“QAN QİSASI ALACAĞIQ...” - Çeçenistan hakimiyyəti “söyüş müxalifətini” ölümlə hədələdi

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, son zamanlar Avropada mühacirətdə yaşayan bəzi çeçenlər Çeçenistan hakimiyyətinə qarşı tənqidlə yanaşı, təhqir kampaniyasını da genişləndiriblər.

Bu dəfə Avropada yaşayan müxalif çeçenlər hazırkı Çeçenistan hakimiyyətinin öndər hesab etdiyi mərhum Ahmat Kadırovu hədəf alıblar. Çeçenistanda məşhur olan və Avropaya qaçan bloqer Tumso Abdurahmanov da bu işdə fəallıq göstərənlərdəndir. Onun Ramzan Kadırovun atası barədə “Youtube”-da paylaşdığı son videomüraciət hakimiyyətin səbr kasasını daşırıb və hakim komandanın nümayəndələri bloqeri açıq-aşkar təhdid etməyə başlayıblar. Həmin müraciətdə Abdurahmanov A.Kadırovu “çeçen xalqını satmış” birisi kimi təqdim və təhqir edib.

Vəziyyət o yerə çatıb ki, Çeçenistan parlamentinin sədri, Rusiyanın “milli qəhrəmanı” Maqomed Daudov şəxsən bloqerə cavab verib. Vidomüraciət yayımlayan spiker açıq formada T.Abdurahmanovu ölümlə hədələyib: “Rəsmi olaraq bildirirəm ki, Hacı Ahmat haqda sözlərinə görə, sənə qarşı qan qisası elən edirəm...”

“BBC”-yə açıqlama verən T.Abdurahmanov ona qarşı təhdidlərin real olduğunu, hətta Çeçenistan hakimiyyətinin onun aradan götürülməsi üçün Avropada “killer” axtardığını da qeyd edib.

Məsələ böyük hay-küyə səbəb olduğundan Rusiya prezidentinin sözçüsü Dmitri Peskov baş verənlərlə bağlı rəsmi Moskvanın mövqeyini açıqlamağa məcbur olub. Peskov dolayısı ilə Çeçenistan parlamentinin spikerinin açıqlamalarını tənqid edib: “Hüquqda “qan qisası” adlı anlayış yoxdur və çətin ki, bunu hüquq müstəvisinə yerləşdirmək olar. Hər necə olsa, biz hüquqi dövlətdə yaşayırıq”.

Onu da qeyd edək ki, T.Abdurahmanov Çeçenistanı 2015-ci ildə tərk edib. Dediyinə görə, buna səbəb Ramzan Kadırovun yaxın qohumları ilə onun arasında yaranmış konfliktdir. Çeçenistan hakimiyyətində isə iddia edirlər ki, Abdurahmanov Suriyadakı terrorçularla əlaqəlidir. Əvəzində bloqer heç vaxt Suriyada olmadığını bildirib. Bloqer Gürcüstan və Polşadan siyasi sığınacaq istəsə də, ona imtina olunduğunu qeyd edib və hazırda Avropa ölkələrindən birində yaşadığını söyləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar