Rusiya statistikası da Azərbaycandakı “qardaşının” yolu ilə gedir – “Rosstat”ın yalanları ifşa olunub

Dərc olunub: 19/03/2019 - 19:04

росAzərbaycandan fərqli olaraq, Rusiyanın statistika idarəsi ayrıca komitə statusunda deyil və sadəcə, İqtisadi İnkişaf Nazirliyi nəzdində “Rosstat” adlı agentlik kimi fəaliyyət göstərir. Elə iki ölkənin statistika idarələrinin arasındakı yeganə fərq də yəqin ki, bundan ibarətdir. Bu idarələrin iş prinsipləri, keyfiyyəti və dəqiqliyi baxımından isə hər hansı fərqin mövcudluğunu söyləmək olduqca çətindir…

“Azpolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, bu günlərdə “Rosstat”ın böyük yalanlarından biri ifşa olunub. Məlum olub ki, agentliyin Rusiyada sənayenin inkişaf tempilə bağlı yayımladığı rəqəmlər şişirdilib və həqiqətdən uzaqdır. Agentliyin məlumatına görə, guya ölkədə sənaye istehsalı artımı yanvarda 1 faiz təşkil etdiyi halda, fevralda 4.1 faizə çatıb. Lakin nəinki müstəqil, heç hakimiyyətə yaxın iqtisadçılar da idarənin bu açıqlamasına inanmırlar.
İş o yerə çatıb ki, kifayət qədər nüfuzlu Rusiya Ali İqtisadiyyat Məktəbi bu məsələ ilə bağlı müstəqil araşdırma aparmalı olub. Araşdırma nəticəsində bəlli olub ki, fevral ayında Rusiyanın sənaye istehsalında nəinki 4.1 faiz, heç ümumiyyətlə artım olmayıb. Sadəcə, 2019-cu ilin fevralında 2018-ci ilin fevral ayı ilə müqayisədə bir təqvim günü çoxdur. “Rosstat” da bu fərqdən istifadə edərək, artım tempini ötən ilin fevralı ilə müqayisədə bacardığı qədər şişirdib. Əslində isə iqtisadçıların hesablamalarına görə, sənaye istehsalı tempi ilin əvvəlindən artmamış, hətta azalmışdır.

Ümumiyyətlə, Rusiya statistika idarəsi Azərbaycandakı “qardaşı” kimi tez-tez qeyri-dəqiq və hökumətin xeyrinə şişirdilmiş, yalançı məlumatlar yaydığına görə qınaq hədəfinə çevrilir. Biraz əvvəl “Rosstat”ın daha bir müəmmalı və gülüş obyektinə çevrilən hesabatı Rusiyada tikinti sektorunun inkişafı ilə bağlı olmuşdu. İdarə 2018-ci ilin yekunlarına görə bu sektorda guya 5.3 faiz artım əldə olunması barədə hesabat yaymışdı. Hansı ki, hələ ötən ilin noyabrında idarənin özünün açıqlamalarına görə, bu göstərici cəmi 0.5 faiz idi. Buna görə də, 1 ayda 10 dəfədən artıq böyüməyə nail olunmasına dair raport verilməsi iqtisadçılar tərəfindən ironiya ilə qarşılanmışdı.

Ancaq Rusiya statistikasının bizim Statistika Komitəsindən bir fərqi də ondadır ki, “Rosstat”ın yalanlarını təkcə müstəqil ekspertlər deyil, hətta bəzi cəsarətli hökumət üzvləri də açıq şəkildə pisləyirlər. Məsələn, Rusiyanın maliyyə naziri Anton Siluanov “Rosstat”ın hesablama metodologiyasını tənqid edərək, onun keyfiyyətinin “dəhşətli”, hesablama metodlarını isə qeyri-şəffaf adlandırıb.

Onu da xatırladaq ki, Rusiyada statistika idarəsinə uzun illər Aleksandr Surinov rəhbərlik edib. Surinov ötən ilin sonunda istefa verdikdən sonra bu vəzifəyə Pavel Malkov təyin olunub ki, onun da “uğurları” artıq göz önündədir. Azərbaycanda isə bu vəzifəni, komitəyə 20 ildən artıq müddətdə rəhbərlik etmiş Arif Vəliyevin vəfatından sonra Tahir Budaqov icra edir.

Cəlal
AzPolitika.info








loading...


Fikrinizi bildirin