EMİN HÜSEYNOVUN İSVEÇRƏ SƏFİRLİYİNƏ SIĞINMASININ ŞOK DETALLARI

Hüquq müdafiəçisi onu həbs etmək istəyən əməliyyat qrupunu necə aldadıb?

ABŞ-ın Bakıdakı səfirliyində sığınacaq tapması ilə bağlı yayılan xəbərlərdən sonra Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynovun İsveçrə səfirliyində gizləndiyi haqda da məlumatlar yayıldı. Bu məlumatlarda bildirilirdi ki, gecə saatlarında ABŞ səfirliyinin təşkilatçılığı ilə Emin Hüseynovu İsveçrənin Bakıdakı səfirliyinə aparıblar. E.Hüseynov səfirliyə məxsus qırmızı nömrəli, tünd şüşəli Jeep avtomobilində ABŞ səfirliyindən çıxaraq, İsveçrə səfirliyinə gedib. Bundan başqa, mətbuatda hətta “ARQO” əməliyyatı barədə xəbərlərin yayılmasına da rast gəlindi ki, guya E.Hüseynovu xüsusi əməliyyat keçirərək İsveçrə səfirliyinə yerləşdiriblər.

Lakin hadisənin əslində necə baş verdiyi barədə “Azpolitika”ya özəl məlumat daxil olub. Mənbəmiz bildirir ki, E.Hüseynov həqiqətən İsveçrə səfirliyinə sığınıb, lakin oraya heç də qara şüşəli xüsusi səfirlik avtomobilində deyil, sadəcə piyada daxil olub. Sən demə hüquq müdafiəçisinin məhz bu səfirliyə gələcəyinə dair hüquq-mühafizə orqanlarında müfəssəl məlumat olub. Və onun yaxalanması üçün DİN başda olmaqla, digər güc strukturlarının nümayəndələrinin də daxil olduğu xüsusi əməliyyat qrupu yaradılaraq, səfirliyin ətrafına yerləşdirilib. Lakin E.Hüseynov səfirliyin əsas qapısından mühafizə polisinin gözü qarşısından keçərək asanlıqla səfirliyə daxil olub. Buna isə o, çox sadə şəkildə - xarici görünüşünü dəyişərək müvəffəq olub. Bildirilir ki, saçını saraldaraq, həmçinin geyimini tam avropasayağı dəyişərək səfirliyin qapısına yaxınlaşan E.Hüseynovu onu gözləyən əməliyyatçılar tanıya bilməyiblər. Mühafizə polisinə də xarici dildə bir-iki söz deyən hüquq müdafiəçisi onu aldadaraq əsas qapıdan içəri daxil olub. Əməliyyat qrupunun üzvləri isə onu yalnız mühafizə polisinin yanından keçəndən bir-iki addım sonra tanıyıblar ki, bu zaman da artıq gec olub və onların səylərinə baxmayaraq, E.Hüseynov az qala qaçaraq, səfirliyin binasına girib. Bu da olub bəzi mətbu orqanlarının şişirdiyi “Arqo” əməliyyatı...

O da bildirilir ki, bu bacarıqsızlığa görə əsasən Səbail polisinə aid bir neçə DİN zabiti cəzalandırılıb və onların hüquq-mühafizə orqanındakı gələcək karyerası sual altındadır. Görünür, hüquq-mühafizə orqanlarının E.Hüseynovun harada olması ilə əlaqədar susmasının bir səbəbi də məhz elə bu uğursuz əməliyyatdır.

Azpolitika

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar