ƏRDOĞAN HƏDƏLƏYİR, LİRƏ UCUZLAŞIR – “Seçkidən sonra bunun hesabını sizə ağır kəsəcəyik...”

Türkiyədə 31 martda keçiriləcək bələdiyyə seçkisi yaxınlaşdıqca, siyasi liderlər daha kəskin bəyanatlarla çıxış edirlər. "AzPolitika.info"-nun məlumatına görə, belə çıxışlardan birini də prezident Rəcəb Tayyib Ərdoğan Yenikapıdakı son mitinqdə edib. Onun səsləndirdiyi bəzi fikirlər siyasi dairələrdə birmənalı qarşılanmayıb.

Belə ki, türk lirəsinin ABŞ dolları qarşısında ucuzlaşmasını seçki və siyasi oyunlarla əlaqələndirən Ərdoğanın söylədiklərinə müxalifətdən təpkilər gəlib.

Xatırladaq ki, son günlərdə Türkiyədə dollar 7 faiz bahalaşaraq 5.84 Türk Lirəsi səviyyəsinə qədər yüksəlib. Bunu maliyyə bazarındakı “oyunçuların” bilərəkdən törətdikləri təxribat olduğunu deyən Ərdoğan onların kimliyini bildiklərini söyləyib: “Bu günlərdə bəziləri kursu qaldırmağa başladı. Ey maliyyə sektorunun içində olanlar, bazardan valyutanı yığıb, "kurs yüksələcək, belə olacaq" bu cür provokativ hərəkətlər ilə məşğul olursunuzsa, bunun əvəzini çox ağır ödəyəcəksiniz. Seçkinin ərəfəsində bu cür hərəkətlər edənlərə səslənirəm: Hamınızın şəxsiyyətini bilirik. Hamınızın nələr etdiyini bilirik... Amma bunu bilin ki, seçkidən sonra bunun hesabını sizə ağır kəsəcəyik...”

Ancaq nədənsə, hər zaman açıq danışmağa üstünlük verən Ərdoğan bu provakasiyaları törədənlərin kimliyini söyləməyib.

Maraqlıdır ki, müstəqil iqtisadçılar son günlər lirənin ucuzlaşmasını spekulyasiyalar və siyasi səbəblərdən daha çox iqtisadi səbəblərlə izah edirlər. Doğrudur, Türkiyədə son zamanlar keçirilən bütün seçkilər siyasi hadisə olmaqla yanaşı, həm də iqtisadi hadisəyə çevrilirlər ki, bu da qardaş ölkə üçün daha çox neqativ hal hesab oluna bilər. Çünki ölkənin maliyyə-iqtisadi əsasları nə qədər güclü və dayanıqlı olarsa, siyasi proseslərin iqtisadiyyata təsiri imkanları da bir o qədər zəif olar.

Türkiyədə isə iqtisadçılar hesab edirlər ki, seçki öncəsi lirənin ucuzlaşması daha çox ölkənin Mərkəzi Bankının valyuta ehtiyatlarındakı azalma ilə əlaqədardır. Buna təsir edən siyasi hadisə isə gözlənilən seçkidən daha çox ABŞ-ın Colan təpələrilə bağlı bəyanatlarıdır. Belə ki, buna cavab olaraq, R.T.Ərdoğanın səsləndirdiyi fikirlər ABŞ-la Türkiyə arasında növbəti gərginliyə və qardaş ölkəyə qarşı yeni iqtisadi təzyiqlərə yol aça bilər.

Xatırladaq ki, lirə ötən həftənin cümə gününə 5.46 məzənnəsi ilə start verdiyi halda, qısa müddətdə 5.84 səviyyəsinə çatıb. Bu gün isə vəziyyət bir qədər düzəlib və məzənnə 5.67-də dayanıb.

Cəlal MƏMMƏDOV

635x100

Şərhlər

yalçın 2019-03-25 16:14:37

Sabir demiş: qoyma gəldi..

Son yazılar