Quaydo Maduroya qarşı “Azadlıq əməliyyatı” hazırlayır

 

Venesuelada 6 aprel iqtidarın “Məhşər günü” ola bilər; ölkə enerji böhranı içindədir və şənbə günü müxalifət küçələrə axışacaq, Kreml Trampa rədd cavabı verdi

Rusiyanın Venesuelaya əsgər göndərməsi və Trampın “Rusiyanın oradan çıxması lazımdır” deməsindən sonra ölkədə son vaxtlar səngiyən gərginlik yenidən yüksəlib.

Venesuelada özünü müvəqqəti prezident elan edən Milli Məclis sədri Xuan Quaido, müxalifləri şənbə günü ölkə daxilində küçəyə çıxmağa çağırıb.

Siyasi və iqtisadi böhranla yanaşı, elektrik fasilələri ilə təlatümlü bir dövr yaşayan Venesuelada küçələr yenidən hərəkətə gəlir.

ABŞ başda olmaqla, bir çox Qərb və Latın Amerika ölkəsinin dəstəyini alan müxalif lider Quaido, paytaxt Karakasın Əl Paraiso səmtində müxalifətin digər partiyalarından olan Demokratik Hərəkat Mərkəzindən tərəfdarlarına müraciət edib.

Venesueladakı müxalif liderlərdən Manuel Rosales və Henrique Caprilesin də müşayiət etdiyi Quaido, elektrik fasilələrini işarə edərək şənbə günü küçəyə çıxacaqlarını və bu aksiyaların 6 apreldə başladacaqları “Azadlıq əməliyyatı”nın bir məşqi olacağını deyib.

Quaido “Bütün ölkədə dövlət xidmətlərindəki çatışmamazlığı etiraz etmək üçün küçəyə çıxırıq. İşıqlar söndü deyə passiv aktyorlar kimi gözləyə bilmərik” deyib.

Bundan başqa, Venesueladakı müxaliflərin öz ölkələrinə yönəlik bir hərbi müdaxilənin qanuniləşdirilməsi çağırışlarına toxunan Quaido, dəqiq bir açıqlama vermədən hər variantın masada olduğunu və bu vəziyyətin də müzakirə olunacağını ifadə edib.

Son xəbərə görə, Venesuelanın 70%-i elektrik böhranı səbəbindən internetsiz qalıb. Bunu müxtəlif ölkələrdə internet istifadəsini araşdıran qeyri-hökumət təşkilatı “NetBlocks” açıqlayıb.

Paytaxt Karakas polisindən bildirilib ki, “El-Quri” SES-ində yaranmış qəza səbəbindən ölkənin azı 21-23 ştatı hələ də qaranlıqda qalıb. Elektrik problemi paytaxtın özündə də qalmaqdadır.

Venesuelanın rabitə və informasiya naziri Xorxe Rodriqesin sözlərinə görə, ölkənin milli energetika xidməti hazırda bərpa işləri aparır.

Bu arada Braziliyanın müdafiə naziri Fernando Azevedo de Silva Venesuelaya qarşı hərbi güc istifadə etməyi düşünmədiklərini söyləyib.

Nazir böhranın sülh ilə həll olunmasına ümid etdiklərini söyləyib: “Venesuelaya hərbi müdaxilə düşündüyümüz bir hipotez deyil”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə deyib ki, Venesuelanın beynəlxalq banklardakı hesablarını donduran Qərbin bu ölkəyə humanitar yardım təklif etməsi qlobal səviyyədə ikiüzlülükdür.

O bildirib ki, Qərb Venesuelada hakimiyyəti dəyişmək üçün bu ölkədə xalqın yaşadığı ağır və qorxunc şəraitdən istifadə edir: “30 milyard dollar donduruldu və oğurlandı. İndi isə bu pulla humanitar yardım təklif edilir”.

Kremldən verilən açıqlamada Rusiya dövlətinin ABŞ prezidenti Donald Trampın “Hərbi qüvvələrini Venesueladan çıxar” çağırışına rədd cavab verdiyi bildirilib. Tramp Rusiya hərbçilərinin Venesuela ərazisindən çıxmasını tələb eləmişdi.

Rəsmi Moskva hərbçilərin Venesuela dövlətinin qanuni hakimiyyətinin dəvəti ilə orada yerləşdirildiyini bildirib və okeanın o tayındakı ölkədəki hərbi varlığının beynəlxalq hüquqa uyğun olduğunu vurğulayıb.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar