ƏLİ İNSANOVUN MEYDAN OXUMASINA İLK REAKSİYA – “Siyasətlə məşğul olmaq onun hüququdur”

Dərc olunub: 18/03/2019 - 11:14

insanov01

“Əli İnsanov da artıq Azərbaycanın müstəqil vətəndaşıdır. Dövlətimiz hüquqi, demokratik dövlət olduğundan, Konstitusiyamızda qeyd edilən vətəndaş hüquqlarından o da istifadə edə bilər”.

Aydın-Mirzəzadə-0Bunu Prezidentin əfv sərəncamı ilə 14 ildən sonra azadlığa çıxan keçmiş səhiyyə naziri Əli İnsanovun qəzəbli açıqlamasına münasibət bildirərkən hakim Yeni Azərbaycan Partiyasından olan deputat Aydın Mirzəzadə söyləyib. Modern.az saytına açıqlamasında o, vurğulayıb ki, Əli İnsanov da daxil olmaqla hər bir Azərbaycan vətəndaşı qanuna zidd olmayan formada siyasətlə, ictimai fəaliyyətlə məşğul ola, öz mövqeyini bildirə bilər:

“Əli İnsanova əfv sərəncamından irəli gələn çıxarışın verilməsi prosesində mən də iştirak etdim. Onu ötən əsrin 90-cı illərindən tanıyıram. Bununla belə, onun ilk açıqlamaları göstərir ki, Əli İnsanovun müəyyən müddət həbsxanada qalması, cəmiyyətdən təcrid vəziyyətində yaşaması öz təsirini göstərib. Azərbaycanın onun həbs edildiyi dövrdəki Azərbaycan deyil. Bu illər ərzində güclü inkişaf gedib, demokratiya dərinləşib, insan hüquq və azadlıqlarının təmin edilməsində daha böyük işlər görülüb. Azərbaycan bu gün öz inkişlafı ilə dünyanın diqqətini cəlb edən ölkədir. Əhalinin böyük əksəriyyəti prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir. Ortadakı bu reallığı danmaq mümkün deyil.

İndiki məqamda kiminsə fərqli mövqe tutması, hansısa çağırışlar etməsi onun seçimidir. Azərbaycan ilk növbədə bu gün cənab prezidentin apardığı siyasət nəticəsində yüksək inkişafa nail olub. Bundan sonra da ölkəmiz ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirdikcə, ölkə başçısının siyasətini həyata keçirdikcə uğurlar qazanacaq”.

Qeyd edək ki, ölkə başçısının əfv sərəncamı ilə 11 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan keçmiş səhiyyə naziri Əli İnsanov iddialı açıqlamalarla çıxış edib. O, Azərbaycandan çıxıb gedəcəyi barədə deyilənləri təkzib edib, hakimiyyəti sərt ittiham edib və siyasətlə məşğul olacağını vurğulayıb:
“Mən siyasətdən aralanmamışam. Amma hər şey Allahın əlindədir. Hələ məlum deyil müxalifət mənə qoşulacaq, yoxsa mən müxalifətə”.

Ə.İnsanovun həbsxananın qapısı ağzındaca hakimiyyətə meydan oxumasına YAP-dan belə təmkinli reaksiya düşündürücüdür. Eyni zamanda o da diqqəti çəkir ki, bir sutkadan artıq vaxt keçməsinə baxmayaraq, YAP-ın funksionerləri və digər deputatları, məsələn, belə hallarda həmişə ilk dillənən Siyavuş Novruzov Əli İnsanovun sərt meydan oxuması qarşısında hələ ki, susqunluq nümayiş etdirirlər. Hətta belə məlumatlar da var ki, bir çox deputatlar jurnalistlərin mövzu ilə bağlı müraciətlərini cavabsız buraxıblar. Belə görünür ki, hakimiyyət sabiq nazirə münasibətdə necə bir mövqe tutulacağına qərar verməyib, bu səbəbdən “yuxarıdan” təlimat gəlməmiş heç kim danışmaq istəmir.

Fikrimizcə, Əli İnsanovun gözlənilən mətbuat konfransından sonra ortaya mövqe qoyulacaq. Yəni sabiq nazirin bu mətbuat konfransında nə deyəcəyindən çox şey asılıdır.

Rasim ƏLİYEV
AzPolitika.info










loading...


Fikrinizi bildirin