Gürcüstanın Baş naziri azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib

Dərc olunub: 21/03/2019 - 14:40

e60a2ed8-dfeb-4086-8e95-318ae0497a73Gürcüstanın Baş naziri Mamuka Baxtadze azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda Novruz bayramına həsr olunmuş şənlikdə iştirak edib. “Report”un Gürcüstan bürosu xəbər verir ki, hökumət başçısı Kvemo Kartli bölgəsi və Marneuli rayon rəhbərliyinin nümayəndələri ilə birgə xalq gəzintisində iştirak edib, bayram tonqalını yandırıb.
Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib. O, azərbaycanlılara bahar əhval-ruhiyyəsi, ailələrə sevinc və əmin-amanlıq arzu edib.
Daha sonra M.Baxtadze çıxış edərək Azərbaycan dilində “Novruz Bayram mübarək olsun!” deyə tədbir iştirakçılarını təbrik edib.
O, azərbaycanlılara cansağlığı, sevinc və xoşbəxtlik arzulayıb: “Biz Gürcüstanda yaşayırıq və ölkəmiz qardaşlıq və birgə yaşayışla bağlı qədim tarixə malikdir. Gürcüstanın gücü hər zaman onun müxtəlifliyində olub. Biz Gürcüstanın övladları olaraq ümumi vətənimiz üçün birgə çalışmışıq. Bu böyük sevgi və qardaşlıq ənənələri gələcək nəsillərə ötürülməlidir. Şadam ki, Azərbaycandan gələn dostlarımız da bayram şənliyində iştirak edirlər. Mən Azərbaycandakı bacı və qardaşlarımızı da Novruz bayramı münasibətilə təbrik edirəm və onlara ən xoş arzularımı çatdırıram”.
Marneulinin mərkəzi Rustaveli küçəsində təşkil olunmuş şənlik çərçivəsində Azərbaycanın milli mətbəx, şirniyyat, çay süfrəsi, milli incəsənət nümunələri sərgilənib, müxtəlif idman yarışları keçirilir, səhnəciklər, gürcü və Azərbaycanın milli rəqslərindən ibarət konsert proqramı nümayiş etdirilir.
Tədbirdə həmçinin Kvemo Kartli bölgəsinin rayonlarına həsr olunmuş sərgi pavilyonları, yerli məhsullar, Gürcüstana aid guşələr də təqdim olunub.
Şənliyə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili, Baş nazirin regional məsələlər üzrə müşaviri Sozar Subari, digər rəsmi şəxslər və diplomatik korpusun nümayəndələri də qatılıblar.








loading...


Fikrinizi bildirin