Ebola epidemiyasında ölü sayı 1427 oldu 

Qərbi Afrikada Ebola epidemiyasından ölənlərin sayı 1427-ə yüksəlib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qərbi Afrikadakı Ebola epidemiyasında ölənlərin sayının 1427-ye yüksəldiyini bildirir.

ANS PRESS-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilir ki, 19-20 avqust tarixləri arasında Liberiya, Qvineya, Sierra Leone və Nigeriyada 142 yeni Ebola hadisəsi aşkar edilib və 77 adam dünyasını dəyişib. Beləliklə, Liberyada 110 yeni hadisə 48 ölüm, Qvineyada 28 yeni hadisə 10 ölüm, Sierra Leoneda 3 yeni hadisə 18 ölüm, Nigeriyada 1 yeni hadisə 1 ölüm qeydə alınıb.

Bununla da 20 avqusta qədər 2615 yeni Ebola hadisəsi aşkar edilib və bunlardan 1427-i xəstəlik səbəbindən dünyasını dəyişib.

ÜST məlumatlarına görə, Ebola epidemiyasında Liberyada 624, Qvineyada 406, Sierra Leoneda 392 və Nigeriyada da 5 adam həyatını itirib. Ebola epidemiyasının yaşandığı Liberiya, Qvineya və Sierra Leoneda təxminən bir milyon adam karantində saxlanılır.

Ebola virusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “bəşər tarixinin ən qəddar virus xəstəliyi” adını alıb. Bu virusun 5 müxtəlif tipləri var və yoluxanların həyatda qalma şansı 25 faizdən 90 faizədək dəyişir. Ebola virusuna qarşı hələ ki, heç bir təsdiq edilmiş peyvənd növü mövcud deyil.

İnfeksiyaya yoluxmanın ilk əlamətləri bədən hərarətinin qəfil yüksəlməsi, əzələ ağrıları, ümumi halsızlıq, başağrısı və boğaz iltihabıdır. Növbəti mərhələdə xəstədə qusma, ishal, bədəndə səpki, böyrək nasazlığı və qara ciyər fəaliyyətində problemlər müşahidə olunur. Bəzi hallarda xəstədə daxili və xarici qanaxmalar baş verə bilər. Hələ ki, bu infeksiyanın qarşısını ala biləcək heç bir müalicə və vaksin yoxdur.

Hazırda bir neçə vaksin üzərində tədqiqat işləri görülsə də hələ ki, heç biri dəqiq müalicə üçün təsdiqini tapmayıb.

“Zmapp” adlı vaksin iki amerikalı xəstə üzərində sınaqdan keçirilib və onların vəziyyətində yaxşılaşma müşahidə olunub. Lakin, həmin vaksin ispaniyalı xəstə üzərində təsirsiz olub və onun həyatını xilas etmək mümkün olmayıb. Bu səbəbdən bu vaksinin effektivliyi dəqiq təsdiqini tapmayıb. Buna baxmayaraq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) eksperimental dərmanların istifadəsinə icazə verib.

Xəstəliyin kritik mərhələsini yaşayan xəstələr intensiv nəzarət altında saxlanılır. Sürətlə maye itirən xəstələrin orqanizminə elektrolit və damardaxili injeksiya yolu ilə maye daxil edilir. ABŞ dərman şirkəti tərəfindən inkişaf etdirilən “Zmapp” vaksinləri artıq qərbi Afrikaya göndərilib. Şirkət bildirib ki, dərmanlardan istifadə pulsuzdur.

Qeyd edək ki, ÜST hər hansı bir müalicə üsulu sübut olunmayan və peyvəndi olmayan Ebola epidemiyasıyla mübarizə üçün fövqəladə vəziyyət elan edib. 4-5 sentyabr tarixində potensial Ebola müalicəsi və peyvəndləri haqqında Cenevrə ÜST mərkəzində məsləhət konfransı keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar