Milli Məclis bu quruma səlahiyyət verməkdən imtina etdi

“Banklar haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi Milli Məclisin (MM) sabah, martın 29-da keçiriləcək plenar iclasının gündəliyindən çıxarılıb.

Oxu.az-ın MM-dən əldə etdiyi məlumata görə, buna səbəb qanun layihəsində Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi nəzərdə tutulan səlahiyyətin mübahisəli olması olub.

Belə ki, dəyişikliklə bank faizlərinin yuxarı həddinin məhz Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulurdu ki, bu da mövcud prosedurlara və qaydalara uyğun gəlmir.

Bu məsələnin adıçəkilən Palatadan daha çox, Mərkəzi Bankın səlahiyyətində olduğu nəzərə alınaraq, dəyişiklik məqsədəuyğun hesab edilməyib və qanun layihəsi son anda gündəlikdən geri çəkilib.

“Banklar haqqında” qanuna 36.6-1-ci maddə əlavə edilirdi. Əlavə edilən 36.6-1-ci maddəyə əsasən, bankların müştərilərlə bağladığı kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və göstərilən bank xidmətləri üçün digər ödənişlərin yuxarı həddi maliyyə bazarlarına nəzarət orqanı (Palata) tərəfindən müəyyən edilir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin üzvü Asim Zülfüqarov məsələni şərh edərək bildirmişdi ki, “Banklar haqqında” qanuna edilən düzəliş vətəndaşların sosial rifahının yaxşılaşdırılması, istehlakçıların hüquqlarının qorunması baxımından böyük əhəmiyyət daşıyır. İnsanlara daha aşağı faizlə güzəştli kreditlər veriləcək. Dəyişiklik banklar arasında da ədalətli rəqabət mühiti yaradacaq.

Qanun layihəsi Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaqdı.

Qeyd edək ki, iqtisadçılar kredit fazilərinə yuxarı tavan müəyyən edilməsini doğru qərar hesab etmirlər. Onlar parlamenti bu dəyişikliyi qəbul etməkdən vaz keçməyə çağırmışdılar. İqtisadçılar hesab edirlər ki, kredit faizlərini və xidmət haqlarını bazar tənzimləməlidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar