Cəmil Həsənli Avropadan Bakıya döndü - FOTO

Avropa Parlamentində Azərbaycandakı saxta seçkiyə müsbət rəy vermiş 7 nəfərlə bağlı xüsusi araşdırma başlanıb

Avropada bir sıra önəmli görüşlər keçirən Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi, professor Cəmil Həsənli dünən Bakıya qayıdıb. Elə hava limanında onunla görüşüb Avropa səfəri barədə məlumat aldıq.

Avropada keçirdiyi görüşlərin əvvəlcədən planlaşdırıldığını deyən Cəmil Həsənlinin sözlərinə görə, əslində, onların bir hissəsi 9 oktyabra qədər baş tutmalıydı. Lakin onun istəyilə seçkidən sonraya təxirə salınıb: "Bu, xüsusilə Avropa Birliyindəki görüşə aiddir. Bu görüş ayın 7-nə nəzərdə tutulmuşdu. Avropa Birliyinin Xarici Siyasət Komissarlığında, Avropa Parlamentinin Xarici Siyasət Komitəsində, eyni zamanda, Avropa Şurasının İnsan Haqları Komissarlığında, Parisdə bir sıra siyasi dairələrlə, mətbuat nümayəndələrilə görüşümüz oldu. Ondan sonra mən Brüsselə getdim. Oktyabrın 15-16-da Brüsseldə görüşlərimiz oldu".

Görüş zamanı Azərbaycandakı seçkilər ətrafında geniş müzakirə aparıldığını deyən Cəmil Həsənlinin sözlərinə görə, xüsusən, onlar Avropa Parlamentinin 7 nəfərdən ibarət müşahidə missiyasının seçkiyə müsbət rəy verməsindən narahat olublar: "Oktyabrın 16-da bu məsələni müzakirəyə çıxardılar. Bir qayda olaraq, Avropa Parlamentinin rəyi həmişə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyilə üst-üstə düşdüyü halda, bu dəfə vəziyyət fərqli oldu. İndi onlar həmin 7 nəfərin necə seçildiyini, hansı yollarla müşahidə missiyasının tərkibinə daxil olduğunu, saxtakarlığı təsdiq olunmuş bir seçkiyə necə demokratik, şəffaf seçki rəyi verdiklərini araşdırırlar. Onlar seçkilərin total şəkildə saxtalaşdırılmasından ciddi şəkildə narahatdılar".

Cəmil Həsənli onu da qeyd edib ki, Avropa Parlamentində keçirdiyi görüşdə Xarici Siyasət Komitəsinin sədri Elmar Brok artıq bu 7 nəfərlik qrupu formalaşdıran departamentin məsul işçisindən məlumat alıb. O, bu olayın necə baş verdiyini araşdırır: "Onlar ətraflı şəkildə bu məsələni müzakirə etməkdə qəti qərarlıdır. Mən bu müzakirələrdən belə başa düşürəm ki, Avropa Parlamentinin rəyini ATƏT-in rəyinə uyğunlaşdıracaqlar. Çünki onların əlində seçki saxtakarlığına dair sübutlar barədə kifayət qədər məlumat var. Ən azı, "AppGate" hadisəsi seçkiyə şəffaf və demokratik don geyindirənlərə nümunə olmalıdır".

Oktyabrın 17-də Avropa Şurasının İnsan haqları üzrə komissarı Nils Mujniekslə görüşən Cəmil Həsənli bildirib ki, onlar Azərbaycanda insan haqlarının vəziyyəti, o cümlədən siyasi məhbus problemi, toplaşma, ifadə azadlıqlarının məhdudlaşdırılması kimi məsələləri müzakirə ediblər: "Eyni zamanda, Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tutduğu mövqe müzakirə mövzusu oldu. Onlar təəssüf etdilər ki, Avropa Şurası belə bir mövqe tutub. Biz onların nəzərinə çatdırdıq ki, Avropa Şurasının müşahidə missiyası, ümumiyyətlə, bir qurum kimi Azərbaycanda gözdən düşüb, ona etimad yoxdur. "Kürü diplomatiyası", ayrı-ayrı parlamentarilərin hərəkətləri, Azərbaycan hökumətini müdafiə etmək üçün xüsusi canfəşanlıq göstərənlərlə bağlı ətraflı söhbətimiz oldu. Onlar özləri də bildirdilər ki, bu məsələlərdən məlumatlıdılar".

Cəmil Həsənli onu da qeyd edib ki, bütün görüşlərdə Azərbaycanda seçkinin saxtalaşdırıldığını təsdiqləyən sübutlar qarşı tərəfin diqqətinə çatdırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar