“UKRAYNANIN RƏSUL QULİYEVİ” PREZİDENTİ ÜSTƏLƏDİ - Komik namizəd isə yenə birincidir

Ukraynada prezident seçkiləri yaxınlaşdıqca, sorğu mərkəzlərinin aktivliyi də artır.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, martın 31-də keçiriləcək seçki öncəsi namizədlərin reytinq sıralamasında dəyişiklik baş verib.

Artıq xeyli müddətdir ki, əksər sorğuların nəticələri birinci yeri Ukraynada kifayət qədər populyar olan şoumen Vladimir Zelenskiyə verir. Ukraynada fəaliyyət göstərən Təhlil və Proqnozlaşdırma İnstitutunun açıqladığı son nəticələrə görə, hazırda seçicilərin 24.7 faizi məhz ona səs verməyə hazırdır. İkinci yerdə gedən sabiq baş nazir Yuliya Timoşenkonu seçicilərin 19.3 faizinin dəstəklədiyi məlum olub. Göründüyü kimi, favoritlər dəyişməz olaraq qalıb, lakin Zelenski ilin əvvəlində ikinci pillədə olsa da, artıq bir aya yaxındır ki, Timoşenkonu üstələyə bilib və aradakı fərqi də getdikcə artırır.

Son rəy sorğusunun əsas sürprizi isə hazırkı prezident Pyotr Poroşenkonun artıq 3-cü yerdən də sıxışdırılıb çıxarılmasıdır. Belə ki, nəticələr 3-cü yerə “Həyat uğrunda - müxalif platforma”-nın rəhbəri Yuri Boykonun yüksəldiyini göstərir. Bu namizədə seşicilərin 13.5 faizinin səs vermək fikrində olduğu bildirilir. Poroşenkonun şansları isə 13.1 faiz olaraq dəyərləndirilir.

Boykonun seçki marafonunda 3-cü yerə çıxması yerli təhlilçilər tərəfindən müxtəlif səbəblərlə izah olunur. Əsas vurğu isə ölkədən qaçan sabiq prezident Viktor Yanukoviçin hakimiyyəti dövrünə olan nostalgiya üzərində dayanır. Məsələ ondadır ki, Ukrayna əhalisinin sosial durumunun o qədər də ürəkaçan olmaması, xalqın “narıncı inqilabdan” və Avropaya inteqrasiyadan gözləntilərinin özünü doğrultmaması insanları hazırkı hakimiyyətdən və onun xəttini tutan digər siyasi qüvvələrdən xeyli narazı salıb.

Bir çoxları Rusiya ilə daha yaxın münasibətlərin tərəfdarı olan siyasi qüvvələrə tərəf yönəlməyə başlayıblar. Belə siyasi qüvvələrin arasında ən nüfuzlusu məhz Y.Boykonun rəhbərlik etdiyi partiya sayılır. Boykonun özünə gəldikdə isə o, daha çox təsərrüfatçı kimi tanınır və uzun müddət Ukraynanın energetika sahəsində olduqca mühüm postlar tutmuş şəxsdir. Bu adam ölkənin ən böyük kimya müəssisələrinin birində adi ustalıqdan başlayaraq, zavod direktoru vəzifəsinə qədər yüksəlib. Onu bir növ “Ukraynanın Rəsul Quliyevi” də adlandırmaq olar. Ancaq Boyko, R.Quliyevdən fərqli olaraq, “Ukraynanın milli qəhrəmanı” statusunu da daşıyır və bu ada hələ 2004-cü ildə məhz ölkənin enerji sektorundakı uzunmüddətli və səmərəli fəaliyyətinə görə layiq görülüb.

Bir müddət ölkənin əsas enerji şirkəti olan “Naftoqaz Ukrayna”ya rəhbərlik edən Boykonu həm də daha çox Viktor Yanukoviçə yaxın kadr kimi təqdim edirlər. Məsələ ondadır ki, məhz Yanukoviçin hakimiyyəti dövründə Y.Boyko ölkənin energetika naziri və hətta baş nazirin müavini kimi postlar tutub, onun “Regionlar” Partiyasından deputat da seçilib. Yanukoviç 2014-cü ilin fevralında devrildikdən sonra o da öz postu ilə vidalaşmalı olub. Lakin Boykonun üstünlüyü ondadır ki, Yanukoviç hakimiyyətinin bir çox təmsilçilərindən fərqli olaraq, ölkədən qaçmayıb. Hətta “narıncı inqilab”dan sonra jurnalistlərin suallarını cavablandıran Boyko heç kimdən qorxmadığını və bütün fəaliyyəti dövründə yalnız dövlətin mənafeyini qoruduğunu bildirmişdi.

Daha bir maraqlı məqam isə sabiq nazirin siyasi arenada öz opponentlərilə mübarizədə özünü olduqca cəsarətli aparmasıdır. Misal üçün, Y.Boyko hələ 2016-cı ildə debatların birində onu “Kremlin agenti” adlandıran milliyətçi partiyanın rəhbəri Oleq Lyaşkonu döymüşdü.

Təhlilçilər hesab edirlər ki, bütün şəxsi keyfiyyətləri və digər üstünlüklərilə yanaşı, Boykonu getdikcə daha çox populyarlaşdıran məhz seçicilərin Yanukoviç hakimiyyətinə münasibətinin qismən də olsa dəyişməyə başlaması və ən əsası da əhalinin Rusiya ilə yaxınlaşmanın tərəfdarı olan kəsiminin məhz ona “stavka” etməsidir. Bununla bərabər, müşahidəçilər sabiq nazirin seçkidə əsas favoritlərdən biri olacağına da şübhə ilə yanaşırlar. Və ümumiyyətlə, bu seçkinin nəticələrinin kifayət qədər gözlənilməz olacağını bildirənlər az deyil. Hətta bütün rəy sorğularına və onların nəticələrinə rəğmən, bu gün 4-cü yerdə olan hazırkı prezident Pyotr Poroşenkonun yenidən seçiləcəyini proqnozlaşdıranlar da kifayət qədər çoxdur.

Cəlal MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar