Məmməd niyə soğan əkmir, nəşə çəkir?

Seymur VERDİZADƏ

Rayonumuz işğal olunanda mən Türkiyədə təhsil alırdım. Başlarına hansı faciənin gəldiyini dərk etməyə çətinlik çəkən valideynlərim Bakıda qəzalı vəziyyətdə olan bir yataqxananın darısqal otağında məskunlaşmışdılar. İş tapa bilmədikləri üçün vaxtlarını kənddən gətirdikləri sınıq-salxaq televizorun qarşısında keçirirdilər. Beş ay sonra tətilə gəldiyimdə atamla görüşərkən onun ovcundakı qabarlar əllərimi daladı. Atam ötən müddət ərzində əlini ağdan-qaraya vurmasa da, agır kənd həyatının nişanəsi olan qabarların izi hələ də qalırdı...

O vaxt ağzımızdan süd iyi gəlsə də, biz də valideynlərimiz kimi erkən oyanır, həyət bacada bir işin qulpundan yapışırdıq. Beş yaşım olanda baramaqurdunu yemləmək üçün ağzına qədər yarpaqla dolu olan at arabasını kəndin ayağında yerləşən tut bağından həyətimizə özüm gətirirdim. Babam 9 yaşıma çatanda mənə ot biçmək üçün ayrıca dəryaz düzəldəcəyini deyirdi. Onun ömrü buna vəfa etməsə də, mən kəndi tərk etdiyim 17 yaşıma kimi bir gün də zəhmətsiz yaşamadım. Dəryazın ağzından yenicə keçirdiyim təzə otu qucaqlayıb ala inəyin qabağına tökəndə, elə bilirdim ki, dünyanı mənə bağışlayırlar.

Sosial bərabərsizlik o vaxt indiki kimi qabarıq şəkildə nəzərə çarpmırdı. Torpaq ona doğru əyilən, onun nazını çəkən heç kimi ac qoymurdu. Bizim kənddə kasıb adam yox idi. Uca Allah əziyyət çəkən hər kəsə bol ruzi verirdi. Rüşvətxorlar, müftəxorlar indiki kimi yağ-bal içində üzmədikləri üçün zəhmətsiz gəlir əldə etmək heç kimin ağlına gəlmirdi. Hamı uşağını zəhmətə alışdırırdı. Həm də çox erkən yaşlarından...

Bakıdakı aparıcı məktəblərin birində sinif müəllimi işləyən qohumum həmişə valideynlərdən narazılıq edir. Bu yaxınlarda belə demişdi: “Altı-yeddi yaşlı uşaqların çoxu təbii ehtiyacını sərbəst şəkildə ödəyə bilmir. Bu yaxınlarda oğlanlardan birini tualetə apardım. Uşaq əlini belinə qoyub, gözümün içinə baxırdı. Soruşdum ki, ay bala, kimi gözləyirsən? Dedi ki, müəllim, şalvarımı həmişə anam aşağı çəkir. Valideynlər uşaqları tənbəl böyütdükləri üçün gələcəkdə faydalı bir işin qulpundan yapışa bilmirlər”.

Nəinki bənna, dülgər, qaynaqçı kimi çətin peşələr, hətta papaqçı, dərzi, boyaçı kimi ağır fiziki əmək tələb etməyən peşələr də son illər zəif inkişaf edir. Şalvarını aşağı çəkə bilməyən uşaqlar gələcəkdə ali təhsil almayanda işsiz-gücsüz adamlara çevrilirlər. Küçədə-bazarda qarşıma çıxan gənclərin çoxu məndən onları hansısa şadlıq evinə ofisiant düzəltməyi xahiş edir. Müştərinin qabağından qayıdan kababın qoxusu çoxlarının burnunu qıcıqlandırır...

Gənclərin əməyə maraq göstərməməsinin tək səbəbi tərbiyə işinin düzgün qurulmaması deyil. Şərtlər o qədər ağırdır ki, Məmməd gecəsini gündüzünə qatıb soğan əksə də, il başa çatanda əlində-ovcunda qəpik-quruş qalır. Buna görə də əksər həmyaşıdları kimi Məmməd də tarlasını Allahın ümidinə qoyub, Bakıya üz tutur. Bakıətrafı qəsəbələrdə darısqal və rütubətli kirayə evlər Məmməd kimi minlərlə gəncin sığınacaq yerinə çevrilib. Günlük 10-15 manat qazancın müqabilində aldığı ucuz Gəncə arağı, 200 qram kolbasa və əl boyda çörək Məmmədi müvəqqəti də olsa xoşbəxt edə bilir...

P.S. Bu sətirləri klaviaturada döyəcləyəndə, qarşıma “Azəravtoyol” ASC-nin sədr müavini Əvəz Qocayevin sahib olduğu əmlakın siyahısı üzə çıxdı. Əvəz müəllimin evləri, villaları, restoranları, gözəllik salonları, ucu-bucağı görünməyən torpaq sahələri ilə işim yoxdur. Bircə onu demək istəyirəm ki, sahib olduğu beş maşından birinin – son model “Porsche”nin 200-250 min manat qiyməti var. Bunu mənim kimi maşınlardan başı çıxmayan adam bilirsə, boş-bekarçılıqdan vaxtını sosial şəbəkələrdə keçirən Məmməd də bilir. Məmməd onu da bilir ki, 10 il soğan əksə, həmin “Porsche”nin bir təkərini belə ala bilməz. Buna görə də soğan əkmir, nəşə çəkir. Bunun cəzasını isə hamımız birlikdə çəkirik...

(Moderator.az)

635x100

Şərhlər

Teqaudcu 2019-03-25 15:58:57

Olkemizin vezifelileri ve biz-siravi vetendashlar icin zeruri mesaj!

Son yazılar