“O, ATƏŞ AÇIRDI, İNSANLAR İSƏ İBADƏTİNİ DAVAM ETDİRİRDİ...”  -  Dəhşətli terror aktının bəzi təfərrüatları

Yeni Zellandiyada müsəlmanlara qarşı törədilən dəhşətli və alçaq terror aktının bəzi təfərrüatları məlum olub. “AzPolitika.info” xarici mətbuata istinadla xəbər verir ki, hadisə şahidləri terrorçuların məscidlərə gözlənilmədən və heç bir şüar səsləndirmədən hücum etdiklərini bildiriblər.

Hədəf olaraq iki məscid seçilib ki, bunlardan biri  “Əl-Nur”, digəri isə Linvud məscidi olub. O da məlum olub ki,  terrorçuların “Əl-Nur” məscidini seçimələri təsadüfi deyilmiş. Belə ki, terrorçulardan biri- 28 yaşlı Brenton Tarrant bu amansız hücumdan əvvəl yayımladığı “manifestdə” həmin məscidin seçilməsini onunla əlaqələndirib ki, “Əl-Nur”un yerində əvvəllər xristian kilsəsi yerləşirmiş. Terrorçu bununla müsəlmanların onların sivilizasiyasını zəbt və məhv etmək istəyinə qarşı çıxdıqlarını bildirib.

Hadisədən sağ qurtulan şahidlərin dediyinə görə, ibadət edən insanlar nə baş verdiyini anlaya bilməyiblər. Fərhan Fariz adlı şahidin bildirdiyinə görə, terrorçu bir neçə dəfə silahını dəyişərək, atəş açmaqda davam edib: “İbadət edən zaman biz ətrafda baş verənlərə əhəmiyyət vermirik. O, atəş açırdı, insanlar isə ibadətlərini davam etdirirdi...”

Bununla yanaşı, terrorçulara müqavimət göstərənlər də olub. Belə ki, Linvud məscidinə hücum edən iki nəfərə məscidə gələnlərdən biri odlu silahdan atəş açaraq, qarşılıq verib. Məhz bundan sonra terrorçular avtomobillərinə minərək, hadisə yerindən qaçıblar.

Sözügedən “manifestdə” isə terrorçu özü haqda yazır ki, “kasıb fəhlə ailəsində doğulmuş 28 yaşlı ağ dərili gəncəm”. 74 səhifəlik cızma-qarasında terrorçu 2011-ci ildə Norveçdə 77 nəfəri qətlə yetirmiş Anders Breyvikin əməlindən “ilham aldığını” da etitaf edib. Törədəcəyi vəhşiliyi isə “müsəlmanları qorxutmaq, onların xristian ölkələrinə mühacirətinin qarşısını önləmək və  “islamçıların” Avropada törətdikləri terror aktlarının qisasını almaq” istəyilə əsaslandırıb.

Terror aktının miqyası isə daha böyük olmalı imiş. Artıq polisin bir neçə avtomobildə partlayıcı qurğular aşkarladığı bəlli olub. Həmçinin, “manifestdə” digər məscidlərin də adları çəkilib. Buna görə də, hökumət ölkədəki məscidlərin müvəqqəti olaraq bağlandığını bildirərək, müsəlmanlardan ibadət yerlərinə toplaşmamağı xahiş edib.

Ölkənin baş naziri Ardern Casinda isə bu hadisəni kəskin şəkildə qınayıb: “Bugünkü hadisədən zərər çəkənlər üçün dua edirik. Kraystçerç şəhəri bu insanların evi olub.Çoxlarımız Yeni Zellandiyada doğulmamışıq, ancaq bu ölkəyə gəlmişik ki, təhlükəsiz yaşayaq və öz dinimizə ibadət edək”.

Onu da qeyd edək ki, terrorçuların silahlarının üzərində müxtəlif dillərdə xristianların islama qarşı mübarizəsini əks etdirən hadisələr, şəxslər və tarixlər yazılıb. Məsələn, erməni dilində 1-ci Dünya Müharibəsi zamanı türklərlə ruslar arasında baş verən “Sarıqamış döyüşü” yazısı əks olunub.

Xatırladaq ki, çoxlu sayda türk əsgərinin həlak olduğu həmin döyüşdə rus ordusu tərəfdə xeyli sayda erməni də döyüşüb.

Gürcü dilində isə çar Davidin və Gürcüstan hökmdarı Tamaranın əri David Soslanın adları yer alıb.

Həmçinin silagının qundağında Miloş Obiliçin də adı göstərilir. O, 1389-cu il iyunun 15-də Kosovo çölündə serblərlə türklər arasında döyüşlər zamanı türk sultanı Muradı xaincəsinə arxadan xəncərlə öldürən serbdir.

Guya bu yolla terrorçu Avropada xristianlığın yayılmasında və möhkəmlənməsində xidmətləri olmuş şəxsləri xatırlatmış olub.

Ancaq onun bu vəhşiliyi təkcə müsəlman aləmində deyil, sivil xristian cəmiyyətləri tərəfindən də lənətlənir. Hətta yaydığı “manifestdə” adını çəkdiyi məşhur “PewDiePie” bloqunun sahibi adının belə bir varlıqla bir yerdə çəkilməsindən ikrah hissi duyduğunu bildirib.

Cəlal

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar