NURSULTAN NAZARBAYEV İSTEFA VERDİ! - Qazaxıstan prezidentindən ŞOK addım

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bu gün sensasiyalı bir addım atıb - vəzifəsindən istefa verib.

“AzPolitika.info”nun məlumatına görə, televiziya ilə xalqa xitab edən Prezident heç bir səbəb açıqlamadan, sadəcə 30 ildir ölkəni idarə etdiyini xatırladaraq, xalqa ona göstərdiyi etimada görə minnətdarlığını bildirib.

“Prezident səlahiyyətlərimi dayandırmaq qərarına gəldim. Bu il ən yüksək vəzifəni tutmağımın 30 ili tamam olur. Xalq mənə müstəqil Qazaxıstanın ilk Prezidenti olmağa imkan verdi", - N.Nazarbayev deyib.

O, Prezident postundan getsə də, Təhlükəsizlik Şurasının rəhbəri və hakim partiyanın sədri vəzifələrində qalacağını bildirib. 

Nazarbayev nailiyyətlərindən biri kimi Qazaxıstan Respublikası adlı müasir demokratik dövlətin yaradılmasını vurğulayıb. Onun səlahiyyətlərini müvəqqəti olaraq, parlament sədri Kasım-Jomar Tokayev həyata keçirəcək.

Qeyd edək ki, fevral ayında Qazaxıstan Konstitusiya Şurası dövlət başçısı Nursultan Nazarbayevin müraciətinə cavab olaraq ölkənin əsas qanununun respublika Prezidentinə səlahiyyətlərini vaxtından əvvəl təhvil verməyə icazə verdiyini bildirib.

Maraqlıdır ki, təxminən 1 ay bundan öncə 78 yaşlı prezident ölkənin Nazirlər Kabinetini istefaya göndərmişdi. Nazarbayev bu qərarını hökumətin ölkənin iqtisadi inkişafı ilə bağlı qoyulan hədəfləri yerinə yetirə bilməməsi ilə izah etmişdi. Baş nazir səlahiyyətlərinin yerinə yetirilməsi isə paytaxt Astananın sabiq rəhbəri və baş nazirin birinci müavini Askar Maminə tapşırılmışdı.

Onu da qeyd edək ki, gələn il Qazaxıstanda növbəti prezident seçkiləri keçirilməli idi və Nazarbayevin bu seçkidə iştirak etməyəcəyi gözlənilirdi. Bu üzdən xeyli müddətdir ki, Nazarbayevin varisinin kim olacağı geniş müzakirə olunurdu. Çoxları prezidentin öz qızı Dariqa Nazarbayevanı varis gördüyünü iddia edirdilər. Hətta ABŞ-ın və digər Qərb ölkələrinin də bu namizədə isti münasibət göstərdiyi bildirilirdi. Rusiyanın isə parlament sədri Kasım-Jomar Tokayevin namizədliyinə üstünlük verdiyi qeyd olunur.

Ancaq hər halda, yaxın müddətdə bu xəzəryanı ölkədə əslində nə baş verdiyi və Nazarbayevin varisinin kim olacağı aydınlaşacaq.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Bashirov Qarib 2019-03-19 17:15:57

Xəbəri elə təqdim edirsiniz ki,guya şok xəbərdi.Adam 30 ildir ugurla idarə edir, MDB-nin ən qudrətli yarım demokratik dövlətini qurub,əhalisinin xöşbəxt rifahına nail olub və normal insanlar kimi qalan ömrunu də xalqının duası ilə bitirmək istəyir.

EJDER 2019-03-19 17:15:57

BRAVO,MOLODES.SAQ ELININ KQBEWNIK PUTININ BAWINA.

Son yazılar