Almaniya kəşfiyyatı Azərbaycanın enerji layihələrini izləyib

Almaniyanın kəşfiyyat xidməti Azərbaycan qazının Avropaya nəqlinə yönəlmiş enerji layihələrini izləyib.

Virtualaz.org xəbər verir ki, bu haqda Türkiyə mətbuatı yazır. Bu günlərdə Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) hökumətin təlimatı ilə Türkiyədə intensiv kəşfiyyat fəaliyyətləri həyata keçirdiyi üzə çıxıb və iki ölkə arasında diplomatik gərginlik yaranıb.

BND-nin Türkiyəni rəsmən hədəf seçməsini bu günlərdə alman mediası üzə çıxarıb. Məlum olub ki, 2009-cu ildə Almaniya hökuməti Türkiyəni kəşfiyyatın əsas hədəfi olan ölkələr sırasına daxil edib. Bu təlimat əsasında BND Türkiyənin mühüm dövlət strukturlarını və rəsmi şəxslərini dinləməyə başlayıb. Dinləmə faktının üzə çıxmasından sonra Ankara rəsmi Berlindən izahat tələb edib. Almaniyanın Ankaradakı səfiri XİN-ə çağrılaraq ona nota təqdim olunub.

Türkiyə mediası yazır ki, alman kəşfiyyatının hədəfi həm də Azərbaycanın enerji layihələri və bu sahədə Türkiyə ilə apardığı danışıqlar olub. Söhbət Azərbaycan qazının Avropaya nəqlinə yönəlmiş enerji layihələrindən gedir. Almaniya kəşfiyyatının Türkiyədə dinlədiyi strukturlar arasında Enerji və Təbii Qaynaqlar Nazirliyinin də yer aldığı bildirilir. Türkiyədəki enerji ekspertlərinə görə BND-nin hədəfi TANAP, “Nabucco” layihələri və İraqın şimalındakı kürd administrasiyası ilə Türkiyə arasında gizli enerji sövdələşmələri də olub.

Belə ki, həmin dövrdə Azərbaycan qazının Avropaya nəqli üçün hansı marşrutun seçilməsi məsələsi ətrafında çox gərgin danışıqlar gedirdi. Avropa İttifaqı “Nabucco” kəməri layihəsində maraqlı idi, Türkiyə isə tranzit ölkə olaraq bu danışıqların mərkəzində yer alırdı. Daha sonra Azərbaycanla Türkiyə arasında TANAP kəməri layihəsinə dair sazişin imzalanması vəziyyəti dəyişdirdi, “Şahdəniz” qazının Avropaya nəqli üçün “Nabucco”dan daha ucuz və daha az riskli yeni dəhliz imkanı yarandı. Nəhayət konsorsium “Nabucco” dan imtina edərək TANAP+TAP marşrutunu seçdi.

Ekspertlər deyirlər ki, bütün bu proseslər Almaniya kəşfiyyatını yaxından maraqlandırmaya bilməzdi. Türkiyə mətbuatı yazır ki, həmin dövrdə MİT (Milli İstihbarat Təşkilatı) tərəfindən də enerji layihələri yaxından izlənilirdi. 2009-cu ildə MİT bu layihələrlə bağlı kəşfiyyat və əks-kəşfyyat fəaliyyətlərini gücləndirmək üçün “Enerji Masası” qurub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar