"David Tonoyanın çıxışı təhrikçi xarakter daşıyır" - XİN

Ermənistan müdafiə naziri David Tonoyanın Nyu-Yorkda erməni icması ilə görüş zamanı “sülh naminə ərazi” formulasının əvəzinə “yeni ərazilər üçün yeni müharibə” fikrini səsləndirməsi bu ölkənin işğalçı və qəsbkar siyasətinin Ermənistanın yüksək səviyyəli rəsmisi tərəfindən növbəti etirafıdır.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin şərhində qeyd olunub. Bildirilib ki, Ermənistan müdafiə naziri D.Tonoyanın Nyu-Yorkda erməni icması ilə görüş zamanı “sülh naminə ərazi” formulasının əvəzinə “yeni ərazilər üçün yeni müharibə” fikrini səsləndirməsi bu ölkənin işğalçı və qəsbkar siyasətinin Ermənistanın yüksək səviyyəli rəsmisi tərəfindən növbəti etirafıdır.

"Ermənistan Baş nazirinin Vyanada Azərbaycan dövlət başçısı ilə görüşü nəticəsində münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar prosesində konkret və nəticəyə yönəlik addımların atılması və sülh mühitinin yaradılması ilə bağlı qəbul edilən birgə bəyanatdan dərhal sonra erməni müdafiə nazirinin belə bir çıxışı təhrikçi xarakter daşıyır və münaqişənin sülh yolu ilə həllinə və bu xüsusda Minsk Qrupunun həmsədrlərinin simasında beynəlxalq ictimaiyyətin səylərinə qarşı çıxır.

Ermənistan tərəfinin diqqətinə çatdırırıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer alır və beynəlxalq hüququn ona verdiyi özünümüdafiə haqqı ilə Azərbaycan işğal edilmiş torpaqlarını qısa müddətdə azad etmək iqtidarındadır".

Qeyd olunub ki, Azərbaycan Ermənistan kimi digər dövlətlərin ərazilərinə iddialarla çıxış etmir və ərazilər zəbt etmək fikrində deyil: "Azərbaycanın tələbi BMT TŞ-nin müvafiq qətnamələrinə uyğun olaraq, onun beynəlxalq tanınmış ərazilərindən işğalçı Ermənistan qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxmasıdır. Bütün bu illər ərzində beynəlxalq ictimaiyyətin dəsətəyi ilə aparılan səylərimiz məhz bu məqsədə yönəlib. Əks təqdirdə, Azərbaycan beynəlxalq hüququn müvafiq norma və prinsipləri, o cümlədən BMT Nizamnaməsini rəhbər tutaraq öz torpaqlarını bütün digər vasitələrlə erməni işğalından azad etməyə hazırdır və bundan ən yaxşı xəbərdar olan elə məhz Ermənistandır.

Yekunda müdafiə nazirinin çıxışı kontekstində Ermənistan ali rəhbərliyinin şərhlərini eşitmək istərdik: Nazir bu çıxışını Ermənistan rəhbərliyinin razılığı əsasında edibmi, yoxsa bu Nazirin ən azından danışıqların mahiyyətini və nəticədə qəbul edilmiş birgə bəyanatı şübhə altına alan şəxsi improvizasiyasıdırmı?"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar