Putin mühüm tarixi tədbirə dəvət olunmadı - Polşa Rusiyaya yerini göstərdi

Polşa hökuməti İkinci Dünya Müharibəsinin başlanmasının 80 illiyi ilə bağlı bu ilin sentyabrında böyük beynəlxalq tədbir keçirməyə hazırlaşır.

“AzPolitika.info” xəbər verir ki, tədbirə müharibəni başlayan və uduzan Almaniya başda olmaqla, bir çox dövlətlərin rəhbərləri dəvət olunsa da, dəvətlilər siyahısında Rusiyadan heç kimin adı yoxdur. Rusiyada əksər siyasətçilər bunu rəsmi Moskvaya qarşı hörmətsizlik və təhqir hesab edirlər.

Polşa tərəfinin Rusiyaya qarşı bu münasibəti iki ölkə arasında böyük siyasi qalmaqala səbəb olub. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bu hadisə ilə bağlı məyusluğunu gizlədə bilməyib və Polşa rəhbərliyinin addımını qınayaraq bildirib ki, İkinci Dünya Müharibəsində Rusiyanın rolu danılmazdır, bunu görməzdən gəlmək isə ədalətsizlikdir: “İstənilən ölkədə bu müharibə ilə bağlı keçirilən tədbirdə Rusiyanın iştirak etməməsi həmin tədbiri natamam göstərəcək. İkinci Dünya Müharibəsinin başa çatmasında Rusiyanın rolunu qiymətləndirməmək mümkün deyil.”

Bundan əvvəl isə Polşa prezidentinin sözçüsü K.Şerski tədbirə yalnız NATO-ya, Avropa İttifaqına və “Şərq Tərəfdaşlığına” üzv ölkələrin dəvət edildiyini bildirmişdi. Rusiya ilə bağlı suala cavab verən K.Şerski Polşanın yalnız “beynəlxalq hüquq prinsiplərinə riayət edən” ölkələrlə əməkdaşlığa üstünlük verdiyini qeyd edib. Və bildirib ki, hazırda onun ölkəsi tarixi deyil, müasir reallıqları nəzərə almağa üstünlük verir. Təhlilçilər bununla Polşa prezidentinin sözçüsünün Rusiyanın apardığı aqressiv xarici siyasəti, xüsusilə də Ukrayna ərazilərinin işğalını nəzərdə tutduğu qənaətindədirlər.

Onu da xatırladaq ki, iki ölkə arasında siyasi münasibətlərin ürəkaçan səviyyədə olmamasının həm də 1940-cı ildə Qızıl Ordu tərəfindən Katın adlanan ərazidə əsir götürülümüş polşalı hərbçilərin kütləvi şəkildə qətlə yetirilməsi, həmçinin Polşa prezidenti Lex Kaçinskinin Rusiya ərazisində elə həmin Katın qətliamının ildönümünə gələn zaman müəmmalı aviaqəzada həlak olması kimi ciddi səbəbləri var.

635x100

Şərhlər

t.ədalət 2019-03-25 17:02:22

"böyük vətən müharibəsi","qızıl ordu" sözləri işğal altında yaşadığımız sovet dövründə zorla dilimizə dürtülən sözlərdir.Gəlin,müstəqil dövlətin vətəndaşları kimi danışaq.Həmin sözləri isə belə yazaq:"Rus -Alman müharibəsi" və "işğalçı bolşevik ordusu".

Son yazılar