Finlandiya dünyanın ən xoşbəxt ölkəsidir – Hesabat

Dərc olunub: 20/03/2019 - 23:29

finlandiyaBMT-nin illik dünya xoşbəxtlik hesabatında (World Happiness Report) Finlandiya planetimizin ən xoşbəxt ölkəsi adlandırılıb.

AZƏRTAC Finlandiya KİV-nə istinadla xəbər verir ki, sabit inkişafın həlli yollarının axtarılması üzrə hazırlanan hesabatda altı meyar – adambaşına düşən milli gəlir, uzunömürlülük, sosial dəstək, vətəndaşların həyati əhəmiyyət daşıyan problemləri müstəqil həll etməsi, korrupsiyaya münasibət və səxavətlilik əsas götürülür.

Hesabatın müəllifləri hər il 156 ölkədə bu meyarları təhlil edir və onları on ballıq cədvəl üzrə qiymətləndirərək, hər bir ölkənin ayrıca xoşbəxtlik göstəricilərini müəyyən edirlər.

Beləliklə, bu il 7,63 bal toplayan Finlandiya dünyanın ən xoşbəxt ölkəsi adlandırılıb. İkinci və üçüncü yerlərdə Norveç (7,59 bal) və Danimarka (7,55 bal) qərarlaşıblar. Xoşbəxt ölkələrin ilk onluğuna İslandiya, İsveçrə, Niderland, Kanada, Yeni Zelandiya, İsveç və Avstraliya da daxildirlər.

Qeyd edək ki, 5,2 bal toplayan Azərbaycan reytinq cədvəlində 87-ci yeri tutub. Bununla da ölkəmiz Cənubi Qafqaz regionunda öz qonşularını – 128-ci yerdə olan Gürcüstanı və 129-cu pilləni tutan Ermənistanı qabaqlayıb.








loading...


Fikrinizi bildirin