RUSİYA İNDİ DƏ NEFTİN BAHALAŞMASINA QARŞIDIR! – Səudiyyə ilə ciddi fikir ayrılığı yaranıb

Gələcək hasilatla bağlı Səudiyyə Ərəbistanı və Rusiya arasındakı fikir ayrılığı üzündən neftin qiyməti qalxır. Bu ölkələr iki il yarım ərzində birlikdə hərəkət ediblər, lakin indi onlar anlaşa bilmirlər.

Dünyanın iki böyük neft hasilatçısı arasındaa baş verən fikir ayrılığı, onsuz da qeyri-müəyyən vəziyyətdə olan neft bazarındakı əsəbləri bir daha gərir.

2017-ci ilin 1 yanvar tarixindən OPEK hasilatı məhdudlaşdırmaq məqsədiylə bu təşkilata daxil olmayan və neft ixrac edən 10 ölkə ilə əməkdaşlıq edir. Əməkdaşlıqda iştirak edən həmin ölkələr “OPEK+” adlandırılır.

Burada məqsəd neft istehlak edən ölkələri kommersiya ehtiyatlarından istifadəyə məcbur etməkdi. Belə ki, 2014-2017-ci illərdə neft qiymətlərindəki böhran üzündən neft ehtiyatı artmışdı. Bunun üçün ilk əvvəl gündəlik hasilat 1,8 milyon barel, sonra isə 1,2 milyon barel azaldıldı. Neftin qiymətinin yüksəldilməsinə çalışılırdı və buna müvəffəq də olundu. Amma əks nəticələrsiz də ötüşmədi.

Birincisi - ABŞ şist nefti o dərəcədə mənfəətli olmağa başladı ki, dünyanın ən böyük iqtisadiyyatı eyni zamanda da, dünyanın ən böyük neft hasilatçılarından birinə çevrildi.

İkincisi - Neftin qiyməti elə yüksəldi ki, beynəlxalq neft sənayesi yenidən dənizin dərinliklərindəki yataqlarla maraqlanmağa başladı.

Neft hasilatının məhdudlaşdırılması ilə bağlı müqavilə bir neçə dəfə uzadılıb, lakin bu ayın axırında onun vaxtı bitir. Tələb və təklifin monitorinqinə cavabdeh olan komitə Azərbaycanın paytaxtı Bakıda görüşdükdən sonra da müqavilənin uzadılması məsələsində razılığa gəlinməyib.

Rusiya və Səudiyyə Ərəbistanı enerji nazirlərinin görüşü zamanı onlar arasındakı fikir ayrılığı ona gətirib çıxarıb ki, OPEK+ ölkələri nazirlərinin aprel ayında nəzərdə tutulan görüşü Rusiyanın xahişi ilə təxirə salınıb. Bunun əvəzinə enerji nazirləri OPEK-in 25-26 iyunda keçiriləcək növbəti toplantısında görüşəcəklər.

Səudiyyə Ərəbistanının enerji naziri Xalid əl-Falih vəziyyəti belə şərh edib: “Biz belə razılığa gəlmişik ki, gözləmək lazımdır. Görək işlər necə gedəcək. Bundan başqa biz qərara gəlmişik ki, apreldə görüşmək hələ çox tezdir. Biz bazardakı vəziyyətin tədricən yaxşılaşmasını müşahidə edirik, lakin mən tərəddüd etmədən bəyan edirəm ki, istehsal məhdudiyyətini götürməyə ehtiyac yaranana kimi hələ çox iş görmək lazımdır”.

Rusiya energetika naziri Aleksandr Novak nazirlərin apreldə nəzərdə tutulan görüşünün təxirə salınmasının səbəbini OPEK-ə daxil olan Venesuela və İrana qarşı tətbiq olunmuş sanksiya ilə əlaqələndirib.

O, deyib: “Sanksiyalar uzunmüddətli planlaşdırmanı mümkünsüz edir və investisiya qərarları üçün lüzumsuz qarmaqarışıqlıq yaradır. Əslində isə, hətta bir neçə ay irəliyə doğru plan qurmaq çətindir. Öz neftini ixrac etmək üçün sanksiyaların arxasında dayanan ölkələrin olması da problemi azaltmır”.

Digər yandan isə, neft istehlak edən ölkələrinin nöqteyi- nəzərinə görə, OPEK+ ölkələrinin hasilatı məhdudlaşdırmaq qərarı absurd görünür. Belə ki, onsuz da tam istehlak üçün gündəlik 2,5 milyon barrel neft çatmır.

- Dövlət büdcəsi

Neft bazarındakı atmosfer çox gərgindir və yaxınlarda belə vəziyyət çətin ki, yaxşılaşsın. Çünki qiymətin tez-tez enib qalxması halında aviaşirkətlər və dəniz nəqliyyatı şirkətlərinin yanacağa olan tələbatına aid riskləri sığortalamaq praktik baxımdan mümkün olmur.

Səudiyyə Ərəbistanı istəyir ki, Şimal dənizindən çıxan xam neft 70 dollar səviyyəsinə çatana qədər hasilat aşağı olsun. Səudiyyə Krallığının 2019-cu il büdcəsi neftin qiymətinin orta hesabla 80 dollar olmasına dayanır. Ancaq hətta neftin bu cür yüksək qiyməti də, büdcə kəsirini aradan qaldırmır. 2018-ci ildə büdcə kəsiri təxminən 35 milyard dollardı. Beynəlxalq Valyuta Fondunun son hesablamaları göstərir ki, Səudiyyə Ərəbistanı büdcəsinin tarazlaşdırılması üçün bir barel neftin orta qiyməti 95 dollar olmalıdır.

Səudiyyədən fərqli olaraq, Rusiya tamamilə başqa vəziyyətdədir, çünki onun 2019-cu il dövlət büdcəsi orta hesabla neftin bir barelinin qiymətini 40 dollardan götürür. Prinsipial fərq ondan ibarətdir ki, Rusiya neft sənayesi gəlirlərini dollarla alır, xərcləri isə rublladır. Səudiyyə Ərəbistanının isə, həm gəlirləri, həm də xərcləri dollarladır.

Bu il Səudiyyə Ərəbistanından Rusiyanın ünvanına şikayət səslənmişdi. S.Ərəbistanı bildirib ki, Rusiya hasilatı razılaşdırılmış səviyyəyə qədər endirmir.

- Fikir ayrılığı

Rusiya, OPEK-in neftin qiymətinin yükəsldilməsinə yönəlmiş məqsədyönlü siyasətinin uzunmüddətli perspektivdə əks təsir göstərəcəyi ilə bağlı narahatlığını gizlətmir.

Neft qiyməti sahəsindəki “müharibə” 2014-cü ilin yazında başlayıb. Onda, Səudiyyə Ərəbistanı başda olmaqla, OPEK ölkələri qərara gəldilər ki, ABŞ şist nefti istehsalçılarına bazarın bir hissəsini uduzmaq olmaz. Bu qarşıdurma indiyədək Rusiyaya güclü təsir göstərir. Həmin dövrdən sonra Rusiya öz iqtisadiyyatında yaranmış çətinliklərin öhdəsindən gəlmək yolunda gərgin işləyir.

Neft müharibəsi ABŞ şist nefti istehsalçılarını vurub, amma OPEK Amerika neft sənayesinin dayanıqlığını tam dəyərləndirə bilməyib. Amerika şirkətləri xərcləri azaldıb, on minlərlə adam işdən çıxarılıb və həm yeni yataqların axtarılması, hasilatın avtomatlaşdırılması istiqamətində intensiv işə başlayıb.

ABŞ şist neft sənayesinin yeni yanaşmasına görə, bir barrel üçün 50 dollar normaldır və bütün yeni yataqlar bu cür gəlir gətirməlidir. Ona görə də, ABŞ neft şirkətləri indiki halda yaxşı pul qazanırlar.

Məsələ ilə əlaqədar Aleksandr Novak deyib: “Neftin aktual qiyməti, həm istehlakçılar və həm də istehsalçılar üçün əlverişlidir. Balansın pozulmasının mənası yoxdur”.

Xalid əl-Falih hesab edir ki, ABŞ-ın kommersiya neft ehtiyatı “normadan xeyli çoxdur” və onun fikrinə görə, neftin hasilatını indikindən də çox məhdudlaşdırmaq lazımdır.

Əgər Rusiya və Səudiyyə Ərəbistanı arasında kompromis üçün hansısa əsas varsa da, bu, böyük ehtimalla yalnız nazirlərin iyun görüşündə aydınlaşacaq (“Jyllands-Posten”-Danimarka).

Qeyd edək ki, texnolgiya inkişaf etdikcə şist neftinə çəkilən xərclər də azalacaq və bundan sonra ABŞ ucuz qiymətə daha çox neft hasil etmək imkanı qazanacaq. Rusiya ərazisində də belə yataqlar var, lakin onların bunu çıxarmaq üçün texnoloji imkanları yoxdur. İqtisadiyyatlarını sırf neft üzərində quran ölkələr əvvəl-axır böyük çətinliklərlə qarşılaşacaqlar, indi OPEK ölkələrinin tədbirləri faktiki baxımdan onların düşüdükləri problemləri müəyyən qədər həll edə bilər, lakin uzunmüddətli perspektivdə bunlar köməyə gəlməyəcək. Çünki məsələyə daha dərindən yanaşsaq, aydın olar ki, bir yanacaq növü kimi neftə olan tələbat dünya iqtisadiyyatının vəziyyətindən asılıdır.

Belə ki, əgər dünya iqtisadiyyatındakı böyümə zəifləyərsə, onda neftə olan ehtiyac azalacaq. 2008-ci ildəki ümumdünya maliyyə böhranını və 2014-2015-ci illərdə dünya iqtisadiyyatındakı böyümə tempinin ləngiməsini xatırlasaq, onda görərik ki, neft hasilatının azaldımasına yönələn fəaliyyətlər yalnız preventiv xarakterlidir. Heç şübhə yoxdur ki, enerji bazarında spekulyativ əməliyyatlar da həyata keçirilir, amma bunlar qısamüddətli perspektivdə baş verir və daimi xarakter daşımır. İqtisadiyyatı inkişaf etmiş ölkələr yanacağa olan tələblərini ekstremal vəziyyətlərə hazır tənzimləyirlər. Ancaq iqtisadiyyatını yalnız neft təklifi üzərində quran Səudiyyə Ərəbistanındakı kral ailəsinin xərcləri ölkə büdcəsini böyrü üstə yıxır. Rusiyadakı vəziyyət də buna bənzəyir.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar