“Təbliğatla iqtisadiyyatı aldatmaq olmaz” - YAVLİNSKİ

Tanınmış siyasi xadim və iqtisadçı Qriqori Yavlinskinin Rusiyanın “Novaya qazeta” qəzetində dərc edilən məqaləsinin tərcüməsini təqdim edirik.

Avropa, Kanada, ABŞ və Avstraliyadan gətirilən ərzaq məhsullarına qadağa qoymaq haqqında verilən qərar iqtisadi baxımdan axmaqlıqdır.Ona görəki...

1.Rusiya ilə Gömrük İttifaqında olan (bu o deməkdir ki, sərhəddə gömrük yoxlaması yoxdur) Belarus və Qazaxıstan bu qərarı müdafiə etməyib. Müvafiq olaraq həmin mallar daha baha qiymətə qaçaqmal kimi Rusiyaya gətirilir. Mənə elə gəlir ki, heç kimin buna şübhəsi yoxdur. 2014-cü ilin beş ayının dərc edilmiş rəsmi məlumatına əsasən, Rusiyaya 1,7 milyon dollarlıq Belarus limonu, 183 min dollarlıq bananı, 37 min dollarıq ananası, 1,8 milyon dollarlıq badamı, 792 min dollar dəyərində dəniz məhsulu olan balıqqulağı və 449 min dollarlıq osminoqu gətirilib.

2.Son dövrlər dərc olunmuş hesabatlar onu göstərir ki, “cavab sanksiyaları” nəticəsində bizim mağazalarımızdakı ərzağın qiyməti bahalaşıb. Məlumdur ki, qadağa qoyulmuş ərzaq məhsulları ümümi istehlakımızın 20%-ini təşkil edir. Qiymətlərin qalxmasının əsas səbəblərindən biri də xaricdən gətirilən ət məhsullarının azalmasıdır. Həm də ki, dünya bazarında ətin qiyməti də qalxır. Nəticədə isə yaxın yarım il ərzində qiymətlər 10-20% qalxacaq.

3.Ərzağın gətirilməsi haqqındakı qadağan qərarı, hələ keçən payızdan Rusiya iqtisadiyyatının kəskin şəkildə gerilədiyi və bu ilin ilk yarısının yekunlarına əsasən iqtisadi düşüşün (staqnasiya) başlanması şəraitində qəbul edilib. Qiymətlərin qalxması staqfilyasiya adlanan təhükəli iqtisadi xəstəliklə (staqnasiya+artan inflyasiya) bir vaxta təsadüf edir. Bu eyni zamanlı üç prosesin birlikdə baş verməsi deməkdir. Yəni, bu zaman:

a) vətəndaşların gəlirləri azalacaq

b)gizli işsizlik başlayacaq (işə görə çox cüzi əmək haqqı veriləcək)

c) mağazalarda qiymətlər qalxacaq.

4.Staqflyasiya iqtisadiyyatı çox dərindən dağıdır. Bu zaman heç nəyi planlaşdırmaq mümkün olmur və investisiya qoyuluşu sıfıra doğru yürüyür. Hamı yalnız kiçik və həlli çox tez mümkün ola biləcək işlərə baş vurur. Məsələn, Krım üçün pul axtarırlar və bundan ötrü pensiya yığımlarını vətəndaşların əlindən alırlar, vergiləri qaldırırlar. Krıma göndərmək üçün pul tapılacaq (bunun xeyrinin olub-olmaması isə tamamilə başqa bir mövzudur), amma bunun müqabilində pensiya yığım sıstemi büsbütün məhv ediləcək. Sahibkarları vergilərlə, vətəndaşları isə artan qiymətlərlə əzəcəklər.

5.Ölkə rəhbərliyi deyir ki, ərzaq idxalına qoyulmuş qadağa Rusiyanın kənd təsərrüfatını canlandıracaq. Bu belə deyil! Birincisi, bir neçə kənd təsərrüfatı sektoruna təcili surətdə lazım olan pul hal-hazırda dövlətdə yoxdur. İkincisi, bu pulun kimə verilməsi üçün lazım olan adamlar da yoxdur. Çünki kəndlərdə kimsə qalmayıb. Rusiya kəndlərinə gedənlər orada nələrin baş verdiyini yaxşı bilirlər. Üçüncü, yüksək korrupsiya şəraitində verilən pulun əksər hissəsi sadəcə olaraq yoxa çıxacaq və bununla da hər şey qurtaracaq. Dördüncü, rus kəndinin bərpa olunması çox ciddi və uzunmüddətli bir layihədir. Bu layihə isə indiki hakimiyyətin həm marağında və həm də ki, bacarığına görə olan bir iş deyil.

6.Görəsən xarici ərzağa qadağa qoymaqla kimi cəzalandırmaq istəyirlər? Bu sanksiyalardan əsasən Rusiyanın özü uduzacaq. Xarici ölkələrdən Litva və azacıq da Polşa ziyan görəcək. Rusiyanın tətbiq etdiyi sanksiyaların Avropa Birliyi üçün neqativ effekti mikroskopikdir. Çünki AB-dən gətirilməsinə qadağa qoyulmuş məhsulların ümumi həcmi 7 milyard dollar dəyərindədir ki, bu da AB-nın ümumi ixracının 0,1%-ni təşkil edir. Ümumiyyətlə isə bu ilin axırına kimi Moskvada ərzağın qiyməti nəzərəçarpacaq səviyyədə yüksələcək. Bu sanki Dima Yakovlevin “özününkünü döy ki, başqaları qorxsun” qanununa oxşayır. Öz vətəndaşlarını özünün kobud xarici siyasətinin səhvləri ucbatından cəzalandırmaq çox qəribə bir məntiqdir.

7.Vəziyyət çox həyəcanlıdır. İndiki siyasi sistemin iqtisadi potensialı tükənib. Ölkə rəhbərliyinin ciddi iqtisadi islahatlar haqqında düşünməsi və ya bu istiqamətdə addımlar atmasının heç bir əlaməti görünmür. Bütün bunların əvəzinə isə yalnız bir istiqamətli siyasi qərarlar verilir. Yəni mahiyyət baxımından heç nəyi dəyişməmək, sistemi saxlamaq, büdcə oğurluğu, televiziyanın yalanları və intəhasız özünəvurğunluq prosesi davam edir. Lakin həyatı və iqtisadiyyatı aldada biməzsən. Bunun geci-tezi var. Qiymət artımı problemi, keyfiyyətsiz həyat şəraiti, azalmağa doğru gedən gəlirlər, kasıblıq və hüquqsuzluq kimi gizlədilmiş məsələlər baş qaldıracaq və onda bunlara cavab vermək lazım gələcək.

Tərcümə etdi: Vaqif Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar