"Ramiz Mehdiyev mənə dedi ki..."- ATƏT müşahidə missiyasının rəhbəri

Tana de Zulueta: "Bizdə bülletenlərin toplu sayda atılmasının müşahidə olunduğuna dair 39 fotosübut var...bəzi hallarda bülletenlər seçki komissiyasının üzvləri tərəfindən gizlədilib"

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkisini müşahidə missiyasının rəhbəri Tana de Zulueta “Media forum” saytının suallarını cavablandırıb.

- Rəhbərilk etdiyiniz müşahidə missiyasının fəaliyyətini necə qiymətləndirirsiniz? Missiyanın işini uğurlu sayırsınızmı?

- İşimizi tam olaraq başa çatdırmamışıq. Seçkidən sonra baş verən prosesləri, vəziyyəti izləmək ucun Azərbaycanda qalacağıq. Əlbəttə, əgər seçkidən sonra hər hansı şikayət, hüquqi cəhətdən bizə yönləndirilmiş mövzular varsa, onlarla məşğul olmağa çalışacağıq. Əlavə etməliyəm ki, biz həm də yekun hesabatımızı hazırlamalıyıq. Bu hesabatın hazırlanması seçkidən sonra səkkiz həftəyə qədər çəkə bilər. Çünki sənədi hazırlayandan sonra biz onu nəşr etməmişdən öncə dövlət rəsmiləri və beynəlxalq təşkilatlarla məsləhətləşəcəyik, hər hansı məqamlar varsa, onları müzakirə edəcəyik. Düşünürük ki hesabatın hazırlanıb işıq üzü görməsi ən azı 6 həftə çəkəcək. Hesabatın işıq üzü görməsindən sonra işimiz yekunlaşacaq. Bundan sonra isə missiyamızın işi bitəcək.

Soruşdunuz ki, missiya işini müvəffəqiyyətlə başa vura bildimi? Burada təkcə mən yox, komandamın böyük əməyi var. Özümü çox şanslı hesab edirəm ki, yaxşı komandam var idi və bunun sayəsində biz daha detallı iş həyata keçirə bildik. Biz nəinki Bakıda, hətta 30 uzunmüddətli müşahidəçi ilə 14 müxtəlif bölgədə müşahidə apara bildik. Ona görə görülən işi yalnız öz adıma çıxmıram, hər bir əməkdaşın böyük əməyi var. Həmçinin mən bütün namizədlərlə görüşmüşəm və söhbət etmişəm. Partiyalarda müzakirələrimiz keçirilib. Müxtəlif bölgələrdə gedən siyasi fəaliyyətlərlə tanış olmuşuq. Və düşünürəm ki, bütün bunların sayəsində ölkədə gedən prosesləri aydın şəkildə təsəvvür və təsvir etməyi bacarmışıq.

Müşahidə missiyasının ən önəmli işlərindən biri medianı izləmək olub. Çünki o, seçki aparılma mühitini anlamaq üçün önəmli vasitədir. 4 sentyabrdan seçki gününə qədər biz medianı monitorinq etmişik - altı yerli televiziya kanalı, radio və qəzetlər 24 saat ərzində izlənib və bu, Azərbaycan xalqının seçki barəsində mediadan nə öyrəndiyini başa düşməyimizə imkan yaradıb.

Çox təəssüflər olsun ki, gördüyümüz dediklərimizi təsdiqlədi. Biz gördük ki, namizədlərin təbliğat və təşviqatı üçün mediada yetərincə vaxt ayrılmadı. Hər bir namizədin eyni dərəcədə təşviqat aparmaq hüququ var. Media hər bir namizədin təşviqatı üçün nəzərdə tutulmuş ən önəmli vasitədir. Lakin müşahidə etdik ki, media ölkədə namizədlər üçün bu şəraiti yaratmamışdı. Başqa bir şikayətçi olduğumuz məqam isə jurnalistlərin sıxışdırılmasıdır. Burada olduğumuz müddətdə bir neçə jurnalistin həbs olunması, təqibə və hətta fiziki zorakılığa məruz qalması kimi mənfi hallarla qarşılaşdıq. Biz seçki günündə çox gərgin işlədik. Biz ATƏT-in 40 ölkəsindən 300 müşahidəçi ilə birlikdə bu günü izləmə üçün əlaqələndirirdik. Bu müşahidəçilər 1150 səsvermə məntəqəsinə baş çəkiblər. Bunun nəticəsi olaraq bizim ofisə 1100 yekun protokol təqdim edilib. Xüsusi problemlər var idi ki, bunlar haqqında da məlumat əldə etmişik. Fikrimi yekunlaşdıraraq demək istəyirəm ki, ədalətli müşahidə missiyası yerinə yetirilib.

- Seçkidən sonra aldığınız şikayətlərin sayı çoxdurmu? Bu şikayətlər əsasən hansı xarakterlidir?

- Bildiyim qədər bizə seçki günü hüquqi-rəsmi olaraq heç bir şikayət daxil olmayıb. İnsanlar bizə hər hansı problem haqda şifahi şəkildə məlumat verirsə, bu, rəsmi şikayət kimi yox, məlumat kimi dəyərləndirilir. Bu, sadəcə informasiyadır, biz həm müsbət, həm də mənfi yönlü informasiyaları əldə edirik. Amma bizim dəyərləndirməmiz sadəcə öz gördüyümüzə əsaslanır.

- Seçkidən sonra necə, şikayətlər varmı?

- Biz yox, amma Mərkəzi Seçki Komissiyası Cəmil Həsənlidən şikayət ərizələri qəbul edib. Biz, əlbəttə, bu şikayət ərizələrini izləyirik və bunları məhkəmədə də izləməyə davam edəcəyik.

- Qeyd etdiniz ki, mediada təbliğat üçün bərabər imkanlar yaradılmayıb, medianın müsbət rolunu qeydə ala bilməmisiniz. Sizcə, buna əsas səbəb nə idi? Niyə Azərbaycan mediası namizədlərə bu fürsəti yaratmayıb? Bununla bağlı ayrıca araşdırmanız və ya informasiyanız varmı?

- Biz bunu hüquqi cəhətdən əsaslandırırıq. Hüquqi cəhətdən jurnalistlər və media üzvləri limitləndirilib. Əgər onlar hər hansı namizədin lehinə, ya əleyhinə təşviqat apararsa, bu, hüquqa görə onların xeyrinə və əleyhinə təşviqatlandırmaya daxil edilir. Jurnalistlərdən bu haqda fikirlərini soruşduqda birmənalı olaraq dedilər ki, bizə İlham Əliyev daxil olmaqla namizədlərlə hər hansı müzakirə, sual-cavab və müsahibələr yaymaq qadağan edilib. Mediada siyasi diskussiyalara və namizədlərin proqramları haqqında məlumata yer verilməyib. Biz MSK-nın sədri Məzahir Pənahovla danışdıqda məsləhət bildik ki, daha aydın təsəvvür almaq üçün onlar medianı monitorinq etsinlər və mümkündürsə namizədlərə və seçkiyə aid daha çox yer ayırmağın yolunu tapsınlar.

- Məzahir Pənahovun buna cavabı necə oldu?

- O, bildirdi ki, medianı monitorinq etməyin MSK-nın işi olduğuna əmin deyil. Amma bəzi ölkələrdə bu mümkündür. Mərkəzi seçki komissiyaları bunu ya özləri edir, ya da hər hansı agentlik, qeyri-hökumət təşkilatı bu işi onlar üçün görməyi öz öhdəliyinə götürür. Məsələn, İtaliyada bunu bir universitet həyata keçirir. Məncə, bu onlar üçün də çox maraqlıdır. Bəzi ölkələrdə hətta mərkəzi seçki komissiyası belə yoxdur, müxtəlif qurumlar bu işi həyata keçirir.

- Dediniz ki, media ilə əlaqə saxlamısınız, bildiriblər ki, onlara qadağalar qoyulub. Sadalaya bilərsinizmi hansı media qurumlarıdır bunlar?

- Qanun İctimai TV üçün nəzərə tutulduğundan biz İctimai Televiziyanın “Xəbərlər” departamentinin başçısı ilə görüşdə bunun izahını soruşduq. O bizə bildirdi ki, bu, hüquqi cəhətdən mümkün deyil, çünki əgər kanalda təşviqat işıqlandırılarsa, bunu namizədin xeyrinə təşviqat aparmaq kimi dəyərləndirə bilərlər.

- Bunu medianın seçkidəki rolu baxımından qeydə aldığınız mənfi hallardan hesab edirsiniz...

- Bəli, hesab edirəm ki, imkanlar hüquqi cəhətdən çox məhduddur.

- Tana xanım, Azərbaycan hakimiyyəti ən yüksək səviyyədə bəyan edir ki, sizin missiyanız ölkəyə əvvəlcədən hazırlanmış rəylə gəlib. Hətta Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bəyan edib ki, hələ seçkidən bir neçə gün öncə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasının seçkiyə necə qiymət verəcəyi haqda hökumətdə məlumat var. Bu fikirlərlə razısınızmı və belə yanaşmaları necə qiymətləndirirsiniz?

- Mən sizi və mənə inanmaq istəyənləri əmin etmək istəyirəm ki, bu ölkəyə heç bir hazır hesabatla və ümumiyyətlə əvvəlcədən düşünülmüş heç bir fikir və ideya ilə gəlməmişəm. Ramiz Mehdiyevlə görüş imkanı əldə etmişəm və görüşdə onu əmin etdim ki, qərəzsiz və bitərəf işləməyə çalışacağam. Amma o, mənim dediklərimə çox şübhəli yanaşırdı. Amma mən də ona bildirdim ki, o və mən – ikimiz də cavan deyilik və əlbəttə ki, fikirlərimizi dəyişmək elə də asan olmur. Amma mən fikirləri dəyişməyə çalışacağam.

- Bu, seçkidən əvvəl baş tutan görüş idi?

- Bəli, seçkidən əvvəl idi. Bizə tənqidi yanaşanlara demək istəyirəm biz ilk gündən bu günə kimi şəffaf iş həyata keçirmişik – biz gördüklərimiz və müşahidə etdiklərimiz əsasında iki ilkin hesabat dərc etməklə əhalini son məlumatlarla təmin etmişik. Və əlbəttə, Ramiz Mehdiyev seçkidən öncə də bilirdi ki, bizim hüquqi cəhətdən bəzi narazılıqlarımız var. Məsələn, məsləhət görmüşdük ki, Mərkəzi Seçki Komissiyası bu dərəcədə çoxluqla hakim partiya tərəfindən idarə olunmamalıdır. Hətta ikinci hesabatımızda media ilə bağlı bayaq bəhs etdiyim qüsurlara daha çox yer ayırmışıq. Beləliklə, insanlar gördülər ki problemlər nəzərdən qaçmayıb. Çünki seçki prosesində medianın rolu çox böyükdür. Ümumiyyətlə seçki bir günün işi deyil. Seçkiqabağı bütün fəaliyyətlərin, mühitin izlənməsinin özü çox əhəmiyyətlidir.

Mən şahid oldum ki, seçkiyə hazırlıq çox yüksək dərəcədə təşkil edilmişdi. Təəssüf ki, bununla yanaşı, ən böyük mənfi cəhət səslərin sayılmasında oldu. Bunu gördükdən sonra mən artıq seçkinin yaxşı təşkil olunduğuna əmin deyildim. Çünki müşahidəçilərimizin səslərin sayılma prosesini müşahidə etdiyi məntəqələrin 58%-i mənfi nəticə ilə dəyərləndirilib, bir neçəsində isə çox ciddi problemlər aşkar olunub. Bu nəticəni biz həm mətbuat konfransında, həm də hesabatımızda işıqlandırdıq. Bu mənim üçün çox böyük sürpriz oldu, belə nəticə gözləmirdim. Bu vəziyyət hər kəsi təəccübləndirərdi.

- Ramiz Mehdiyevin sizin dediklərinizə şübhə ilə yanaşmasını necə sezmişdiniz? Deyəndə ki, hər hansı hazır hesabatla gəlməmisiniz, obyektiv şəkildə prosesi izləyib qənaətə gələcəksiniz, Ramiz Mehdiyevin buna reaksiyası necə oldu?

- Ramiz Mehdiyev mənə demədi ki, hazır hesabatla gəlmisiniz. Dedi ki, buraya bizim haqda hazır fikirlərlə gəlmisiniz. Cavab verdim ki, belə deyil. O isə bildirdi ki, bizim mütləq hər hansı bir fikrimiz olmalıdır. Ona görə də o zaman ona dedim ki, ikimizin də kifayət qədər yaşı var və fikirlərimizi dəyişmək çətin olacaq. Amma çalışacağam ki, bu dəyişsin və o, güldü.

- Müşahidə etdiyiniz məntəqələrdə səslərin hesablanması ilə əlaqədar çox pis nəticələr əldə etdiyinizi bildirirsiniz. Səslərin sayılması zamanı əsas qanun pozuntusu hesab etdiyiniz nədir? Bunlar qutudan çıxan səslərin yekun protokoldakı sayının dəyişməsi ilə nəticələnən pozuntulardırmı?

- Müxtəlif pozuntular vardı. İlk öncə, hətta səslərin sayılması zamanı belə qutuya toplu şəkildə bülletenin atılması idi. Bizdə bülletenlərin toplu sayda atılmasının müşahidə olunduğuna dair 39 fotosübut var. Onların bəziləri hətta səslərin hesablanması zamanı qeydə alınmış pozuntulardır. Protokolların dəyişdirilməsi, öncədən karandaşla işarələnməsi, sonradan isə qələmlə yazılması və seçki prosesinə olan başqa hörmətsizlik hallarına rast gəlindi. Bir neçə halda səslərin hesablanması yoxa çıxıb, yəni bülletenlər seçki komissiyasının üzvləri tərəfindən gizlədilib və müşahidəçilərə bülletenlər göstərilməyib, soruşduqda isə onlara bu haqda heç bir məlumat verilməyib. Həmçinin qutunun ətrafına toplaşaraq müşahidəçilərin nəzarət etməsinə imkan verilməmişdi. Başqa yerlərdə protokol belə göstərilmirdi. Yaxud müşahidəçilərə nəticələrin yazıldığı kompüterlərə yaxınlaşmağa imkan verilmirdi. Prosesin həyata keçirilməsində çoxlu qanunauyğunsuzluq qeydə alınıb. Əlbəttə, mən hər məntəqə haqqında danışmıram. Amma bizim olduğumuz məntəqələrin 58 faizindən söhbət gedir.

- ATƏT müşahidəçiləri izlədikləri bütün məntəqələrdən yekun protokolları ala biliblərmi?

- Bəli. Seçki haqqında qanunda da deyilir ki, müşahidəçi yekun protokolun surətini əldə edə bilər. Biz də, əlbəttə ki, bu surətləri əldə etmişik.

- Sonrakı günlərdə əldə etdiyiniz protokollarla MSK-nın müşahidə etdiyiniz məntəqələr üzrə protokollarını müqayisə etmək imkanınız oldumu? Uyğun gəlirmi?

- Olub.

- Uyğundurmu?

- Ümumilikdə hesablar uyğun gəlir. Bəzən səs sayılan zaman biz orada olmurduq. Ona görə bilməyəcəyik ki, oradakı rəqəm doğru, ya yanlışdır.

- Mərkəzi Seçki Komissiyasının 10 namizədlə bağlı elan etdiyi rəqəmlər sizin müşahidələrin qeydə aldığı rəqəmlərlə üst-üstə düşürmü?

- Təəssüflər olsun ki, biz nəticələr barədə heç nə deyə bilmərik. Hesabatımızda belə bu nəticə haqqında heç bir şərhə yol verilməyib. Çünki bizim əsas vəzifəmiz seçki prosesini dəyərləndirmək və bunun ATƏT-in standartlarına uyğun olub-olmadığını müəyyənləşdirməkdir. Bu, indiyə qədər 250 missiya həyata keçirmiş ATƏT/DTİHB-nin birgə əməkdaşlıq təcrübəsidir. Bu izləmələrdən nəticə çıxarmaq əsasən beynəlxalq təşkilatların vəzifəsidir. Biz sadəcə müşahidələrin hesabatını veririk və bu hesabatların gələcəkdə faydalı olacağına sadəcə ümid edirik.

Bir məqama toxunmaq istəyirəm ki, 5 namizədin qeydə alınmaq üçün imza toplama zamanı göstərdiyi nəticə ilə onların seçkidə topladıqları səslərin sayı arasında xeyli uyğunsuzluq var idi. Və təəccüb yaradan bu vəziyyət diqqətimizi çəkdi. Bilmirik ki, belə hadisəyə necə bəraət verək. Zənnimcə, imza toplama prosesinə alternativ üsullar tapılmalıdır.

- Bunu namizədlər və ya hökumət nümayəndələri ilə görüşünüz zamanı soruşdunuzmu? Cavab necə oldu?

- Əlbəttə, biz imza toplamanın çətinliklərini, eyni zamanda imzaların təsdiqlənmə prosesini müzakirə etdik. Biz ortaq məxrəcə gəldik ki, imza toplama çox çətin prosesdir, bu prosesdə bəzi uyğunsuzluqlar var. Bəziləri hətta nəticəni öz mənfəətinə uyğun dəyişmişdi. Bu çox təəccüblüdür ki, onlar xeyli imza topladıqları halda eyni sayda səs toplamaqda çətinlik çəkiblər. Mən bunun müəmmalı olduğunu düşünürəm.

- 5 namizəd deyəndə kimləri nəzərdə tutursunuz?

- İlyas İsmayılov, Araz Əlizadə, Fərəc Quliyev, Hafiz Hacıyev və Sərdar Cəlaloğlu sanki bu yarışda iştirak etməmiş kimi göründülər. Və biz bunun təkrarlanmaması üçün bir çözüm tapmalıyıq.

- Bəs yadınızda qalan digər qeyri-adi nüanslar varmı?

- Bu çox sakit seçki prosesi oldu. Bu ölkədəki seçki fəaliyyətsizliyi diqqətimi çəkdi. Çünki müşahidə etdiyim başqa ölkələrdə heç vaxt seçki zamanı belə fəaliyyətsizlik görməmişdim. Əvvəl dediyim məqamlar da mənim üçün çox təəccüblüdür. Lakin ümumiyyətlə bu ölkədə maddi vəsaitin daha çox tikintiyə, bərpa etmə işlərinə, abadlaşmaya sərf olunması diqqətimi çəkdi və bu, müsbət haldır. Amma bu, qarşılaşdığımız problemlərlə təzad yaradır.

- Demək istəyirsiniz ki, Azərbaycanda maddi cəhətdən rifah var, amma azadlıqlar məhdudlaşdırılıb?..

- Düşünmürəm ki, maddiyyat azadlığın üzərini örtmək üçündür. Amma infrastruktura sərmayə qoyulursa, eyni zamanda əhaliyə də sərmayə qoyulmalıdır. Bu, bir-biri ilə əlaqəli şəkildə aparılmalıdır.

Nəzərimi çəkən bir məqam da bu oldu: rayon icra başçıları o qədər gücə malikdirlər ki, onlar həyatın bir çox aspektinin, hətta seçkinin də müqəddəratını təyin edirlər.

Şahidi olduğum daha bir qəribəlik isə seçkiqabağı keçirilən mitinqlərlə bağlıdır. Bu mitinqlər zamanı insanlar oraya avtobuslarla gətirilir, mitinq başlandığı andan sona qədər sahənin qapıları bağlanır, oraya gələn insanlara yalnız mitinq bitdikdə çölə çıxmağa icazə verilir. Bu hətta bizim müşahidəçilərin orda olduğu zaman da baş verib.

- Hansı namizədlərin mitinqindən söhbət gedir?

- Hazırkı hakimiyyətdə olan partiyanın namizədlərinin mitinqlərində belə hallar açıq-aydın görünürdü.

- Tana xanım, Avropadan gəlmiş başqa müşahidə missiyaları seçkiyə sizin missiyadan fərqli qiymət verdi. Sizcə, Avropadan gəlmiş missiyaların fərqli rəylər verməsinin səbəbi nədir? Burada iki hal var: ya sizin, ya da onların hesabatı obyektiv deyil.

- Bu çox təəssüf doğuran bir məqamdır. Mən əvvəlcə elə bilirdim ki, biz birlikdə əməkdaşlıq edib, birgə ilkin hesabat verəcəyik, bu mənim məqsədim idi. 2011-ci ilin Türkiyə seçkisində müşahidə missiyasının sədri olduğum müddətdə bizim Avropa Şurası Parlament Assambleyası, Avropa Şurası və Avropa Parlamenti ilə birlikdə ortaq bəyanatımız var idi. Niyə fərqli qənaətə gəldik – qorxuram ki, bu haqda sizə heç bir cavab verə bilməyəcəm. Mən öz təhsilimdə və tərbiyəmdə belə bir fikirlə formalaşmışam ki, insanı onun dedikləri, düşüncələri ilə yox, əməlləri ilə qiymətləndirirlər. Təəssüf ki, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentin nümayəndələri bizim ofisimizə gəlmədilər, işimizlə tanış olmaq istəmədilər. Biz onlara media monitorinqi göstərmək istəyirdik. Onların bəzilərini dəvət etmişdik ki, seçki sayının nəticələrinin ofisimizə daxil olduğu anı bizimlə birgə müşahidə etsinlər. Avropa Parlamentinin çox az sayda nümayəndəsi seçki sayının nəticələrini müşahidə etmək dəvətini qəbul etdi. Hesab etdik ki, təxminən 300 müşahidəçiyə qoşulmaq onlar üçün çox maraqlı olardı. Amma onların verdiyi sənədləri də öz işimizə, dəyərləndirməmizin tərkibinə daxil etmişik. Buraya sadəcə ATƏT-in Parlament Assambleyasından nümayəndələr gəlmişdi. Onlar bizimlə razılaşdılar ki, seçki prosesində problemlər var, bunları mətbuat konfransında üzə çıxarmalıyıq. ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazeni hazırda ATƏT-ə sədrlik edən Ukraynanın xarici işlər naziri bu mandatla vəzifələndirib.

Mişel Vuazen müsbət məqamları vurğulayaraq seçkinin yaxşı təşkil olunduğuna, namizədlərin say çoxluğuna, prosesin sakit keçdiyinə istinad etdi. Amma təəssüf hissi ilə qüsurların olduğunu da deyərək bülletenlərin sayılmasını mənfi hal kimi göstərdi. Almaniyalı parlament üzvü, ATƏT-in nümayəndə heyətinin başçısı Dorris Barnet qüsurları gördükdən sonra hakimiyyəti tez bir zamanda əhalinin demokratik ruhunu qüsurları düzəldərək dəstəkləməyə çağırdı. Bu bəyanat ATƏT-in Parlament Assambleyasının rəsmi səhifəsindədir. Əgər bu deyilənlərin xaricində cənab Vuazen mediada tamamilə fərqli bəyanatlar veribsə, buna sadəcə təəssüflənirəm.

Avropa Parlamentinə gəlincə, cənab Orlaki Avropa Parlamentindəki çıxışında müsbət bəyanat verərək seçki qüsurlarını qabartmadan seçkinin normal keçdiyini söyləyib. Avropa Parlamentinin Xarici İşlər Komitəsi dəyərləndirmədə daha obyektiv olmaq üçün daha çox məlumata ehtiyac duyduğunu bildirib. Ona görə də məni noyabrın 7-də Avropa Parlamentinə onlara məlumat verməyə dəvət ediblər.

- Sizcə, Avropadan gəlmiş digər müşahidə missiyaları niyə sizinlə birlikdə işləmək və ofisə gəlmək istəmədilər? Bunda hökumətin rolu varmı?

- Mən həqiqətən bilmirəm. Bizim ümumi mənafeyimiz odur ki, hamımız birlikdə işləməliyik. Əgər hər hansı fikirləri var idisə, faktları bizimlə bölüşməliydilər. Həmişə birlikdə əməkdaşlıq edirik və eyni metodologiyanı tətbiq etmişik. Bəlkə də ona görədir ki, Avropa Parlamenti öz bəyanatını tam yekunlaşdırmır, bir qədər də vaxt istəyir. Soruşursunuz ki, bəlkə hakimiyyətin lobbi rolu var. Şəxsən mənim fikirlərimi heç kəs idarə etmir, etməyə də çalışmır. Amma buradakı missiyamdan belə başa düşürəm ki, mən də Azərbaycanın dostuyam. Bu ölkədə olmağı çox xoşlayıram. Lakin mənim əsas vəzifəm metodologiyaya sadiq qalaraq vəzifəmi yerinə yetirməkdir və əgər biz metodologiyaya sadiq qalırıqsa, yalnız o zaman faydalı ola bilərik.

- Bəzi müşahidəçilər qısa müddətdə seçki məntəqələrində olurlar. Sonra isə seçkinin azad və demokratik keçirildiyi haqda rəy verirlər. Belə yanaşma doğru təcrübədirmi və qısamüddətli müşahidə ilə obyektiv rəy vermək olarmı?

- Avropa Parlamenti nümayəndəsinin belə bir fikri var: əgər seçkini izləmək üçün sadəcə içəri girib çıxacaqsansa, seçki mühitini, medianın rolunu və insan haqlarının monitorinqini nəzərə almadan seçki haqqında öz rəyini bildirəcəksənsə, bu barədə heç danışmasan daha yaxşıdır. Avropa Parlamentinin seçki müşahidə missiyası 7 nəfərdən ibarət idi. Onların nə dərəcədə doğru fikir yürütdüyünü heç biz də bilmirik. Yeddi nəfər bir günlük müşahidənin nəticəsi haqda fikir bildirmək üçün çox azdır. Yeddi nəfərlə hər hansı qənaətə gəlmək bir qədər müəmmalı qalır. Xüsusən də bu fikir Avropa Birliyinin xarici işlər üzrə komissarı xanım Eştonun fikirlərindən fərqlənirsə. Bizim missiyanın içində də Avropa Şurasından 135 nümayəndə var. Bu halda onların fikri ilə də uzlaşmaq lazımdır.

- ATƏT Demokratik Təsisatlar və İnsan haqları Bürosunun müşahidə missiyasının bütün üzvləri hesabatınız barədə yekdil fikirdədirmi, yoxsa missiyanın içindən də kimlərsə sənədlə razılaşmır?

- Avropa Şurası və Avropa Parlamentindən olan müşahidəçiləri, ümumilikdə 40-50 nəfəri çıxmaqla bütün müşahidəçilər razı idi. 60 nəfər işçi heyətinin fikrini də nəzərə alaraq Bakının “Park İnn” otelində birgə konfrans keçirmişik. Hamı bizimlə razılaşıb. Bəziləri sadəcə pozitiv müşahidələrə sahib olub. Amma başqa müşahidəçilərin gördüyü mənfi halları dinləyərək öz təcrübələrini bölüşüblər. Biz çox qarışıq qrup idik. Məsələn, Rusiyadan olan 42 nümayəndə üçün bu çox normal vəziyyət idi. Hər hansı narazılıq gördükləri zaman ona “dur” demirdilər, normal qəbul edirdilər.

- Seçkidən sonra Azərbaycan rəsmiləri ilə görüşünüz olubmu?

- Məzahir Pənahovla görüşmüşük. Bildiyiniz kimi o bizim nəticələrimizlə heç razılaşmır, öz fikirlərini hətta nəşr etdirib. Əlbəttə, narazılıqlarını bizə izah etdi, lakin dedi ki, birgə əməkdaşlıq davam edə bilər. MSK sədri Seçki Məcəlləsində hər hansı çatışmazlıq varsa, gələcəkdə müzakirə yolu ilə onu aradan qaldırmağa, düzəltməyə çalışacaqlarını bildirdi. Ümid edirik ki, ATƏT/DTİHB hakim orqanlarla görüş və müzakirələri davam etdirəcək. Biz onların dediklərinin hamısını yazmışıq, diqqətlə oxuyacağıq, nəticə çıxarmağa və başa düşməyə çalışacağıq. Ümid edirəm daha konstruktiv yollarla fəaliyyətimizi davam etdirə biləcəyik.

- Yekun hesabatda əsasən nələri qeyd edəcəksiniz? Tövsiyələriniz olacaqmı?

- Biz hazırda bunun üzərində işləyirik. Əgər siz ilkin hesabatımızı, seçki sonrası bəyanatımızı oxumusunuzsa, görəcəksiniz ki, bütün fikirlər bir-birini ardıcıllıqla təqib edir, bir-birindən nəticə çıxarılır.

- Hesabat elan olunandan sonra sizə hər hansı təzyiq olubmu? Mətbuat konfransında baş verənlərdən qorxdunuzmu?

- Xeyr, heç bir təzyiq olmayıb. Baş verənlərdən də qorxmadım. Sadəcə təəssüf edirəm ki, suallara cavab vermək üçün imkan yaradılmamışdı.

- Bakını nə zaman tərk edirsiniz?

- Oktyabrın 19-u.

- Azərbaycana yenə gəlmək istərdinizmi?

- Ümid edirəm ki, gələrəm.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar