General özü və qohumları üçün şöbə yaradıbmış – “Dərman mafiyası”nın işi

Dərc olunub: 12/03/2019 - 20:03

39752ec535e41f9256340887dafaaeab (1)Dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən şəxslər növbəti dəfə hakim önünə çıxarılıb.Musavat.com xəbər verir ki, onlar xarici ölkə vətəndaşları Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev (barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib), Cəmil Mehtiyev, Əlamət Quliyev, “Zeytun” apteklərdən birinin sahibi Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov (barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib) və Fərman Məmmədlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında məlum olub ki, Mərkəzi Gömrük Hospitalındakı kompüter-proqram sistemində ayrıca “Fikrət Qədiməliyev şöbəsi” olub. Bu da o deməkmiş ki, F.Qədiməliyevin bütün qohumlarına, tanışlarına orada pulsuz xidmət göstərilir.

General F.Qədiməliyev Dövlət Gömrük Komitəsinin Tibb Xidməti İdarəsinin rəisi olub, eyni zamanda, hospitala rəhbərlik edib. Xəstəxanada onun adına olan şöbə barədə isə müavini olmuş Fərman Məmmədli məhkəmədə danışıb. F.Qədiməliyev də onun dediklərini təkzib etməyib.

F.Qədiməliyev, F.Məmmədli, həmçinin hospitalın işçiləri və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin də iki əməkdaşı daxil olmaqla, ümumilikdə 8 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Onlar 188 adda qaimə üzrə 6.5 milyon manatlıq dərmanların ölkəyə gömrük nəzarətindən keçirilmədən gətirilməsi, Səhiyyə Nazirliyində qeydiyyatdan keçirilmədən onların satışı və istifadəsində suçlanır. General və müavininə həm də hospitalda 15 milyon manatlıq mənimsəmə ittihamı verilib.

Hospitalın əczaçısı Sevinc Qurbanova martın 11-də məhkəmədə dindirilərkən deyib ki, xəstəxananın girişindəki aptekdə gün ərzində təxminən 1000 manatlıq mal satılırdı. Bunun cəmi 20-30 manatı rəsmiləşdirilirdi: “Bizə belə göstəriş verilmişdi”.

Məhkəmədə hava limanında işləmiş gömrükçülər dindirilib. Onlardan soruşulub ki, necə olub, 2015-2018-ci illərdə gətirilən mallar yoxlanılmayıb, monitordan keçirilməyib? Amma heç biri bu suallara konkret cavab verməyib. İnspektor deyir ki, ancaq gələn malların qaimələrinə baxırdı, qutulardakı məhsula baxış keçirmək, sənəddə yazılanla qutunun içindəki malın eyni olub-olmadığını yoxlamaq onun işi deyildi, anbarda baxılmalıydı.

Anbardar isə deyir ki, mallar onlara gəlib çatana qədər gömrük inspektorları özləri baxıb, araşdırma aparırdılar. Məlum olmur ki, uşaq bezi adıyla ölkəyə gətirilən dərmanları gömrükdən kimlər buraxıb?

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin şöbə rəisinin müavini işləmiş Azər Mustafayev də məhkəmədə şahid qismində dindirilib. Bu zaman məlum olub ki, o, rəsmən birinci şöbənin rəis müavini olsa da, ikinci şöbənin rəis müavininin işini görüb. Deyir ki, idarənin rəisi, general Sadiq Abdiyev ona belə göstəriş vermişdi. Onun sözlərinə görə, hava limanında sərnişinlər üçün “yaşıl dəhliz” olduğu kimi, gələn malların gömrükdən keçidində də “yaşıl dəhliz” vardı. Yəni bəzi şirkətlərin gətirdiyi mallara baxış keçirilmirdi, yaxud onların işi qısa müddətdə həll olunurdu. Amma o, həmin şirkətlərin adlarını açıqlamayıb.

Məhkəmə martın 14-də davam edəcək.

Xatırladaq ki, Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, 30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub.

Belə ki, görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 Azn təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılıb. Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə A.Məmmədova məxsus Yasamal rayonunda yerləşən “Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülüb. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki “Zeytun”, “Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426”, “Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb.

İlkin istintaqla müəyyən edilib ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan Respublikasının vətəndaşı Anar Məmmədov 2016-cı ildən hazıradək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 %-i dəyərində haqq alıb, dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər.

Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Məmmədli Fərman Həmzə oğlu, Xıdırov Vasif Teymur oğlu, Mehtiyev Cəmil Səlim oğlu, Atanur Ateş Adem oğlu, Məmmədov Anar Kamran oğlu, həmçinin Quliyev Əlamət Nazim oğluna müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər.








loading...


Fikrinizi bildirin