Ramiz Mehdiyev İlham Əliyevə məktub göndərtdirib

Prezident Administrasiyasının rəhbərinə yaxın Avropaya inteqrasiya kursundan imtinaya çağırdılar

Azərbaycanın bəzi iqtidaryönlü jurnalistləri və incəsənət xadimləri Avropa Birliyinin qarşıdan gələn “Şərq tərəfdaşlığı” sammiti ilə əlaqədar Ilham Əliyevə açıq məktub yazıblar. APA-nın xəbərinə görə, müəlliflər bildiriblər ki, Azərbaycanın bu sammitə dəvət olunması “obyektiv narahatlıq” doğurub.

Məktubda deyilir ki, “Şərq tərəfdaşlığı” proqramının məqsədi AB-nin keçmiş SSRI-nin 6 respublikası ilə müəyyən prioritetlər çərçivəsində inteqrasiyasına yönəlmiş əməkdaşlıqdır, lakin Avropa yalnız onun özünü maraqlandıran aspektlərə üstünlük verməklə “seçici” yanaşma nümayiş etdirir: “Sabitliyin təmin olunması, enerji təhlükəsizliyi və insanlar arasında əlaqələrin inkişafı məsələlərində AB lazımi ardıcıllığı göstərmir və zaman-zaman hətta vacib operativ qərarların qəbulunda tormozlayıcı faktor rolunda çıxış edir. Demokratik inkişaf məsələsində isə avropalı tərəfdaşlar tez-tez yersiz öyüdverici ritorikaya əl atırlar. Qeyd etmək istərdik ki, bu inteqrasiya təşəbbüsünün mərkəzi subyekti olan Azərbaycan olmadan proses unudulmağa məhkumdur, çünki ölkəmizin ”Şərq tərəfdaşlığı"ndan çıxması heç şübhəsiz, domino effektinə səbəb olar, nəticədə Avropanın Avrasiya məkanında təsir sferası ciddi şəkildə daralar".

Yekunda xatırladılıb ki, yaxın keçmişdə Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük üçün ərizə verən Bakı bu beynəlxalq iqtisadi struktur tərəfindən tam dəstək və anlayışla qarşılanıb.

Məktubu “1news.az” informasiya agentliyinin baş redaktoru Rəhman Hacıyev, “New Baku Post” qəzetinin redaktoru Tofiq Abbasov, əməkdar incəsənət xadimi Akif Məlikov və müstəqil jurnalist Həmid Həmidov imza atıblar.

Indiki vaxtda belə bir müraciətin ortaya çıxması bir sıra mülahizələrə səbəb olub. "Azadlıq" qəzeti məlumat verib ki, Ilham Əliyevə məktub yazanlar iqtidara, daha dəqiqi Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevə yaxın şəxslərdir. Onların müstəqil şəkildə Azərbaycanla Avropa Birliyinin münasibətlərinə xələl gətirən belə bir müraciətlə çıxış etməsi inandırıcı görünmür. Böyük ehtimalla “zəhmətkeş məktubu” PA-dan verilən tapşırıq əsasında yazılıb. Bəzi ehtimallara görə bu, Ramiz Mehdiyevin özfəaliyyətidir. Məqsəd Azərbaycan hakimiyyətinin Avropa ilə münasibətlərini gərginləşdirməkdir. Belə situasiyada rusiyapərəst qüvvələrin başında dayanan Ramiz Mehdiyev Ilham Əliyev üçün daha lazımlı fiqura çevrilir. Lakin o da mümkündür ki, bu Ilham Əliyevin razılığı ilə atılmış addımdır və hakimiyyət sadəcə beynəlxalq aləmlə şantaj və hədə tonunda danışmaqla saxta seçkinin nəticələrini qəbul etdirmək istəyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar