Metro işçiləri yağışdan çıxıb, yağmura düşdülər - NARAZILIQ

Zaur Hüseynov banklara kredit borcu olan sıravi meteropoliten işçilərini çıxılmaz vəziyyətə salıb

Tağı Əhmədovdan sonra Bakı Metropoliteninin rəisi vəzifəsinə təyin olunan Zaur Hüseynovdan metro işçiləri yalnız müsbət dəyişikliklər gözləyirdi. Yeni rəisi tanıyanların da əksəriyyəti onun "kasıbların adamı" olduğunu və bu dəyişikliyin sıravi əməkdaşlar üçün müsbət nəticə verəcəyini iddia edirdilər. Lakin, saytımıza daxil olan son məlumatlar metroda vəziyyətin heç də ürəkaçan olmadığına dair təsəvvür yaradır.

Belə ki, Tağı Əhmədovun dövründəki ilə müqayisədə metro işçilərinin əmək haqlarının hesablanması və ödənməsi sistemində bəzi dəyişikliklər olub ki, bu dəyişikliklər də qətiyyən metro zəhmətkeşlərinin xeyrinə deyil. Birinci dəyişiklik odur ki, metropoliten işçilərinə aylıq əmək haqqının bir hissəsinin avans şəklində ödənməsi qaydası ləğv olunub. Yəni əvvəllər maaşı iki yerə bölünməklə ayda iki dəfə əmək haqqı alan işçilərə artıq bir dəfə ödəniş edilir. Bu da metropoliten işçiləri arasında narazılığa səbəb olur. Ona görə ki, sayı on minə yaxın olan metro işçilərinin böyük əksəriyyətinin banklara kredit borcu var. Və bu kreditlər hələ Tağı Əhmədovun zamanında götürülüb. Çoxları məhz avans alacaqlarına ümid edərək kredit götürüblər ki, hazırda da avansdan məhrum olduqları üçün bankların qarşısında çətin duruma düşüblər. Yəni bank ayın sonunu gözləmir, yalnız maaşın ümidinə qalan və başqa qazanc mənbəyi olmayan metro işçisi isə hansı yolla da olsa krediti ödəməlidir. Bu üzdən çoxları faizə borc götürərək bankın pulunu ödəmək məcburiyyətində qalıb. Bir sözlə, ixtisasca mühasib olan metro rəisi nədənsə işçilərin bu problemini nəzərə almayıb...

Digər mənfi dəyişiklik isə işçilərə hər ilin iyun ayından əlavə olaraq ödənən 20-30%-lik “premiyaların” (mükafatların) ləğv olunmasıdır. Bu da maaşdan asılı olaraq 100-150 manat civarında məbləğ deməkdir. Artıq avqust ayı başa çatmaq üzrə olsa da, işçilərin hər il aldığı həmin "premiyalardan" xəbər yoxdur. Hətta kollektiv arasında belə söhbət gəzir ki, hər il ödənən 13-cü əmək haqqı da ləğv olunacaq. Bu isə onsuz da zəhmətlərinin qarşılığında çox da yüksək əmək haqqı almayan metro işçilərini daha da çətin duruma salır.

Hər necə də olsa, gecə-gündüz əhalinin xidmətində olan metropoliten işçiləri yuxarıda qeyd olunan problemlərinin həll olunacağına ümidlərini itirmir və Tağı Əhmədovun dövrü ilə müqayisədə sosial vəziyyətlərinin yaxşılaşması bir tərəfə, heç olmasa daha da pisləşməyəcəyinə inamlarını itirməməyə çalışırlar. Allah əziyyətlərini itirməsin...

CƏLAL

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar