Akif Muradverdiyevin həbs müddəti uzadıldı

Prezidentin sabiq işlər müdiri, qaçaqmalçılıq ittihamı ilə tutulmuş Akif Muradverdiyevin həbs müddəti bir ay da uzadılıb. Vəkil Mətləb Qasımovun “Media forum”a verdiyi məlumata görə, qərarı Səbail Rayon Məhkəməsi çıxarıb: “Müstəntiq vəsatət qaldırdı ki, prokuror onun həbsini bir ay da uzatsın. Vəsatət belə əsaslandırılıb ki, istintaqı tamamlamaq üçün vaxt məhdudiyyəti yaranıb. Halbuki avqust ayında Akif müəllimin həbsi iki ay uzadılandan sonra heç bir istintaq hərəkətləri aparılmayıb”.

Vəkil bildirib ki, oktyabrın 14-də Səbail Rayon Məhkəməsinin bu qərarından apellyasiya şikayəti veriblər.

Mətləb Qasımov əlavə edib ki, Akif Muradverdiyevin səhhəti çox ağırdır: “Biz bir neçə dəfə onun müalicə müəssisəsinə göndərilməsi üçün təcridxana rəhbərliyinə müraciət etmişik. Bildirmişik ki, onun səhhəti kəskin formada pisləşib, həyatı təhlükə altındadır. Təcili olaraq müalicə müəssisəsinə köçürülməsini tələb etmişik. Təəssüf ki, bizim müraciətimizə əhəmiyyət verilməyib”.

Akif Muradverdiyev iyunun 20-də tutulub. Milli Təhlükəsizlik Nazirliyinin rəsmi məlumatına görə, o, Bakının beynəlxalq hava limanından Rusiya Federasiyasına aparmaq məqsədilə qızıl pul sikkələrini Azərbaycan Respublikasının gömrük sərhədindən gizli keçirib. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi Cinayət Məcəlləsinin 206.1 (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlayıb, Akif Muradverdiyev barəsində həbs qətimkan tədbiri seçilib. O, MTN-in təcridxanasında saxlanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar