"Minsk qrupu həmsədrlərinin açıqlaması Ermənistana verilən bir siqnaldır" - XİN

Xarici İşlər Naziriyinin mətbuat katibi Leyla Abdullayeva ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında qarşıdan gələn görüşü barədə bəyanatını şərh edib.

“Report”un məlumatına görə, Leyla Abdullayeva bildirib ki, Azərbaycan danışıqlar prosesinə sadiqdir və substantiv danışıqlara hər zaman hazırdır:

"ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında görüşünə dair təklifləri olub. Qeyd etmək istərdik ki, Azərbaycan danışıqlar prosesinə sadiqdir və substantiv danışıqlara hər zaman hazırdır. Azərbaycan tərəfi münaqişənin nəticəyə yönəlik və intensiv danışıqlar yolu ilə həlli istiqamətində həmsədrlərin səylərini dəstəkləyir. Məlum olduğu kimi, indiyədək Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüş baş tutub.

Minsk qrupu həmsədrlərinin bu açıqlaması Ermənistana verilən bir siqnaldır, biz bunu alqışlayırıq. Prezident İlham Əliyev Minsk qrupu həmsədrlərini qəbul edərkən, ölkəmizin bu səpkidə mövqeyini həmsədrlərin diqqətinə çatdırıb. Münaqişənin həlli üzrə danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Danışıqların formatı dəyişilməz olaraq qalır. Ölkəmizin işğal edimiş ərazilərində yaradılmış qondarma rejimin danışıqlara cəlb edilməsi və formatın dəyişdirilməsi cəhdləri qəbuledilməzdir.

Həmçinin, həmsədrlərin açıqlamasında münaqişənin həlli ilə əlaqədar atılmalı addımlar da qeyd olunur. Burada ilkin addımlardan biri kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafındakı ərazilərin işğaldan azad edilməsi və bu ərazilərdən zor gücünə qovulmuş məcburi köçkünlərin geri qayıtması nəzərdə tutulur".

XİN rəsmisi Dağlıq Qarabağın statusu məsələsinə də münasibət bildirib:

"Dağlıq Qarabağın statusuna gəldikdə isə bu, Azərbaycanın ərazi bütövlüyünə xələl gətirmədən müzakirə mövzusu ola bilər. Azərbaycan bu xüsusda mövqeyini dəfələrlə açıqlayaraq bildirib ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusunu bu bölgənin hər iki icması – azərbaycanlı və erməni icması müəyyən etməlidir. Məlum olduğu kimi, xalqların öz müqəddəratını təyin etmə prinisipi dövlətlərin ərazi bütövlüyü prinsipini pozmamalıdır. Həmsədrlərin bəyanatında da Helsinki Yekun Aktı əsas tutulur. Məhz bu sənəddə qeyd olunur ki, “xalqların öz müqəddəratını təyin etməsinə hər zaman BMT Nizamnaməsinin prinsip və məqsədləri, beynəlxalq hüququn müvafiq normaları, o cümlədən dövlətlərin ərazi bütövlüyünə uyğun olaraq hörmət edilir”.

Münaqişənin həlli üzrə aparılan danışıqlar prosesində maraqlı tərəflərə gəldikdə isə bu tərəflər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarıdır və bu icmalar bərabərhüquqludurlar".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar