HƏM İNHİSARÇIDIR, HƏM DƏ SAHİBİ BİLİNMİR...- Bütün sığorta şirkətlərindən haqq alır

“AzRe Təkrarsığorta”nın kimliyi bilinməyən səhmdarlarının illik mənfəəti 30 milyona yaxınlaşır

Azərbaycanın təkrar sığorta bazarının yeganə sahibi, deməli həm də inhisarçısı olan “AzRe Təkrarsığorta” ASC ötən ilin maliyyə hesabatını açıqlayıb. Hesabatdan belə məlum olur ki, bu şirkət ötən ili 25 milyon 64 min manat xalis mənfəətlə başa vurub. 2017-ci ildə isə şirkət 21 milyon 400 min manata yaxın mənfəət əldə etmişdi.

Hesabatdan o da məlum olur ki, “AzRe Təkrarsığorta”nın investisiya gəlirləri azalıb və 2017-ci ildə 6 milyon 436 min manat olan bu göstərici 2018-ci ildə 4 milyon 785 min manata enib. Ancaq buna baxmayaraq, şirkətin cəmi gəlirləri artıb ki, bu da əsasın təkrarsığorta haqları və sair gəlirlər hesabına mümkün olub. Belə ki, 2017-ci ildə 54 milyon 637 min manat təşkil etmiş cəmi gəlirlər 2018-ci ildə 63 milyon 185 min manatadək, yəni 15 faiz artıb. Şirkətin cəmi aktivləri isə 102 milyon manatı ötüb.

Bütün bunlar Azərbaycanın sığorta bazarı üçün olduqca böyük göstəricilər sayıla bilər. Lakin apardığımız kiçik araşdırma göstərir ki, bütün bunlara şirkət bazarda yeganə təkrar sığorta şirkəti olması hesabına nail olub.

Məlumat üçün qeyd edək ki, təkrar sığorta şirkətlərinin işi risklərin təkrar sığortalanmasından ibatətdir. Və Azərbaycanda da bununla yalnız bir sığorta şirkəti məşğul olur. Bütün sığorta şirkətləri sığortaladıqları riskləri “AzRe Təkrarsığorta” şirkətində təkrar sığorta etdirirlər. Bu o deməkdir ki, sığorta şirkətləri topladıqları sığorta haqqlarının bir hissəsini “AzRe”yə yönəldirlər. Yəni bir növ “AzRe Təkrarsığorta” risklərin təkrar sığortasına görə Azərbaycandakı bütün sığorta şirkətlərindən haqq alır.

Ancaq nədənsə şirkətin inhisarçı mövqedə olması müvafiq qurumları narahat etmir. Hansı ki, elə “AzRe”-nin belə böyük məbləğdə rəsmi qazanc əldə etməsi də məhz bu mövqeyi ilə bağlıdır. Müqayisə üçün qeyd edək ki, bu şirkətin ötən ilki qazancı Azərbaycanda “Paşa Həyat Sığorta” və “Paşa Sığorta”-nı çıxsaq, yerdə qalan digər 18 şirkətin ümumi qazancını üstələyir(!). Bu şirkətlərin böyük qismi hesabatlarında ümumiyyətlə ziyanla işlədiklərini bəyan edir, ya da cüzi qazanc əldə etdiklərini göstərirlər. Ancaq əvəzində “AzRe” sığorta şirkətlərinin ödənişləri hesabına “çiçəklənir”. Yəqin ki, mütəxəssislər bunun sığorta bazarı üçün anormal durum olması ilə razılaşarlar...

Ancaq məsələnin digər maraqlı tərəfləri də var. Məsələn, bu şirkətin saytındakı məlumatlardan belə aydın olur ki, o yalnız Azərbaycandakı sığorta şirkətlərinin təkrar sığortası ilə məşğuldur. Azərbaycandan kənardakı fəaliyyətilə bağlı isə heç nə yoxdur və saytın şirkətin fəaliyyətinə dair bölməsində sadəcə “məqsədimiz yerli və regional sığorta şirkətlərinin əsas təkrarsığorta partnyoru olmaqdır” deyilir.

Daha bir maraqlı və müəmmalı məqam odur ki, digər sığorta şirkətlərindən fərqli olaraq, “AzRe”nin səhmdarları barədə rəsmi məlumat tapmaq mümkün olmur. Görəsən, bu konfedesiallıq nə ilə bağlıdır? Məlum olan sadəcə odur ki, şirkət 6 nəfər səhmdara məxsusdur. Onların kimliyi isə bəlli deyil. Şirkətin nizamnamə kapitalı 2000 adsız səhmdən ibarətdir və 6 naməlum fiziki şəxsə məxsusdur.

Maraqlıdır ki, 2007-ci ildə cəmi 2 000 000 (iki milyon) manat nizamnamə kapitalı ilə fəaliyyətə başlayan bir şirkət necə olub ki, ölkənin vahid inhisarçı təkrar sığorta şirkətinə çevrilib və belə əhəmiyyətli bir şirkətin heç səhmdarları belə cəmiyyətə bəlli deyil?

Görəsən, belə bir anormal durum Azərbaycandan başqa hansısa ölkənin sığorta bazarında mümkündürmü? Ancaq digər tərəfdən ölkənin maliyyə bazarında, biznes mühitində, bank sektorunda son illərdə baş verənləri, milyardlarla dollarların Beynəlxalq Bank vasitəsilə “sovrulmasını” və s. nəzərə alsaq, sığorta bazarında müşahidə olunanlar da sözsüz ki, təbii görünür...

Cəlal

AzPolitika.info

635x100

Şərhlər

Samir şerifov 2019-03-16 08:45:49

Sahibin adin bildiz?

Ramiz Verdiyev 2019-03-16 08:45:49

Bir yazını yazanda əvvəlcə düşünün.Necə sahibi bilinməyə bilər ki, onunla bank əməliyyatı yerinə yetirilir.Bank hesabı,VÖİN.hesab nömrəsi və sairə var.Mətbuat qorxaq olanda,bildiyini gizlədəndə, insanları savadsız özünüü ğıllı sayanda buna nə qiymət verilir?.... Azpolitika: Bilirsiz, adılarını açıqlayın verək.

hellas 2019-03-16 08:45:49

Hörmətli müəllif Sarkozi, Sarkaryan, Dümbülü qul-qul qoymurlar ki, açıqlama yapılsın. "Bala başa bəla" teletamaşasında deyilən kimi: "Belə təxribatçı suallara onlar açıqlamağa yapmağa qoymurlar".

Aldadan Kevakib 2019-03-16 08:45:49

Total neft hasilatina uygun ve hedsiz maliyye-bank qurumlari normal iqdisadi ustqurum evezine olkeni "pul yeyerler" durumuna getirib? Son zelzelenin fesadlarini AzRe Tekrar Sigorta berpa etmirse, demeli hemin qurum pulu ele sehmdarlarin ozel xercleri ve mexarici icin toplayirlarmis? Sehiyyede de eyni munasibet gozlenir. Negd-kocurme ile min manat alan ocaq faktiki 200 manatliq mualice etmir, odenisli tehsil de bezen elave pay-purus ve zeif telebeden rusvet de ozleyir?

Son yazılar