ETİMADI UNUTMADIQ: Ədalətli, vəfalı, gözəl bir adam - XATİRƏ

Sevil Nuriyeva İsmayılova,

Etimad İsmayılovun həyat yoldaşı

İkinci görüşdə “Sizə Şuşanı bağışlayacağam” dedi

Etimadla ilk görüş…

1998-ci ildə bir gün jurnalist Rauf Mirqədirov mənə zəng etdi. Mən o zaman ANS-in “Nəzər nöqtəsi” verilişində işləyirdim. Eyni zamanda “İnternyus”un “Güzgü” layihəsini hazırlayırdım. Rauf bəy dedi ki, İlyas İsmayılovun oğlu Etimad səninlə görüşmək istəyir. Səbəbini öyrənmək istədim, dedi ki, bir sənədli film üçün sənin də fikirlərini almaq istəyir. “Tamam” dedim. O zamanlar işlərim çox idi, amma razılıq verdim. Üstündən xeyli vaxt keçdi.

Xatırlayırsınızsa, o zaman mitinqlərin, yürüşlərin bol olan vaxtı idi. Mənim məşğul olduğum jurnalistika sahəsi daha çox bu hadisələrə indeksli fəaliyyət göstərirdi. Təbii olaraq mən də o hadisələrin təqibi ilə məşğul idim. Ona görə də Rauf bəyə vaxt deməyi unutdum. Bir gün yenə “İnternyus”da idim, “Güzgü”nün növbəti çəkilişlərini edirdim. Qapıdan zəng edib dedilər ki, Rauf Mirqədirov və yanında da bir neçə nəfər sizi ziyarət etməyə gəliblər. Onda yadıma düşdü, bir az da utandım ki, adamlar neçə vaxtdır məndən xəbər gözləyirdilər. Amma özümü itirmədim.

Etimadı ilk dəfə o gün gördüm. Qapıdan ilk dəfə içəri girəndə özündən əmin və arxayın bir adamla qarşılaşdım. Yanında 3 nəfər daha vardı. Sonradan bildim ki, bunlar Etimadın yaxın dostları idilər – birinin adı Fəxri idi,Moskvada birlikdə iş görürdülər. Etimad stulu alıb qarşımda oturdu. Sözün açığı, bu sərbəst hərəkəti ilk baxışda mənə çox qəribə gəldi. Amma içəri girəndən diqqətimi çəkmişdi. Vücud dili çox danışan bir adam idi Etimad.Əslində, özünəinamı vardı, ancaq içində də bir məsumiyyət saxlayan bir adam idi. İçində utancaq adam idi Etimad. O utancaqlığını da sərhəd tanımayan davranışı ilə ört-basdır edirdi. Mən bütün bunları daha sonra analiz etdikcə anladım. O tərzi – stulu götürüb düz qarşımda oturması diqqətimi çəkdi. Gülərək, özündən əmin, özündən arxayın şəkildə özünü təqdim elədi. Bir sənədli film çəkdirmək istəyirdi və bu filmin atası ilə bağlı olmasını arzulayırdı. O zaman ona dedim ki, mən sənədli filmlər çəkirəm, amma portret janrında filmlər çəkmirəm. “Yalnız bunu edən və çox məmnun qalacağınız insanlar var, sizi onlara istiqamətləndirə bilərəm” dedim. O zaman indi İsveçdə yaşayan dostumuz, özümə qardaş bildiyim Rahim Sadıqbəyli vardı, onu çağırdım və tanış elədim.

Bunlar danışdılar, qərarlaşdırdılar və Etimad çıxanda maraqlı bir şey dedi. Hər halda mənim dırnaqlarım diqqətini çəkmişdi. Mən heç bir zaman uzun dırnaq saxlamamışam, lak vurmamışam. Belə şeylərdən hər zaman məsafəli olmuşam. Birdən dönüb mənə tərs gələn bir şey dedi: “Sizin dırnağınız niyə qısadır?” Sözün düzü, sualdan çox sıxıldım. Zənn etdim ki, bu, Moskvada oxuyub. Hər halda qızların dırnaqları uzun olmalıdır, bu da bunu xoş görmədimi deyə belə bir şey söylədi? Heç unutmuram, utandım və başladım əlimi əlimin içində ovuşdurmağa. Elə bil müəllim qarşısında imtahan verirdim. Sanki pis bir şey üstündə yaxalanmışam. Dedim, bilirsiniz, yazı yazanda dırnaqlarım mənə mane olur, ona görə də dırnaq saxlamağı çox sevmirəm. O da dedi ki, çox yaxşı edirsiniz, sevmirsiniz, nəyə lazımdır. Azərbaycanlı qızı belə olmalıdır. Analarımız da belədir, belə olublar. İlk tanış olduğumuz gün belə anasına olan bağlılığını və sevgisini gördüm. Mən hər zaman Etimadın anasına olan sevgisinin, hörmətinin şahidi oldum və bu, onu mənim gözlərimdə çox ucaltdı.

İlk tanışlığımız belə oldu. Çıxışda çox qəribə bir şey dedi: “Mənim 29 yaşım var və mən subayam”. Bu sözləri dedi və çox bərkdən gülərək getdi. Xatırlayıram ki, o gedəndən sonra 10 dəqiqəyə qədər yerimdə donub qalmışdım. “Niyə bunu mənə dedi?” “Neçin dedi?” Anlamadım doğrusu. O sözlərin mənasını bir neçə ay sonra anladım. Etimadı özünəməxsus bir şəkildə bax belə tanıdım.

Etimadla 2-ci görüş…

Daha sonra baxmayaraq ki, mən onu lazım olan adamlarla tanış etmişdim, yenə bizim 2-ci və 3-cü dəfə görüşlərimiz oldu – “İnternyus”da. Giriş kimi sənədli filmlə bağlı danışır, sonra isə başqa mövzulara keçirdi. 2-ci görüşdə mənə “Sizin ən böyük xəyalınız nədir” sualını verdi. Mən də ogünkü gün üçün belə bir cavab verdiyimi xatırlayıram: “Mənim çox böyük milli xəyallarım var. Amma bugünkü gün üçün məni ən çox daxildən əzən Şuşanın yoxluğudur. Bu, mənim qürurumu çox əzir”. O söhbət bizim danışığımızın ortasında keçdi. Etimad çıxarkən qapıda dedi ki, mən sizə Şuşanı hədiyyə edəcəyəm. “Bu oğullar Şuşanı bu millətin qeyrətli qızlarına mütləq hədiyyə edəcəklər” dedi. Mən o gün Etimada gerçəkdən heyran olduğumu xatırlayıram.

Etimadla 3-cü görüş…

O dönəm üçün sonuncu görüşümüzdə – 3-cü görüşdə də Etimad yenə ilk 10 dəqiqəni sənədli filmdən danışdı və sonra keçdi mənim və özünün oxuduğu kitablardan danışmağa. İrandakı türklərlə bağlı danışdığını xatırlayıram. Hətta bir az mübahisəmiz də düşdü. “Öncə Qarabağı işğaldan azad etməliyik”, “ətrafı özümüzə düşmən etməməliyik” deyirdi. “Gözəl hədəfləriniz var, amma tutduğunuz istiqamət doğru deyil” deyə bir az məni tənqid etdi. Qalxıb gedəndə “mən qərar verdim ki, biz evlənək” dedi. Çox güldü və mən şok oldum. Bu hadisəni uzun illər xatırladıq və hər zaman təbəssüm bizi bürüdü. Deyirdi ki, o çaşqınlıqla gözlərimin içinə baxmağı heç bir zaman unuda bilmirəm. Çıxarkən Sezarın sözünü dedi: “Gəldim, gördüm, fəth etdim”. Rusca dedi və getdi. Ondan sonra bizim Etimadla telefonla danışmaq dövrümüz başladı…

Onun haqqında keçmiş zamanda danışa bilmirəm…

Etimadın həyatının hər epizodunda özünəinam və Allaha təslimiyyət var. Bu, onun Rusiyada həbsxana həyatı yaşadığı illərdə də belə idi və ondan sonra da belə oldu. Mən tanıdığım gündən etibarən Etimad imanı sağlam insan idi. Bu, Etimadda ən xoşuma gələn cəhətlərdən biri idi. Həbsdən əvvəlki Etimad da çox dəyərli idi mənim üçün, amma həbsdən sonrakı həyatındakı köklü dəyişikliyi – ailə həyatı qurduqdan sonra da hiss etdiyim dəyişiklik mənim üçün çox qiymətli idi.

Maraqlı bir xatirəmi danışmaq istəyirəm. İyulun 15-də, Türkiyədə o qanlı dövlət çevrilişinə cəhd olanda aramızda çox önəmli bir dialoq oldu. Biz təbii ki, bütün bu ölkədə yaşayan və bu ölkənin haqqını verən normal insanlar kimi o gün harada olmalı idiksə, orada idik. Etimad heç tərəddüd etmədi. Biz əl-ələ tutduq və bərabər çıxdıq evdən. O gün evdən çıxanda Etimad mənə “abdəst almağı unutma” dedi və qapıdan qaytardı. Mən abdəstimi aldım. Özü də iki rükət namaz qılmağa keçdi və mənə “namazını qılmadan çıxma” dedi. Bəlkə bunları söyləmək doğru deyil, amma Etimadı anlamaq və anlatmaq üçün bunları söyləyirəm. “Gediş var, dönüş olmaya bilər” deyə etdirdi bütün bunları. Tankların qarşısından keçdik, məni öncə televiziyaya çatdırdı, sonra azərbaycanlı dostları ilə görüşdü. F-16-lar alçaqdan başımızın üstü ilə uçurdu, silahlar qulağımızın dibində partlayırdı.

Bir müddət keçdi. Rəcəb Tayyib Ərdoğanı hava limanında qarşılamaq üçün gəlib məni kanaldan götürdü və qaranlıq dəhlizlərlə xeyli yürüdük. Hərə bir tərəfdə idi, paramparça bir vəziyyət vardı. Bu vəziyyətdə “vatsap qrupları qurun və bir-birinizdən xəbərdar olun” ideyasını verib bizi toparlayan Etimad idi bu çətin vəziyyətdə. Möhtəşəm bir zəkası var Etimadın – onun haqqında keçmiş zamanda danışa bilmirəm, nə qədər ki, bu dünyada yaşayıram, mənimlə birlikdə yaşayacaq.

Şəhid olmaq istəyirdi Etimad

Hava limanında başımıza göydən bombalar yağırdı, atəş altında idik. Ölümü burnumuzun dibində hiss etdiyimiz bir an idi. Heç yadımdan çıxarmıram. Etimad dönüb əminliklə və gülə-gülə dedi: “Kaş adam buradaca şəhid ola. Nə böyük nemət, nə böyük qazanc olar”. Üzünün o ifadəsi gözümün qabağından getmir. Bu haqda çox tez-tez deyirdi. Məsələn, Qarabağ üçün çox şəhid olmaq istəyirdi. Ümumiyyətlə, şəhidlik istəyirdi Etimad. Etimad yaxşı adam idi, çox yaxşı adam idi. Hər şeyə tez əsəbiləşən, partlayan, amma bir neçə dəqiqə keçməmiş sakitləşən və heç kin saxlamayan adam idi Etimad. Mən həyatımda Etimad qədər kin saxlamayan adam görmədim. Ailədir, hər şey olurdu, amma mənə 10 dəqiqə küsməyə imkan vermədi. Hamı ilə elə idi. Qəlbi gözəl bir adam idi Etimad. Sərt görünüşü aldadıcı idi… Uşaq kimi idi. Oğlu İlyas yatarkən onu necə öpüb-qoxladığını görmək yetirdi. İlyasla oynayanda özü uşaqlaşırdı.

Etimad haqqında nağıl

Sevil İlyasa atasını anladır

Sənə anlatmışdım, İlyas, xatırlayırsanmı? Sən öncə ana bətnində idin. Bütün insanlar öncə ana bətnində olur və ora başqa bir dünyadır. İnsanlar bu dünyaya gəlmək üçün oradakı həyatları sona çatmalıdır. Sonra insanlar Allahın izni ilə bu dünyada yaşayırlar. Yaşamalıdırlar, işləməlidirlər, paylaşmalıdırlar, sevməlidirlər və Allahın verdiyi zaman bitdiyində digər dünyaya köçməlidirlər.

Birdən soruşdun ya, İlyas, “atam öldümü” deyə?

Atan öldü, oğlum. O biri dünyada doğulmaq üçün bu dünyada bütün insanlar ölməlidir. Amma biz hələ yaşayacağıq, Allah rizası üçün işlər görəcəyik. Atanın istədiyi, arzuladığı gözəl işlər görəcəksən, sonra bir gün böyüyəcəksən, ailə quracaqsan, uşaqların olacaq, ata, baba olacaqsan və nəhayət, zamanın bitəndə bizim hamımız kimi – bütün insanlar kimi əbədi dünyaya doğulmaq üçün bu dünyadan gedəcəyik – əzizlərimizlə bir yerdə olmaq üçün. Bax, İlyas, mənim də atam yoxdur. Dünyadakı zamanını bitirdi, əbədi aləmdə doğulmaq üçün bu dünyanı tərk etdi. Amma bil ki, atanın getdiyi yer buradan çox yaxşıdır, çünki atan çox yaxşı, gözəl işlər görüb. Sən sadəcə dua et.

Birdən dinləyir, dinləyir, sonra deyirsən ya, İlyas, axı, mən atam üçün darıxacam, darıxıram. Mən də darıxıram. O zaman birlikdə dua edəcəyik və tez-tez o duanı atana göndərəcəksən.

P.S. Bir gün bir də baxdım ki, İlyas öyrətdiyim bir duanı oxuyur. Oxuyur və əllərini göyə açıb “Allahım, bu duanı atama göndərərsənmi?” deyir və əlavə edir “Atama orada çox yaxşı olsun, Allahım”. Çox sevindim. Bunu idrak edir İlyas. Gedir-gəlir atasını soruşur, “darıxıram” deyir, dua oxuyur İlyas. Hər gün olmasa da, günaşırı bunu deyir və mən də onu bu yolla toparlamağa çalışıram. Doğrusu da budur. Əsla yalan danışmaq olmaz. Uşaq yalan danışmamağı ailədən öyrənir. Həm də düşündüm ki, sonra başqa cavab verə bilməyəcəyim üçün bəri başdan doğrunu söyləyim. Və anlatdım.

Müğənni Azərin:

 …Çox sadiq bir vətəndaş idi Etimad

Əvvəla, onu demək istəyirəm ki, Etimad haqqında keçmiş zamanda danışmaq mənim üçün çox çətindir. Hələ də mən onun bu dünyadan köçməsinə alışmamışam. Mən Etimadı bir neçə illər bundan əvvəl çox yaxın rəfiqəm Sevilin həyat yoldaşı olaraq tanıdım. Təbii ki, o zaman da Etimadı özüm üçün kəşf etmiş oldum. Çünki qarşımda çox dürüst, düzgün, namuslu, şərəfli, vicdanlı, ədalətli, vətənsevər və imanı çox güclü bir şəxsiyyət vardı. Sərt, amma o qədər də gülərüz idi. Bəzən incəsənətimizin hal-hazırdakı durumu ilə bağlı aramızda zarafatlar da olurdu və mən onun hər danışığından onu sezirdim ki, Etimad sadəcə öz sahəsində – hüquq, ya da siyasət sahəsində düşünmür, Etimad hərtərəfli düşünür və bunun içində təbii ki, Azərbaycanın bugünkü sənətinin vəziyyəti də var idi. O, hər zaman deyirdi ki, sənət insanlarında sənətlə, istedadla yanaşı, mütləq şəxsiyyət də olmalıdır. Etimad haqqında düşünəndə hər zaman onu hiss edirdim ki, Etimad istər siyasi, istərsə də iqtisadi sahədə çox böyük yerlərdə olmalıdır – mən onu bu cür görürdüm. Çünki Etimad çox böyük bir zəkaya, biliyə malik bir insan idi. Mən onun müxtəlif müsahibələrinə qulaq asmışam, onun nə qədər Vətəninə bağlı olduğunu, Qarabağ məsələsi ilə bağlı danışdıqlarını dinləmişəm. Həqiqətən də çox sadiq bir vətəndaş idi Etimad. Biz bu gün işimizlə, peşəmizlə məşğul ola bilərik, qazancımız da ola bilər, amma bununla yanaşı, Vətənimizi və onun 20 faiz işğal altında olan torpaqlarını, qaçqınını, köçkününü də unutmamalıyıq ki, Etimad belə insanlardan biri idi.

Düşünürəm ki, inşallah, əbədi dünyada Etimadın yeri çox gözəldir, çünki Etimad həm də çox xeyirsevər insan idi. Darda olan, çətin vəziyyətdə yaşayan insanlara əl uzadırdı. İnşallah ki, Allahın sevdiyi qullarından biridir və inşallah ki, Allah ona cənnətində bir məkan ayırar. Mənə çox çətindir, amma düşünürəm ki, onun oğlu İlyas gələcəkdə onunla fəxr edəcək. Atası ona çox yaxşı bir ad qoyub getdi. Bu da bir oğul, eyni zamanda bir ata üçün çox vacib və önəmli bir məsələdir.

Allah rəhmət eləsin!

 

Cavid Abidov

Türkiyədə yaşayan dostu, azərbaycanlı musiqiçi

Nə yaxşı ki, həyatımda varsan

Salam, Etimad. Son zamanlar ürəyim yaman sıxılır. Vaqif Mustafazadəyə qulaq asıram. Kim bilir, bəlkə də bu gün yaşasaydı, mən heç onu dinləməzdim. Bəzi insanlar öz ilahi bacarıqları sayəsində bu dünyadakı missiyalarını tez bitirib arzuladıqları zirvəyə tez yola düşürlər. Biz isə təəssüflə itirdiyimizin həyəcanını yaşayırıq. Yeganə təsəllimiz qəlbimizdə, yaddaşlarımızda qalır. Səninlə tanış olanda mən sənə musiqiçi olduğumu deməmişdim. Çünki hiss elədim ki, sən ətrafında özün kimi işini mükəmməl bilən və dərin düşünən insanlara dəyər verirsən. Mən isə özümü bu normalarda görmədiyim üçün sənə sevdiyim işi söyləmədim. Amma sonradan təsadüfən mənim TRT-də Azərini royalda müşayiət etdiyim zaman izləmisən. Onda mənə zəng edib təəccüblə və bir az da fəxrlə çox yaxşı musiqiçi olduğumu dedin. Bunu səndən eşitmək mənim üçün böyük stimul idi. Çox sağ ol, qardaş. Nə yaxşı ki, həyatımda varsan. İstədim səninlə bir az düşüncələrimi paylaşım. Cavab verməsən də olar. İnşallah, qismət olarsa görüşərik.

 

Mustafa Cankat Aytek

Etimad İsmayılovun dostu və silahdaşı

Allaha və bütün müqəddəslərimizə and olsun ki, Onu əsla və əsla unutmayacağıq

Mən mərhum mücahid Etimad İsmayılovun mənəvi qardaşı, iki dünyada da Dostu, silahdaşıyam.

O acı xəbəri aldığım gün, 19 sentyabr 2018-ci il, əsrlərdir heç cür ibrət almadığımız, tarixin ən qara və acı günü olan Kərbəla faciəsinin ildönümü və mənim doğum günüm idi.

O gün yuxudan oyananda, ömrüm boyu bir daha əsla unuda bilməyəcəyim bu tarixin, acı bir gün olaraq məndə çox dərin bir yara qoyacağını haradan və necə bilə bilərdim ki?

O gün rəhmətliyin sonuncu dəfə səsini eşitdiyim gün idi.

O gün mənə və mənimlə eyni gündə doğulan oğlum Məhəmməd Çinara o mübarək oruclu ağzı ilə dua etdiyi və xeyirli, bərəkətli bir ömür arzuladığı – böyük ehtimalla acıqmışdı ki – “hansı restorana gedək” dediyi gün idi.

Onun gibi mərdanə və cəsarətli bir adamın oruclu ikən onun çörəyini yeyib, çayını içən, amma şərəfsiz bir xain tərəfindən alçaqca öldürüldüyü gün idi o gün.

Bəli, o gün onun orucunu o biri dünyada, Rəsulallahın ziyafət süfrəsində açdığı və tərifedilməz bir rahatlığa qovuşduğu gün idi. Dünya həyatının ona yüklədiyi bütün zəhmətlərdən qurtulub, uzaqlaşıb sonsuz rəhmətə – Rəhimul Rəhmana qovuşduğu gün idi.

Allaha və bütün müqəddəslərimizə and olsun ki; Onu əsla və əsla unutmayacağıq.

Onun əziz xatirəsini və bizlərə buraxdığı o anlamlı dəyərləri nəyin bahasına olursa olsun, israrla və imanla yaşadacağıq.

Çünki Onun kimi şərəfli insanlar bu fani dünyaya çox, amma çox az gəlir. Ömrünü, həyatı boyunca gördüyü haqsızlıqlara qarşı dirənərək, əzab çəkərək, amma mütləq ədalətə olan inancla mübarizə apararaq keçirmiş, yaxşılığın və ədalətin galib gələcəyinə şübhəsiz inanaraq yaşamış, fəqət təəssüf ki, yenə ədalətsizliyin və pisliyin qalib gəlməsi nəticəsində aramızdan ayrılmaq zorunda qalmışdı.

Ədalətli və əsil bir atanın qiymətli övladı olan Etimad özünə yaraşan bir həyat anlayışına sahib idi, gözü halaldan başqa heç bir şeyi görməyən, qəlbi Allah eşqi və ümmət sevgisiylə dolu, Türkiyə və Azərbaycan üçün gözünü qırpmadan can verməyə hazır, malını, canını və bütün varlığını Güclü Türk Milləti, Turan Ülküsü və bir-birinə dayaqlanmış, birləşmiş, qucaqlaşmış, çiyin-çiyinə verərək texnologiya və elmdə bütün dünyanın önünə keçmiş bir ümmət anlayışı və bu məqsəd üçün həsr etmiş Allahın Aslanı Türk millətinin bağrından qopan abidə kimi bir əsgərdi mərhum Etimad.

Onun həyatda tək məqsədi vardı, o da İlahi Kəlimətullaha xidmət etməkdi və onun kimi imanlı bir qəhrəmanın tək qorxusu vardı, o da Allahı əsla gücəndirməməkdi.

Bizlər qardaşları olaraq ondan razıyıq və inanırıq ki, Rəbbimiz də ondan razı və xoşnuddur. Bu müvəqqəti ayrılıq zamanında, bu fani və yalan dünyada, Onunla Rəsulun sancağı altında təkrar qovuşacağım arzusu ilə, o böyük günü həsrətlə gözləyirəm…

Ey can qardaşım, sevgili böyük qardaşım Etimad, Allahın izni və lütfü ilə sənin qanın və davan inşallah, əbədi olacaq və sənin arxanda buraxdığın oğlun və sənin sevənlərin, sənin adını layiqincə yaşadacaq və sənin inandığın ideallarını bir-bir tətbiq edib yaşadacaqlar.

Allah-Təala çıxdığın yolu mübarək eləsin, hesabını asanlaşdırsın və səni Əhli-beytinə qonşu eləsin!

 

Ləvənt Yılmaz

Polis Akademiyasının müəllimi, “Yeni Şəfəq” qəzetinin iqtisadiyyat yazarı, Prezident yanında İqtisadiyyat üzrə müşavirlər qrupunun üzvü

Mən Etimad abimə baxarkən tərtəmiz bir müsəlman gördüm

Rəhmətlik Etimad abimin deyimi ilə qardaşıyam. Bəzi şeylər çətin anladılar, çətin ifadə edilər, onları yaşamaq lazımdır. Bəzi yaşananlar da onu anladan üçün dinləyənə daha çətindir. Belə bir çətinlik içində bu yazını yazıram. Çox qısa müddət tanıdım Etimad abini, kaş ki, daha əvvəldən tanısaydım. O qısa müddət ərzində belə, ondan o qədər çox şey öyrəndim ki… Dünyaya necə baxılacağını, dünyanın necə analiz edilə biləcəyini, necə düzgün və dürüst insan olunacağını, bu ölkə, bu millət, bu ümmət, bu dövlət üçün necə faydalı olunacağını, bunun üçün nələr edilməli olduğunu canlı bir nümunə olaraq rəhmətlik Etimad abimdən gördüm. Tərtəmiz bir insan idi. Dünyaya baxışı, insani münasibətləri düzgün idi. Nə varsa düz üzünə, gözünün içinə söyləyərdi. Arxadan danışmaz, evirməz, çevirməzdi. Dümdüz biri idi. Mən Etimad abimlə uzun-uzun söhbətlər edərdim. Hər Ankaraya gələndə arayardı, oturub danışaq, dərdləşər, yemək yeyərdik. Çox şeylər paylaşardıq bir-birimizlə. O paylaşımlarımızdan vizyonunun nə qədər geniş olduğu görünürdü. Bəzi məsələlərdə məsləhətləşmələr edərdik. Qlobal hadisələrdən danışar, analiz edərdik. Abi-qardaş kimi dərdləşərdik.

Gün gəldi, abi-qardaş söhbətləri dualarla əvəzləndi. Abimlə dərdləşmənin mümkün olmadığı bir dünyaya düşdük. Çətindir, hansı tərəfindən baxsanız çətindir. İnsanın sevdiyini itirməsi, onu sonuncu mənzilə yola salması çox çətindir. Hələ dünya, insanlıq, ümmət üçün ehtiyac duyulan təmiz, dimdik, saf, ağıllı, məlumatlı insanları o dünyaya yola salmaq çətindir. Mən Etimad abimə baxarkən tərtəmiz bir müsəlman gördüm. Namazında-niyazında, haramı-halalı bilən, haqqı, Qurani-Kərimi bilən və ona görə yaşayan tərtəmiz bir insan gördüm.

Çiyinlərimizə önəmli bir yük qoyub getdi. Bu ölkə üçün, bu millət üçün, bu ümmət üçün önəmli təşəbbüsləri vardı. Onları bizə qoyub getdi. Bizə də düşən onun kimi yaşayaraq, onun kimi təmiz qalaraq, onun kimi inanaraq davam etdirmək. Asan deyil, asan da olmayacaq. Anlatmaq istədiyim şey odur ki, bu dünyadan tərtəmiz, imanlı, saf, ağıllı, hissləri ilə güclü bir Etimad abi – Etimad İsmayılov keçdi.

Amma bu dünyadan köçüb getməsi, onun arxasınca qoyduğu düşüncələri, fikirləri, dünyagörüşünü də alıb götürmədi. Onlar burada qaldı. Mən əminəm ki, onun dünyagörüşü, onun inancı, duyğuları, imanı nəticəsində ortaya qoyduğu vizyonu, xəyalları bir gün həyata keçəcək, həqiqət olacaq. Bəzi şeylərdən bəhs etmək istəmirəm. Onun xəyalları bir gün gerçək olacaq. Biz görə bilməsək də, bizə əmanət qoyub getdiyi İlyas görəcək, buna əminəm.

Təbii ki, bu cür yazılar yazmaq, bu haqda danışmaq çox çətindir. Amma nəticə etibarilə Allahın sevgili bir qulunu tanımaqdan dolayı Allaha minlərlə dəfə şükür edirəm. Onunla oturduğumuz, danışdığımız hər saniyənin qiymətini indi bir daha anlayıram. Kaş ki, bir telefonla danışa biləydik, kaş ki, yenə Ankaraya gələydi. Amma artıq dualarımızla biz onu Allaha əmanət etdik. Dərdləşmələrimizdə mənə hər zaman bunu deyərdi: “Sabah nə olacaq, onu bir Allah bilir, biz bu günə baxaq!” O qədər imanlı idi. İndi də Allahına qovuşdu.

Mən ondan razı oldum, Allah da ondan razı olsun! Məkanı cənnət olsun!

 

Bülənt İldırım

İHH – insan hüquqları və azadlıqları dərnəyinin başqanı, “Mavi Mərmərə” gəmisini Qəzzaya aparan adam. Bu təşkilat Misirin keçmiş prezidenti Məhəmməd Mursinin müdafiəsini təşkil etmişdi. Etimad İsmayılov İHH-nın başlatdığı “Mursiyə azadlıq!” kampaniyasına keçmiş SSRİ məkanından könüllü qoşulan yeganə vəkil idi

“Mən onu ədalətli, vəfalı, sevgi dolu, mərhəmətli, lazım gələndə dəliqanlı gördüm”

Etimaddan necə bəhs edə bilərəm deyə düşündüm. Əvvəla onu deyim ki, çox inanılmış adam idi. Verdiyi sözün üstündə duran, insanlara hörmət edən, cəsur, hər zaman müsəlmanların problemləri haqqında düşünən, hansı məzhəbdən olur-olsun zalımın qarşısında dayanan bir insan idi. Məzhəb ayırımı etməzdi. Sünni, şiə, ya da sələfi, sufi təriqətlərinə də fikir verməzdi. Kimin yardıma ehtiyacı varsa, hansı müsəlmanın başı bəlada isə, kim haqsızlığa məruz qalmışsa, onun yanında idi. Çünki o bilirdi ki, Allah zalımların qarşısında dayanmağı, məzlumların yanında olmağı əmr edir. Hansısa futbol komandasına azarkeşlik edər kimi haqlı-haqsız fərqi qoymadan öz məzhəbini, öz dinini dəstəkləməyi əmr etmir Allah. Mən onu ədalətli, vəfalı, sevgi dolu, mərhəmətli, lazım gələndə dəliqanlı gördüm. Böyük itkidir. Hamımızı kədərə boğdu. Həqiqətən də ümmət üçün böyük layihələri olan və ümmətin qurtuluşu üçün düşünən, bunun üçün yaşayan bir adam idi. Allah önu sevənlərə, həyat yoldaşına, yaxınlarına səbir versin!

Allah rəhmət eləsin!

 

Şahvələd Çobanoğlu

Qəribə tanışlığımız

(Etmad İsmayılovun xatirəsinə)

İlyas müəllimə doğru-dürüst başsağlığı verə bilmədim. Bilmədim nə deyim. Bir neçə söz dilimdə qayıtdı.

…Etimad bəyi baş prokuror oğlu olub, özünü baş prokuror oğlu kimi aparmayan bir adam kimi tanımışam. Müstəntiq oğlunun da atasının rütbəsindən aldığı dəyişməz havaya girdiyi bir ölkədə onun bu xarakteri diqqət çəkməyə bilməzdi.

Atasını çox sevən, onunla qürur duyan, lakin özünə güvənməyi bacaran, özü olmağı bacaran biri idi.

Xarakterli bir adam idi.

***

Qəribə tanışlığımz vardı.

İllər öncəydi, mənə zəng etdi, görüşmək istədiyini dedi.

Qəzet redaktoru idim o zaman. Amma gəlib qəzetlə bağlı heç nə danışmadı, heç nə xahiş etmədi, heç nəyə etiraz bildirmədi.

Mənə də bir qələm bağışladı. “Rusiyadan gəlmişəm, bunu orada sizə aldım, xahiş edirəm, qəbul edin” – dedi. Çay içib söhbət etdik. Sağollaşıb getdi.

Həyatdan ayrıldığını eşidəndən bir gün sonra axtarıb o qələmi tapdım.

“Qələmin qiymətini o da bilirdi” dedim özüm-özümə.

Acı duyğularla, amma çox xoş xatirəylə andım onu.

635x100

Şərhlər

sevda agakiwiyeva 2019-03-19 12:28:49

anam ve me sizi cox sevirik Sevil xanim-anam size gozleri gulen qiz deyir,men sizin sevginizi =aile heyati qurmaginiza cox sevinmiwwdim filme benzetmiwdim qeyri-adi...cox pis oldum bu xebere,Allax xeyat yoldawiniza rehmet elesin,bir balanizi min budaq elesin -hemiwe qelbimizdesiniz

RUSLAN 2019-03-19 12:28:49

ALLAH RƏHMƏTELƏSİN.Mövlanə deyib ki- Hamı ölür amma kimi torpağa kimi də ürəklərdə dəfn olunur.

FIRUDIN. 2019-03-19 12:28:49

Bu yazini oxuduqda, sanki seni yanimda duydum,yazi sona catanda birden yoxa cixdin hec bilmedim hara getdin bir qeder duwundukden sonra Allahin dergahinda olduqunu derk etdim, Allah seni qeni-qeni rehmet elesin qebrin nurla dolsun yerin behiwt olsun olmez insan.

Köhnə azərbaycanlı 2019-03-19 12:28:49

ALLAHdan rəhmət diləyirəm. Sevil xanıma və hörmətli İlyas müəllimə səbr diləyirəm. ALLAH balaca İlyası saxlasın.

Firudin 2019-03-19 12:28:49

ALLAH YAXINLARINA SƏBR VERSİN

Adil 2019-03-19 12:28:49

ALLAH RƏHMƏT ELƏSİN

Rəsulbəyli Cavanşir 2019-03-19 12:28:49

Hörmətli Sevil xanım.Allah sizə səbr versin.İnanın Etimad İsmayılov kimi Azərbaycan türkünün faciəvi şəkildə nadan birisi tərəfindən qətl edilməsi bütün Azərbaycan xalqını üzməkdədir.Xalqımızın qeyrətli ,namuslu övladlarını itirməyimiz tək sizin yox hamımızın kədəridir.Bir daha başınız sağ olsun.

CAHANŞİR 2019-03-19 12:28:49

ALLAH REHMET ELESİN. EZİZLERİNE sebr dileyirik. Biz ETİMAD İSMAYILOVU daim xatırlayırıq. Atalar.sözü: ... gözel xasiyyetden 40 ile doymaq olmaz.

İ.Mustafaoğlu 2019-03-19 12:28:49

Etimad İsmayılovu Allah rəhmət eləsin,yeri cənnnəti məkan olsun və əzizlərinə Allahdan səbr diləyirəm, qatilə isə Allah bəlasını versin deyirəm.

Son yazılar