“PUTİNİZM” PUTİNDƏN SONRA DA YAŞAYA BİLƏRMİ? – Baş ideoloq Kremlin yeni planlarını açdı

Dərc olunub: 13/03/2019 - 08:00

surkov (1)Rusiya nəinki seçkilərə müdaxilə edir, həmçinin Qərb siyasətçilərinin düşüncələrinə də təsir göstərir. Bununla nəyə nail olunacağı isə bəlli deyil.

Bu iddia… Kremlin baş ideoloqu Vladislav Surkova aiddir. O bu barədə “Nezavisimaya qazeta”ya yazıb. Surkovun yazdıqları yüksək dairələrdə təqdir edilir – onun məqaləsindən sitatlar Rusiya dövlət televiziyasında fəxrlə təqdim olunub. Surkov “putinizmi” “gələcəyin ideologiyası” kimi qələmə verir, Qərb demokratiyasını isə “illüziya” adlandırır.

Hal-hazırda prezidentin köməkçisi işləyən V.Surkov Rusiya “suveren demokratiyası”nın arxitektoru olmalıdır. Bu demokratiya bizim bildiyimiz demokratiya deyil. Kremlin yüksək vəzifəli məmurlarının fikrinə görə, bu demokratiya Rusiya həqiqətlərinə uyğunlaşdırılmalıdır. Biz bunu “russayağı demokratiya” adlandıraq. Bu ölkədə daima seçkilər keçirilir, lakin onların nəticələri əsasən öncədən müəyyənləşib.

- XALQI TANIYIR…

Vladislav Surkov bəyan edir ki, Vladimir Putinin “böyük siyasi maşını” sürət yığır və o hələ “tam gücüylə” işə düşməyib. Yəni Surkov demək istəyir ki, demokratiyadan fərqli olaraq “putinizm” bir ideologiya kimi daha uzun müddətli yaşaya bilər. Surkov yazır ki, Qərbin demokratik liderlərindən fərqli olaraq, Putin öz xalqını tanıyır.

Onun yazdıqlarından ən heyrətləndirici hissə belədir: “Xariсi ölkələrin siyasətçiləri bütün planet üzrə keçirilən referendum və seçkilərə müdaxiləni Rusiyanın adına yazırlar. Əsl həqiqətdə isə vəziyyət daha ciddidir – Rusiya onların beyinlərinə müdaxilə edir və onlar özlərinin dəyişilmiş şüurları ilə nə edəcəklərini bilmirlər”.

Surkov öz məqaləsində iddia edir ki, Rusiya uğursuz 1990-cı illərdən sonra (yəni Putin hakimiyyətə gələndə) Qərbə qarşı informasiya əks-hücumuna keçdi və Avropa, Amerika ekspertləri öz proqnozlarında tez-tez yanılmağa başladılar.

putin-surkov

Qərb ekspertləri sual verirlər: Surkovun məqaləsi Rusiya siyasi maşını barəsində real təsvir verirmi və ya bu sadəcə olaraq müasir diversiya manevridir? Biz, həmçinin Surkovun hazırkı rolu haqqında az şey bilirik. Bu barədə kremlşünaslar arasında mübahisə var. Biz bilirik ki, Putinin ilk iki prezidentlik müddətində Surkovun böyük təsir imkanları vardı, ancaq indi onun əlində nə qədər hakimiyyət imkanı qaldığını dolğun bilmirik.

- ÖLÜMÜNƏ QORXMAQ…

ABŞ-ın Moskvadakı keçmiş səfiri və Rusiya üzrə tanınmış ekspert Maykl Makfol Surkovun yazdıqlarına son dərəcə ciddi yanaşır. O, öz “twitter” səhifəsində Surkovu dürüstlüyünə görə tərifləyib və bildirib ki, ruslar və qalan dünya bu məqalədən “ölümünə qorxmalıdırlar”.

Maykl Makfol yazır: “Əgər tərcümə düzdürsə, onda dürüstlüyünə görə Surkova sağ ol deyin. Amma ruslar və qalan dünya bu bəyanatdan ölümünə qorxmalıdır” (If this translation is accurate, give Surkov credit for speaking so honestly. But Russians and the rest of the world should be scared to death by this statement).

Vladimir Putinin prezident olmayacağı dövrdə də “putinizmin” yaşayacağı barəsində Surkovun iddiası çox maraqlıdır. Putin 2024-cü ilədək prezident seçilib. Bugünkü konstitusiyaya müvafiq olaraq, bundan sonra o, prezident postunda qala bilməz. Yəqin ki, artıq yaş da öz sözünü deyəcək.

Surkovun “putinizm qalacaq” iddiası, böyük ehtimalla bu ideyanın necə yenilənməsindən asılıdır. Surkovun özü Putinin Ukrayna üzrə müşaviridir, buradan nəticə çıxara bilərik ki, Krımın ilhaqından sonra meydana gələn coşqu sönməyə başlayıb. Bu elə Ukraynanın şərqindəki müharibəyə də aiddir.

- GƏNCLƏRİ İTİRMƏK

Gənclərin Putin rejiminə qarşı getdikcə daha çox neqativ münasibət bəsləməsi Kremldə əsaslı narahatlıq yaradır. Həm də gənclərin əksəriyyəti yaşamaq üşün xaricə getmək barəsində düşünürlər. Gənc insanlar istəyirlər ki, Kremlin planladığının əksinə olaraq onların Qərblə münasibətləri daha yaxşı olsun. Digər tərəfdən isə rəy sorğuları göstərir ki, gənclər beynəlxalq izolyasiyadan qorxurlar.

“Putinizm” vətənpərvərlik, ənənəvi dəyərlər və Rusiyanın fövqəldövlət statusunun dirçəldilməsi şüarlarına söykənir. Həmin ideologiyanın “sağ-sol” şkalasına yerləşdirilməsi lüzumsuzdur. Bu, millətçiliyin kommunizmlə qarışığından ibarətdir və əgər Putinin keçmiş DTK agenti rolunu nəzərə alsaq, onda həm də öncədən gözləniləndir. İqtisadi sferada Putin uzun müddət neft və qazın yüksək qiymətləri üzərində oynadı. Xammalın qiymətinin düşməsi ilə yanaşı Qərb sanksiyaları onu göstərir ki, rusiyalıların əksəriyyəti gələcəyə nikbin baxmırlar.

- YELTSİNƏ OXŞAMIR…

putin

Putin özünün 66 yaşıyla artıq Rusiyadakı kişilərin orta yaş həddini ötüb. Düzdür, burada onun alkoqol içməməsi və aktiv idmanla məşğul olması kimi məziyyətləri böyük əhəmiyyət kəsb edir. Əgər Putinin sağlamlığı qaydasında olarsa, onda o 2024-cü ilədək öz yerində oturacaq və hakimiyyətinin davam etməsini qərara alan “Muqabe oyunu” oynamayacaq. Prezidentlik müddətinin sonunda Vladimir Putin artıq Rusiya siyasətini düz dörddə bir əsr formalaşdırmış şəxs olacaq. Əlbəttə, belə bir vəziyyətdə ideologiyadan danışmaq olar.

Lakin eyni zamanda Rusiya siyasəti o qədər qeyri-müəyyəndir ki, “putinizm” adlandırılan ideyanın Putinin özündən çox yaşaya biləcəyini söyləmək çətindir. Vladimir Putinin özü Boris Yeltsin tərəfindən seçilib, amma o, 90-cı illərin siyasətindən sürətlə imtina edərək Rusiyanı tamamilə başqa yola yönəltdi. (“Verdens Gang”-Norveç)

2014-cü ilin sonlarında neftin qiyməti ucuzlaşandan və rublun devalvasiyaya uğramasından sonra Rusiyadakı iqtisadi vəziyyət getdikcə geriləyir. Buna müvafiq surətdə də əhalinin rifah səviyyəsi aşağı düşür. Müxtəlif təbliğat manipulyasiyalarının və siyasi gedişlərin köməyilə Putinin ictimai populyarlıq reytinqi həmişə yüksək səviyyədə saxlanmağa çalışılıb və buna müəyyən mənada da nail olublar.

Putin öz populyarlıq reytinqinə çox diqqətlə yanaşır. Lakin indi işlər istədikləri kimi yaxşı getmir, əhali televiziyaların boşboğazlığından yorulub. Alternativ resurs kimi, internet müxalifətə geniş imkanlar açır. Ona görə də hakimiyyət yeni üsullara əl atır. Vladislav Surkov Kremldə hazırlanmış və razılaşdırılmış ümumi konsepsiyanı öz adından təqdim edir. Onlar Rusiyada tarix boyunca mütləqiyyətin hökm sürdüyünü irəli çəkərək demək istəyirlər ki, biz elə məhz həmin yolla yürüməliyik. Bu istiqamətdə təbliğat artıq bir neçə ildir ki, gedir. Yəqin məqsəd SSRİ-də olduğu kimi, vahid ideoloji platforma yaratmaqdır, ancaq bunun baş tutacağı inandırıcı görünmür.

Vaqif NƏSİBOV
AzPolitika.info








loading...


Fikrinizi bildirin