“Bu terrorla bağlı hələ cavab verilməli suallar var” – Baş nazir

Dərc olunub: 21/03/2019 - 00:01

ZELAND-NAZIRJasinda Ardern BBC-ə müsahibə verib. Jasinda Ardern ölkəsində iki məscidə 50 adamın ölümüylə nəticələnən silahlı basqından sonra BBC-yə müsahibə verən baş nazir miqrasiyanın irqçiliyi qızışdırması iddialarını rədd edir.

BBC əməkdaşı Clive Myrie-nin suallarına cavab verən Jasinda Ardern “bütün dünyaya səslənirəm. Yeni Zelandiyanın başına gələn hadisə başqa bir yerdə böyümüş bir adamın başqa bir yerdə öyrəndiyi ideologiyayla gəlib bizə qarşı zor işlətməsidir. Demək ki, qlobal anlamda təhlükəsiz və tolerant dünyaya sahib olmaq üçün sərhədlər çərçivəsində düşünməməliyik. Bu məsələdə görmək istədiyimiz liderlik budur” deyir.

-Hadisəni törədənin adını çəkməyəcəyinizi dediniz. Nə üçün?

-Müsəlmanları qorxutmaq niyyətindən başqa, paylaşdığı manifestdən də görünür ki, onun məqsədi həm də populyar olmaqdır. Bu işdə ona yardımçı olmaq fikrimiz yoxdur.

-Mövqeyinizi anlamağa çalışıram. Belə yanaşmayla vəziyyəti yüngülləşdirmiş olmursunuzmu?

-Burda baş verən hadisədən aldığımız dərslərlə hadisənin səbəbkarının arzularını reallaşdırmağı bir-birindən ayırmaq lazımdır. Bu şəxsin çirkin ideologiyasını məhşurlaşdıran səbəblərdən və bunu yetişdirən və yayılmasına yol açan durumdan mütləq dərs çıxarmalıyıq. Ancaq bunu belə iyrənc hadisəylə məhşur olmaq arzusundan ayırmamız lazımdır. Mən məhz bunu edirəm.

-Hadisəni eşidən an nə düşündünüz?

-Dünyadakı heç bir liderin özünü belə bir ana hazırlaya biləcəyini düşünmürəm. Üstəlik, mən sülhpərvər bir xalqın – 200-dən çox etnik qrupun yaşadığı, 160-dan çox dildə danışılan bir ölkənin baş naziriyəm. Biz gələnləri xoş qarşılayan bir ölkə olmağımızla öyünürük. Əslində, məhz belə olduğumuz üçün bu terrorist bizi seçib. Ona görə də ilk reaksiyam şok səviyyəsində oldu. Axı, bizim cəmiyyətdə bu cür hadisə necə baş verə bilərdi?

-Daha əvvəl hazırlanmış iki kəşfiyyat hesabatında terror və radikal qruplar haqqında məlumatlar var. Amma belə bir təhlülədən söhbət getmir. Bu, çox böyük bir uğursuzluq deyilmi?

-Mən buna da radikallıq deyərdim. Bu da bir növ radikallıq və terrordur.

-Amma bu hesabatlarda ağ irqin üstünlüyünə inanan radikallıq barədə məlumat yoxdur.

-Əlbəttə ki, bütün illik hesabatların və kəşfiyyat xidmətlərimizin hər bir hərəkətinin açıqlanmasını gözləyə bilməzsiniz. Bu cür qrupların mövcudluğu haqda xəbərlər son vaxtlar təkcə Yeni Zelandiyada yox, bütün dünyada tez-tez müzakirə mövzusuna çevrilir. Amma, əlbəttə ki, bu, heç bir sual olmayacaq demək də deyil. Bu şəxs nə Yeni Zelandiyada, nə də doğulduğu və yaşadığı yer olan Avstraliyada izlənənlər siyahısında olub. Ara-sıra bura gəlib-gedib, amma ideologiyasının inkişaf etdiyi yer bura deyil.

Təbii ki, hələ cavab verilməli suallar var. Nələr baş verdiyinə, nələri bilməli olduğumuza, nələrin ola biləcəyinə dair müstəqil bir araşdırma aparılacağını açıqlamışıq. Belə hadisələrin qarşısını almaq üçün nə etmək olar?

Mən bu müstəqil araşdırmanın baş tutmasını təmin edəcəm, çünki insanların daxilən arxayınlaşması lazımdır. Eyni zamanda, öz qurumlarımızın da bu cür müstəqil dəyərləndirməyə ehtiyacı var.

-Qapadılması lazım gələn hansı boşluqlar var?

-Ən üzdə olanı Yeni Zelandiyada yarı-avtomatik hərbi silahların satışa açıq olmasıdır. Bəli, bizim xüsusilə də kənd yerlərində yaşayanlar üçün qanuni əsaslara söykənən silahlanma qanunlarımız var. Ancaq düşünürəm ki, onlar da can almaq üçün quraşdırıldığı çox aşkar olan silahların əlçatanlığını məhdudlaşdırmaq məsələsində bizi dəstəkləyəcəklər.

-Bir şəxs istədiyi sayda silah almaq hüququna sahibdir. İslahatın bir hissədi də budurmu?

-Bu məsələ ətrafında çox geniş çeşiddə mövzular var, mövcud qanunun detallarıyla bağlı bir xeyli problem yarandığını deyə bilərəm. Bu, 10 ildən artıqdır ki, davam edən siyasi bir müzakirədir. Əhatə dairəsi çox geniş olan məsələlər var, silahlarla bağlı qanunlarımızı son dərəcə əhatəli bir şəkildə müzakirə edirik.

-Yeni Zelandiyada ağ irqçiliyin populyarlaşması Sizi nə dərəcədə narahat edir?

-Mən qlobal səviyyədə müraciət edirəm. Bəli, o şəxs Avstraliya vətəndaşıdır, amma bu, Yeni Zelandiyada çoxluğun qəbul etməyəcəyi, yeniZelandiyalıların böyük əksəriyyətinin rədd edəcəyi ideologiyanın olmaması demək deyil. Ancaq yenə də mövcud olduğu yerdə bunun kökünü qazıb çıxarmaq, faydalana biləcəyi şəraiti bir də heç vaxt yaratmamaq kimi bir məsuliyyətimiz var.

Mən bu məsələylə bağlı bütün dünyaya səslənirəm. Yeni Zelandiyanın başına gələn şey başqa bir yerdə böyüyən bir şəxsin başqa bir yerdə öyrəndiyi ideologiyayla gəlib bizə zor tətbiq etməsidir. Demək ki, qlobal anlamda təhlükəsiz və tolerant bir dünyaya sahib olmaq istəyiriksə, sərhədlər çərçivəsində düşünməməliyik. Bizim bu məsələdə görmək istədiyimiz liderlik budur.

-Yaxşı, bəs, miqrasiyayla bağlı mübahisələr? Belə mübahisələr həmin ideologiyanın qidalanmasına şərait yarada bilər. Partiyanız – Əmək Partiyası miqrasiyanı məhdudlaşdırmaq istəyir.

-Bu yerdə sözünü kəsməli olacam. Seçildiyimiz gündən bu yana ən vacib açıqlamamız qaçqın kvotasını yüksəltmək və xüsusilə də qarşıdurmalar üzündən təhlükəsiz-qalıcı evi olmayıb sığınmaq istəyənləri qəbul etmək olub.

Biz başqalarını xoş qarşılayan ölkəyik. Biz Yeni Zelandiyanı öz evi olaraq görənləri qoruyan bir system yaratmağa çalışırıq. O cür ideologiyanın yaranmasına səbəb olan şəraitin mövcudluğunu qəti çəkildə rədd edirəm.

-Miqrasiyaya görə sosial xidmətlərə və sığınma yerlərinə təzyiqlərdən, bunun nəticəsi olaraq partiyanızın miqrasiyanı azaltmaqla bağlı müraciətindən danışıram. Koalisiya ortağınız Əvvəlcə Yeni Zelandiya Partiyasıdır. Lideri isə miqrasiyanın etnik mənsubiyyət və irqlə bağlı olduğunu deyən bir şəxsdir. Ölkədəki siyasi üslubun bu kimi hadisələrə səbəb ola biləcək bir şərait yaratdığını düşünən az bir qisim adam olmasının mümkünlüyünü nəzərdə tuturam.

-Seçildiyimizdən bu yana bəlkə də ən önəmli açıqlamamız Yeni Zelandiyaya qəbul edilən qaçqınların sayının artırılması olub. Bunu xüsusi olaraq vurğulayıram, çünki dediklərinizlə qətiyyən razı deyiləm. İstəyirəm ki, ölkəmizdəki siyasi mühitin bu vəziyyətə şərait yaradıb-yaratmadığını yeni zelandiyalılardan da soruşasınız.

– Soruşduq. Bir ailədə dedilər ki, baş verənlərə görə xüsusilə qadınların qorxu içindədirlər.

-Etnik mənsubiyyəti və ya dini inancı nə olursa-olsun, Yeni Zelandiyanı öz vətəni olaraq görən hər kəsin özünü təhlükədən uzaq hiss etməsini istəyirəm. Qadınlar və uşaqlar mövzusunda isə xüsusilə həssasam.

Wellington-dakı məscidi ziyarət edib geri qayıdanda bir uşaq “Baş nazir, bizə təhlükə yoxdu ki?” deyə mənə səsləndi. Mənim vəzifəm Yeni Zelandiyanı vətən olaraq görən cəmiyyətin hər kəsimdən olan insanların təhlükəsizliyini təmin etməkdir.

– Söhbət etdiyimiz müsəlmanların böyük çoxluğu belə düşünür.

-Bütöv bir kəsimi hədəf alan belə qorxunc hadisədən sonra bu cür hisslərin yaranmasını, insanların özlərini təhlükədə hiss etməsini normal qarşılayıram. Əlbəttə, polisimiz dərhal reaksiya verdi və ibadət saatlarında məscidlərimizi qorumağa başladı. Hələ bir müddət də qorumağa davam edəcək.

Ancaq mənim vəzifəm təhlükəsizliyin bərpasını təmin etməkdir. Harada boy göstərməsindən asılı olmayaraq irqçiliyə qarşı çıxmaq da daxil, təhlükəsizliyi bütün yeni zelandiyalılara hiss etdirmək mənim işimdir.

-Bu toplumu necə bir araya gətirəcəksiniz?

-Məncə, bu toplum bir aradadır, mənim vəzifəm parçalanmasına imkan verməməkdir.

-Bunu bacaracaqsınızmı?

-Bəli, çünki bura Yeni Zelandiyadır.








loading...


Fikrinizi bildirin