Azərbaycanda qəbirdən xəzinə çıxdı - Foto

Antik qəbirlərdə xeyli sayda bəzək əşyaları və muncuq düzümləri var

Azərbaycan-Koreya Beynəlxalq Arxeoloji Ekspedisiyası layihəsi əsasında qədim Qəbələdə geniş miqyaslı arxeoloji tədqiqatlar, bərpa-konservasiya işləri aparılmaqdadır.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələrə şöbəsindən verilən məlumata görə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərlik etdiyi arxeoloji ekspedisiyanın apardığı tədqiqatların maraq doğuran nəticələrindən biri Soltan Nuxa kəndi ərazisində 1800-1900 il yaşı olan antik qəbirlərin aşkarlanmasıdır. İlkin kəşfiyyat işləri zamanı 7 antik qəbir aşkar edilib.

Antik qəbirlər zənginliyinə və xüsusi dəfn adətlərinə görə seçilirlər. Belə ki, tədqiq edilən qəbirlərin birində bükülü vəziyyətdə qoyulmuş skeletin ətrafına 40 ədəd saxsı qablar düzülüb. Qablarla yanaşı qəbirə dörd ədəd bütöv qoç da qoyulub. Skeletin yanında nizə, bıçaq, oraq, üzərində xeyli sayda bəzək əşyaları və muncuq düzümləri var. Qeyd olunan qəbirdə ikinci insan skeletinə də təsadüf olunub. Ehtimal ki, bu varlı təbəqəyə aid olan mərhumun xidmətçisi olub.

Bununla yanışı qeyd olunan antik qəbiristanlıqda digər zəngin qəbirlərə də təsadüf olunub. Bir qəbirdə üzbəüz dəfn olunmuş iki skelet, həmçinin, digər qəbirdə küpün içərisində dəfn olunmuş iki insan skeleti xüsusi marağa səbəb olmuş dəfn ənənəsini nümayiş etdirib. Antik qəbiristanlıqda arxeoloji tədqiqatların davam etdirilməsi ilə paralel olaraq, aşkar edilmiş qəbirlərin olduğu kimi rekonstruktiv modellərinin Qəbələ Dövlət Tarix – Bədii Qoruğunun muzeyində nümayişi də nəzərdə tutulub.

Layihə çərçivəsində Azərbaycan-Koreya arxeoloji ekspedisiyası Səlbir yaşayış yerində, həmçinin, ekspedisiyanın Cənubi Koreyalı mütəxəssisləri tərəfindən Dızaxlı kəndi ərazisində 4500-5000 il yaşı olan kurqanın arxeoloji tədqiqi də davam etdirilməkdədir.

Qeyd edək ki, Qəbələ ərazisində geniş miqyaslı arxeoloji tədqiqatlar SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar