"Ümidlərimizi qıran əfv olmamalıdır" - Əfv sərəncamı bu həftə imzalana bilər 

Novruz bayramı yaxınlaşdıqca veriləcək əfv sərəncamı ətrafında müzakirələr artır, ümidlər çoxalır. Əfv Komissiyası artıq işlərini yekunlaşdırıb. Bu da sərəncamın hansı tarixdə veriləcəyi ilə bağlı müzakirələri durmadan artırır.

Ehtimallar var ki, ya həftə, ya da gələn həftənin ilk günü yəni martın 18-də sərəncam verilsin.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev “Yeni Müsavat”a bildirdi ki, əfv sərəncamının nə zaman verilməsini ölkə prezidenti müəyyən edir: “Kimlərin sərəncamla azadlığa buraxılması da birbaşa ölkə rəhbərinin qərarıdır. Əfv Komissiyası işlərini başa çatdırmaq ərəfəsindədir. Bəzi texniki məsələlər qalıb. Əfv Komissiyası son qərar qəbul etmir, sadəcə, daxil olan müraciətlərə baxıb tövsiyə xarakterli qərarlar qəbul edir və ölkə başçısına təqdim edir. Konkret hansı gün sərəncamın veriləcəyi barədə heç kəs heç nə deyə bilməz. Bundan əvvəlki illərin təcrübəsindən çıxış etsək deyə bilərik ki, mütəmadi olaraq Novruz bayramları ərəfəsi əfv sərəncamları imzalanıb. Yalnız ötən il burada istisnadır. Buna səbəb də Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi olmuşdu.

Bu tarixlə əlaqədar əfv sərəncamına 634 nəfərin adı daxil olmuşdu. Hər kəs arzu edir ki, əfv sərəncamı olsun. Prezidentimiz hər zaman Novruz bayramı ərəfəsində insanları sevindirib. Bu dəfə də sevindirəcək. Onsuz da bu ilin əvvəllərindən başlayaraq, prezident tərəfindən çox müxtəlif xarakterli qərarlar qəbul olunub və indinin özündə də bu qərarlar ard-arda gəlir. Güman edirəm ki, məhkumlarla bağlı da belə qərar verilə bilər. Bu bizim ancaq versiyalardır”.

Hüquq müdafiəçisi Səidə Qocamanlı əfv sərəncamının nə zaman veriləcəyi ilə bağlı dəqiq məlumatı deməyin mümkünsüz olduğunu söylədi: “Bu barədə danışmaq səlahiyyətində deyiləm. Hər halda, onu deyə bilərəm ki, bu həftənin sonlarında və gələn həftənin ilk iki günündə əfv gözləmək olar. Əfv Komissiyası artıq işini bitirib. Siyahılar hazırdır, prezidentə göndəriləcək. İndi hər şey prezidentin səlahiyyətindədir. Çox ümid edirəm ki, əfv sərəncamı imzalananda bizim təqdim etdiyimiz siyahı nəzərə alınacaq. Bu əfv gərək daha da geniş olsun. Ümidlərimizi qıran əfv olmamalıdır. Adətən əfv sərəncamı martın 20-dən 1-2 gün əvvəl verilir. Bir dəfə elə olub ki, sərəncam bayram axşamı imzalanıb. Ona görə də qarşıdakı 9-10 günü daha çox nəzərdə tutmaq lazımdır. Bu günlər bizim üçün ən həyəcanlı günlərdən olacaq. Gözləmək çox dəhşətli bir hissdir. Hər halda, ümid edirəm ki, gözləntilərimiz sonunda ümidlərimizin qırılması ilə nəticələnməyəcək. Əfv sərəncamı bir çox ailələrə sevinc gətirəcək, bir sıra məhbuslar ailələri ilə əziz bayramı qeyd edəcəklər. Əmin olun ki, onlardan daha çox daxili təlatümü biz keçiririk. Biz də maraqlıyıq ki, siyahılar qapansın, ölkəmiz əleyhinə aparılan o çirkli kampaniyalara son qoyulsun. Əfv Komissiyası bu dəfə çoxsaylı müraciətə baxıb. Bizim siyahıya da baxılıb. Nəticənin necə olacağını biz də sizlər kimi gözləyirik”.

635x100

Şərhlər

t.ədalət 2019-03-12 09:13:32

Əliməmməd Nuriyev əfv məsələsini çox hallandırır.Deyəsən,bu əfvin qəmbərqulusu var..

Son yazılar