Millətə haqq tanımayan hakimiyyətə millət hakimiyyət haqqı verməz

Sonu əvvəldən bəlli olan seçki məzhəkəsi başa çatdı. Ağlı başında olan hər kəs bu seçkilərin də total saxtalaşdılacağının fərqində idi. Belə də oldu. Günün birinci yarısında məntəqələrə gələn seçicilərin yetərli olmadığını görən hakimiyyət nümayəndələri böyük təlaş keçirdi və dərhal neçə illərin sınağından çıxan “ehtiyat variantları” işə salındı.

Bu sahədə ən çox işə yarıyan hakimiyyətin ən çox “stavka” etdiyi bir qrup müəllim və həkim oldu. Millətin fiziki və mənəvi sağlamlığı keşiyində durmalı olan bu insanlar milləti mənəvi-psixoloji travma ilə üz-üzə qoydular. Həm də necə həvəslə və necə də vicdansızcasınna.

Bir nəfərin bir neçə adam əvəzinə səs verilməsi, seçki bülletenlərinin topa-topa qutulara sallınması, bir ünvanda yaşayan şəxsin bir neçə məntəqədə səs verməsi uğrunda sanki yarışlar keçirilirdi. Dərs dediyi şagirddən, əlinə göz dikdiyi valideyindən, dərisini soyub parasını aldığı xəstəsindən utanmadan bu saxtakarlıqlar edilirdi.

Həmin gün səs oğrularının bir bazara yığışdığı günü xatırladırdı. Bu işə o qədər həvəslə girşmişdilər ki, görüntü naminə məntəqələrdə yerləşdirilən veb-kameraların onların əməllərini izlədiyi də unudulmuşdu. Bütün saxtakarlıqlar heç nədən çəkinmədən, açıq-aşkar və beynəlxalq müşahidəçilərin gözü qarşısında edilirdi. Onlar on manatlıq maaşla mükafatlandırılıb öz övladlarının gələcəyinə qəbir qazıyan zavallı səs oğruları idi. Onlar hakimiyyət yalnız həmin günün yaramazlıqlarını həyat keçirmək üçün lazım idi və işə yaradılar.

Hakimiyyət tam arxayın idilər ki, merkantil maraqlarını təmin etdikləri beynəlxalq təşkilatlar bu saxtakarlığqlara göz yumacaq və bir ağızdan İ.Əliyevin qələbəsini tanıyacaqlar. Amma görünən odur ki, bir az yanılmışlar. Saxta qələbəyə haqq qazandıranlarla yanaşı, sekilərin total saxtalaşdığıldığını dilə gətirən qurumlar və dövlətlər oldu. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ABŞ Dövlət Departamenti və digər beynəlxalq hüquq müdafiə təşkilatları oldu ki, onların seçki saxtakarlığı ilə bağlı açıqlamaları hakimiyyətin kürkünə birə saldı.

İş o yerə çatdı ki, hakimiyyət sözçüləri ATƏT-in seçki ilə bağlı toplantısında qurmun üzvlərinə qarşı hücuma keçdilər. ABŞ Dövlət Debartamentinin açıqlaması hakimiyyət o dərəcədə narahat etdi ki, Prezident Administrasiyasının rəhbəri adı çəkilən dövlətin rəsmilərini müxalifətə 25 faiz səs verilməsi barədə tələblər irəli sürdüyünü dilə gətirdi və bu faktı hakimiyyətə təzyiq kimi dəyərləndirdi. Bu təpkilər azmış kimi, prosesə müdafiə naziri S.Əbiyev də qoşuldu və ABŞ rəsmilərinin seki ilə bağlı etiraflarının səs yazısını ortaya qoymağa hazır olduğunu bildirdi.

Əcaba, bu yerinə düşməyən çabalar hakimiyyətin çaşqınlığından və siyasi naşılığından xəbər vermirmi? Səs yazmağa, vido çəkilişlər etməyə qalsa ABŞ kəşfiyyatı artıq bunları ən yüksək formada həyata keçirmiş və lazımı instansiyalara ötürmüşdür. Bu cür şantajlar dövlətlər arası münasibətlərdə gərginlik yaratmaqdan və özünü pussquda duran Rusiyanın qucağına atmaqdan başqa bir şey deyil. Onu düşünmək lazımdır ki, 85 faizlə İ.Əliyevin qələbəsini təmin etmək Qərb ölkələrində qəbul edilən norma deyil. Hansı demokratik ölkədə seçkilərdə iqtidar 85, müxalifət birlikdə cəmi 15 faiz səs toplayır?

Bəlkə hesab edirlər ki, hakim komandanın bu dərəcədə yüksək faizlə səs toplaması onun gücündən xəbər verir? Belə isə nə üçün ən qüdrətli dövlət olan ABŞ prezidenti səs vermədə müxalifətdən 3-4 faizlə irəli keçə bilir? Deməli, söhbət demokratik ənənələr sadiqlikdən gedə bilər. Özünə hörmət edən dövlət və ya dövlət başçısı ölkəsində bu qədər fərqlə prezident olmanın arzusunda deyil.

İkinci tərəfdən siyasi intiriqalar, iqtisadi gərginliklər, sosial fəlakət içində yaşayan millət hansı üzlə onu zəlil günə qoyan bir hakimiyyət nümayəndəsinə 85 faiz səs verməlidir? Haqsız-hüquqsuz, ac-yalavac, torpaqları işğal altında, başı polis zopalı, üzünə məmur qapısı bağlı, ağır vergi növlərindən bezar olan, vətənində vətənsizlik acısı yaşayan bir millət ona bu zəlalətləri yaşadanlara 85 faiz səs verməsi heç də inandıcı görünmür.

Millətə haqq tanımayan hakimiyyətə millət hakimiyyət haqqı verməz. Seçkilərin nəticələrinin bir iki hakimiyyət yönlü partiya və iqtisadi maqraqları təmin olunmuş bir neçə dövlət tərəfindən tanınması millət iradəsini ifadə edə bilməz. Azərbaycanda millət irədəsinə söykənən, xalq etimadına layiq bir hakimiyyətə ehtiyac var və bu ehtiyac təmin olunmadıqca heç bir hakimiyyət legitimlik qazana bilməz.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar