Sabah Hüseyn Abdullayev hakim qarşısına çıxarılacaq – İş üzrə 30 zərərçəkən, 10 təqsirləndirilən şəxs var

Dərc olunub: 01/04/2019 - 08:29

1444917560_quska-1Aprelin 2-də Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək. Cinayət işinin baxılması üçün Hərbi Məhkəməyə göndərilməsi təsadüfi deyil. İş üzrə sabiq deputatla birgə ittiham edilən 9 nəfərdən 8-i Dövlət Sərhəd Xidmətinin əməkdaşları, digər 1 şəxs isə Hüseyn Abdullayevin anası Zeynəb Abdullayevadır.

Hüseyn Abdullayevə ümumilikdə 14, təqsirləndirilən hərbçilərə 8, sabiq deputatın anası Zeynəb Abdullayeva isə 3 maddə ilə ittiham elan olunub. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində 30 nəfər tanınıb. Hakim qarşısına çıxarılacaq DSX hərbçiləri bu şəxslərdir: Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Nazim Əliyev, Zaur Quliyev. Cinayət işinə hakim Həbib Həsənovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun birgə məlumatına görə, “Araz İNC” MMC-də 1 milyon 436 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. Cəmiyyətin fəaliyyətinə faktiki rəhbərlik etmiş Hüseyn Abdullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib, Azərbaycan ərazisindən kənarda istintaqdan gizləndiyi üçün barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilməklə “İnterpol” xətti ilə beynəlxalq axtarış elan olunub. 3 oktyabr 2016-cı il tarixdə Hüseyn Abdullayevə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılıb. Təqsirləndirilən şəxs Hüseyn Abdullayev Türkiyə ərazisində tutularaq 22 aprel 2018-ci il tarixdə Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilib.

Bundan başqa, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə Hüseyn Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən müəssisənin idarə olunmasını həyata keçirən Namiq Babayev və digər təqsirləndirilən şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək ümumilikdə 1 milyon 374 min manat məbləğində gəlirlərin cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividendləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib. Eləcə də Hüseyn Abdullayevin dəfələrlə Namiq Babayev vasitəsilə, daha sonra isə Almaniyadan istifadəsində olan telefondan “Autist Uşaqların Reabilitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib, tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edilib. (Musavat.com)








loading...


Fikrinizi bildirin