tərəfində? Hərdən görünən dağa da bələdçi lazım olduğu üçün deyim: Aslan İsmayılov bu siyasi-hüquqi qarşıdurmada düşmənlərin tərəfində idi. Ona görə ki, onların sifarişi və rəhbərliyi ilə saxtalaşdırılmış işi məhkəmədə müdafiə etməyi üzərinə götürmüşdü! Bu qədər sadə, bu qədər aydın və birmənalı! Bu adama hər kəsin belə baxması lazımdır!

Yalnız hakim Mənsur İbayev əsl həqiqətin ortaya çıxarılması üçün istintaqın səhv aparıldığını və əsl günahkarların ört-basdır edildiyini əsas gətirərək, yekunda işin təkmili istintaqa qaytarılması haqda qərar çıxardı. İndi kim Azərbaycan xalqının qəhrəmanı, kim Azərbaycan xalqına xəyanət etmiş tərəfdir? İndi bu adam televiziyalara çıxıb kimlərisə Sumqayıt hadisələrini araşdırmamaqda ittiham edir. Və heç kim də ona niyə o zaman saxta işi müdafiə etməsi haqda sual vermir. Sumqayıt prosesinin mənfi “qəhrəmanı” Sumqayıtla bağlı meydan sulayır, sağa-sola ittiham yağdırır. Bu adamın Azərbaycan xalqına qarşı oyunlarda iştirak etdiyini daha necə sübut etmək lazımdır?

Yəni, doğrudanmı kimin bizə xəyanət etməsinin, kimin xain, kimin qəhrəman olmasının heç bir fərqi yoxdur? Biz millət olaraq bu fərqi qoymasaq, heç kim milləti üçün qəhrəmanlıq etməyəcək. Axı qəhrəmanlıq özünü risqə atmaq deməkdir.

Aslan İsmayılov xəyanətin izini itirir: müxtəlif zaman və şəraitlərdə 3 dəfə “itmiş” prokuror çıxışı

Əgər eyni məzmunlu sənədlər müxtəlif zamanlarda və müxtəlif şəraitlərdə, müxtəlif yerlərdə, 3 mərhələdə yoxa çıxırsa, bu izlərin təmizlənməsi deyil, bəs nədir? Bu təsadüf, yoxsa, qanunauyğunluqdur?

Aslan İsmayılovun bütün anti-Azərbaycan əməllərinin sübutu Sumqayıt hadisələrinin məhkəməsindəki çıxışıdır. O çıxış ki, müəmmalı şəkildə 3 dəfə “itib”. Biz elə bilirdik ki, yalnız bu gün Respublika Prokurorluğunda olan istintaq materiallarının arasında olan stenoqram tam olaraq itibmiş. Bəli, bəli, Aslan İsmayılovu ifşa edəcək bu sənəd bu gün Prokurorluqda olan istintaq materialları arasından yoxa çıxıb. Halbuki, orada bütün başqa çıxışlar kimi prokurorun yekun çıxışının da stenoqramı olmalı idi. Həm də qeyd etmək lazımdır ki, bu materiallar arasından yoxa çıxmış yeganə sənəddir. Amma sən demə, bu, birinci dəfə deyil ki, A.İsmayılovun həmin çıxışı “itirmiş”. Aslan İsmayılov kitabının 108-109-cu səhifələrində yazır ki, “məhkəmə günü çıxışımın 2-ci hissəsi itdi”.

Təsəvvür edirsiniz? Prokuror az qala “əsrin məhkəməsinə” gəlir və neçə aydır ki, hazırlaşdığı çıxışın əsas hissəsini “itirir”. İnanırsınız? Özü də hansı hissə itir? Aslan İsmayılov yazır: “Maraqlısı isə odur ki, çıxışımın məhz Sumqayıt hadisələrinin təşkil olunmasını izah və sübut etdiyim, bununla əlaqədar təkliflər verdiyim hissə yoxa çıxmışdı”. Bu, o “hissə”dir ki, Aslanın “qəhrəmanlığını” sübut etməlidir. Axı o, çıxışında məhz bu hissənin olması iddiasını irəli sürüb, özünü qəhrəman kimi göstərməyə çalışır. Məhz bu hissə isə birinci dəfə məhkəmədə prokurorun çıxışı günü “itir”, ikinci dəfə də indi istintaq materiallarının qovluğundan nəinki çıxışın ikinci hissəsi, bütün çıxış “yoxa çıxır”. Eyni bir sənədin müxtəlif zamanlarda, müxtəlif yerlərdən belə “yoxa çıxması” müəmmalı deyil? Bu, hər yerdən cinayətin izlərinin itirilməsi əməliyyatı deyil, bəs nədir?

Bir başqa sual da budur: yaxşı məhkəmə günü çıxışın ikinci hissəsi itmişdisə, bəs birinci hissə haradadır. Axı birinci hissə Aslanda qalmalıydı. Onu sonradan kim itirib və o hissə niyə Aslanın kitabında yoxdur? Deməli, Aslan İsmayılovun çıxışı əslində iki dəfə yox, 3 dəfə “itib”. Onun kitabda iddia etdiyinə görə, birinci dəfə məhkəmə günü çıxışın ikinci hissəsi “itir”. İkinci dəfə o çıxışın birinci hissəsini kitaba daxil etməyi “unudur”, deməli, bu hissə də artıq “itmiş” sayıla bilər. Nəhayət, çıxışın tam stenoqramı 3-cü dəfə dövlət tərəfindən qorunan istintaq materiallarının içərisindən “yoxa çıxır”. Həm də, təkrar edirəm, bu çıxış istintaq materialları arasında bu qədər təsirə, marağa məruz qalan və nəhayət, yerli-dibli itən yeganə sənəddir.

Həmin çıxış Aslanın xəyanətini də, “qəhrəmanlığ”ını da sübut edə bilən sənəddir. Amma onun Aslanda olan nüsxəsi də, istintaq materiallarında olan bütöv çıxışın stenoqramı da müxtəlif vaxtlarda “itirsə”, deməli, A.İsmayılovun özü bu sənədin hər yerdən itməsində maraqlıdır. Əgər orada Aslanın qəhrəmanlığı sübut olunurdusa, o, mütləq məhkəmədəki çıxışının stenoqramını alıb saxlamaqda, qorumaqda, onu ittiham edən adamların gözünün içinə dürtməkdə maraqlı idi. Necə ki, indi ortada olmayan sənədə istinadən özünü “qəhrəman” elan edir. Görün, həmin çıxışın stenoqramı və bərpa olunmuş variant onda olsaydı, nə olardı. Axı ola bilmzədi ki, A.İsmayılovun 1989-cu ildə məhkəmə günü “itən” çıxışı ilə 2010-cu ildə istintaq materiallarının arasından eyni sənədin itməsini kimsə bir başqa adam təşkil etsin. Hər iki vaxtda – 1989-cu ildə də, 2010-cu ildə də eyni sənədə eyni dərəcədə dəxli olan yeganə adam Aslan İsmayılovdur.

Nəhayət, 1989-cu ildə prokurorun çıxışını oğurlamaq kimin nəyinə lazım ola bilərdi? Axı bununla məhkəmənin nə gedişatını dəyişmək, nə nəticəyə təsir etmək mümkün deyildi. A.İsmayılov yazır ki, guya məhkəmədə iştirak edən DTK işçisindən şübhələnirmiş. Amma, axı DTK çıxışı niyə oğurlasın? Əvvəla, Aslan V.Qalkinin saxtalaşdırdığı, DTK-ya lazım olan istintaq işini məhkəmədə müdafiə edirdi və belə olan halda A.İsmayılov Qorbaçov-DTK-Qalkin cütlüyü ilə eyni sırada səf tutmuş olurdu. İkincisi, DTK-ya lazım olsaydı, A.İsmayılovu çağırıb, ona bircə kəlmə deməsi kifayət idi ki, Aslan onların dediyini etsin. Üçüncüsü, bir daha təkrar edirəm, çıxışın oğurlanması DTK-ya nə verə bilərdi? Bununla məhkəmənin gedişi dəyişəcəkdi? Əlbəttə yox!

A.İsmayılovun daha bir yalan iddiasına görə, guya o, ölüm hökmü və sərt cəzalar haqda qeydlərini DTK-dan gizlədirmiş. Guya DTK Aslana təzyiq edirmiş ki, sərt cəzalar verilməsin. Aslan da ölüm cəzaları tələb etməklə guya DTK ilə kəllə-kəlləyə gəlirmiş. Ağ yalandır? Elementar tənqidə dözmür. Əgər beləydisə, DTK niyə bir neçə ay əvvəl Moskvada keçirilmiş məhkəmədə haqqında ölüm hökmü çıxarılmış Əhməd Əhmədova ən sərt cəza verilməsinə mane olmamışdı? 1988-ci ilin noyabrın 18-də, yəni Sumqayıtdakı məhkəmədən təqribən 6 ay əvvəl Moskvada Əhməd Əhmədova ölüm hökmü verilmişdi. Həm də hökm çox böyük etirazlara baxmayaraq dəyişdirilmədi. 1990-cı il aprelin 6-da həyata keçirildi. Ermənilər bu qələbələrini bayram etdilər.

A.İsmayılovun prokuror kimi ittihamı müdafiə etdiyi Sumqayıt məhkəməsi isə 1989-cu ilin aprelində başlamışdı. Yəni Əhmədova hökm verilən 1988-ci illə hökmün ciddi cəhdlə həyata keçirildiyi 1990-cı ilin arasında baş tutmuşdu. Belə olan surətdə DTK ölüm hökmünün əleyhinə idi və Aslan ölüm hökmləri və sərt cəzalar tələb etməklə DTK-ya qarşı çıxmışdı, iddiası saxtakarlıq deyil, nədir? Əksinə, ölüm və sərt cəzalar erməni mafiyası və Moskvanın tələbi idi. Ona görə ki, Moskvada keçirilmiş əvvəlki məhkəmədə Əhmədova ölüm hökmü çıxarılmasında xalq Moskvanı ittiham edir və rusların anti-Azərbaycan siyasəti kimi qınayırdı. Odur ki, ikinci məhkəmə Sumqayıtda keçirildi və azərbaycanlı Aslan İsmayılov cinayətin izinin itirilməsində və azərbaycanlılara da sərt cəzalar verilməsində iştiraka razılıq verdi və sona qədər buna əməl etdi. Buna Respublika Prokurorluğu və Mənsur İbayev etiraz edirdilər. Aslan DTK-ya və erməni mafiyasına arxalanaraq, onlara rəğmən iki ölüm hökmü və qalanlarına da xeyli sərt cəzalar istədi.

Təbii ki, cəzalar kəsiləndən sonra iş də Qorbaçovun istədiyi kimi bağlanmış olacaqdı. A.İsmayılov hər iki düşmənin istəyini yerinə yetirən mövqe tutdu. Ermənilərin tələb etdiyi kimi sərt cəzalar istədi və Qorbaçovun istəyinə uyğun olaraq iş də bununla qapanmış olacaqdı. Təbii ki, əgər Mənsur İbayev ölüm hökmlərini ləğv edib, işi ibtidai istintaqa qaytarmaq haqda qərar çıxarmasaydı.

Bununla da DTK təhdidi haqda Aslanın yazdığı iddialar boşa çıxdığı üçün deyə bilərik ki, prokurorun çıxışının “itirilməsində” yalnız bir nəfər maraqlı ola bilər: anti-milli fəaliyyətinin izini itirməyə çalışan Aslan İsmayılovun özü… Ona görə ki, məhkəmədəki fəaliyyətinin ermənilərin marağına uyğun, azərbaycanlıların isə marağının əleyhinə olduğunu bilirdi. Bu milli xəyanətin sübutu da məhz onun məhkəmədəki çıxışıdır. Odur ki, çıxış məhz xəyanətin başlıca sübutunun itirilməsi üçün yoxa çıxır. Bəs, istintaq materiallarının içərisindən Aslanın çıxışının stenoqramını necə, yenə DTK oğurladıb? Axı niyə bu DTK, 1989-cu ildə çıxışı Aslanın özündən, daha sonra isə istintaq materiallarının içərisindən oğurlayır? Göründüyü kimi DTK-nın bu işi görmək üçün nə bir səbəbi, nə də marağı vardı. Amma Aslan bu sənədin hər iki yerdən oğurlanmasında maraqlıdır. O, 2010-cu ildə kitab yazmazdan əvvəl bu sənədi “itirdikdən” sonra məhz “itmiş” sənədə istinadən özünü qəhrəman elan edir. Halbuki, həmin sənəddə tam əksinə olaraq, onun anti-milli fəaliyyəti qeyd və sübut olunurdu. 2010-cu ilə qədər Sumqayıt hadisələrində tutduğu anti-milli mövqeyə görə dəfələrlə ittiham olunsa da, heç bir reaksiya verə bilməyən Aslan İsmayılov, nədənsə birdən-birə cəsarətlənib və məhz üç mərhələdə “itmiş sənədə” istinad edərək, kitab yazır və özünü qəhrəman elan edir. Ona görə ki, o, artıq əsas izin, çıxışın stenoqramının materialların arasından “yoxa çıxdığına” əmin idi.

Sual doğuran daha bir məqam. Aslan İsmayılov kitabında iddia edir ki, yazılı çıxışı itdiyinə görə yaddaşına istinad edərək, yekun çıxşını edib. Həm də əlavə edir ki, yekun çıxışı bir gün yarım çəkib. Nə qədər inandırıcıdır? 10-larla adamın mühakiməsi zamanı faktları, maddələri və s. ehtiva edən bir gün yarımlıq, təqribən bir yarım iş günü, yəni təqribən 12 saatlıq çıxışı yazılı nitq olmadan etmək mümkündürmü? Bu, o demək deyilmi ki, A.İsmayılovun çıxışın əsas hissəsinin itməsi haqda yazdıqları yalana daha çox oxşayır? Belə görünür ki, o, çıxışını edərkən yazılı mətn əlində olub, əks təqdirdə bir gün yarımlıq çıxışı yaddaşa əsaslanıb etmək mümkün olmazdı. Deməli, bu məntiq də deyir ki, Aslan İsmayılov çıxışını hər yerdən özü “itirib” və onu ifşa edəcək izləri “təmizləyib”.

Nəhayət, bu hissəyə yekun olaraq aydın görünür ki, eyni bir çıxışın əvvəl ikinci hissəsinin, sonra birinci hissəsinin, sonra isə bütün stenoqramınının 3 mərhələdə və hər üçünün müxtəlif zaman və müxtəlif şəraitlərdə “itməsi”ndə bir qanunayğunluq müşahidə olunur.

Bu qədər təsadüf ola bilməz axı!

O zaman Qalkinə etiraz etməyə cəsarəti çatmamış bu adam Sumqayıt hadisələrinin təəssübkeşi obrazına girib, Azərbaycanın istintaq orqanlarını işi sona çatdırmamaqda ittiham edir. Nə qədər istəməsəm də bunu xatırlatmalıyam. Azərbaycan xalqının belə vəziyyətləri tam əhatə edən bir atalar misalı var: “Oynaş yanından gəlib, ər başı yarmaq”.

Təəccüblənib, qurtara bilmirəm!

Musavat.com










loading...


Fikrinizi bildirin