Azərbaycan Premyer Liqası: Bu gün XXII turun daha 2 oyunu keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında XXII turun son 2 matçı keçiriləcək.

"Report" xəbər verir ki, 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar turun ikinci oyun günü məhz aprelin 1-nə təsadüf edib.

İlk görüşlər paytaxtda təşkil olunmuşdusa, bu dəfə komandalar Bakıdan kənarda meydana çıxacaqlar. Əvvəlcə "Qəbələ" debütant "Sabah"ı qəbul edəcək. Hazırda "qırmızı-qaralar" 29 xalla 4-cü, "göy-ağlar" 22 xalla 5-ci pillədədir. Bu matçın nəticəsi komandaların turnir cədvəlindəki vəziyyətinə təsir etməyəcək. Əvəzində avrokuboklara vəsiqə şansı verən 3-4-cü yerlər uğrunda mübarizədə intriqanın ölməməsi baxımından, qarşılaşma ciddi əhəmiyyətə malikdir. "Qəbələ" mütləq qalib gəlməlidir ki, 3-cü pillədəki "Səbail"lə xal fərqini yenə 2-yə endirsin. "Sabah"a isə qələbə təqdirində "qırmızı-qaralar"a çatmağa daha 4 xal lazım gələcək.

Bu mövsüm iki komanda 3 dəfə Premyer Liqada, 2 dəfə Azərbaycan Kubokunun 1/4 final mərhələsində üz-üzə gəlib. Çempionatın ilk dövrəsində bakılılar üstün olubsa, qalan 4 oyunda əyalət komandası qalib ayrılıb. "Qəbələ"nin Premyer Liqa meydanındakı yeganə matçda hər iki komanda qol vurub. Topların nisbətində isə "qırmızı-qaralar" üstündür - 3:2.

Turun son matçında isə autsayder "Sumqayıt" "Kapital Bank Arena"da son 5 mövsümün çempionu "Qarabağ"la qarşılaşacaq. Hazırda "gənclik şəhəri" təmsilçisi 17 xalla 8-ci pillədədir. Bu komanda qalib gəlsə, turnir cədvəlində bir pillə irəliləyəcək. 45 xala malik "Qarabağ"a isə qələbə mütləq lazımdır ki, lider "Neftçi" ilə xal fərqində yenidən bərabərləşdirsin.

İki komanda 28-ci dəfə üz-üzə gələcək. Əvvəlki görüşlərdən cəmi 4-də "Sumqayıt" qələbə qazana bilibsə, 20 matçda "Qarabağ" sevinib. Cəmi 3 qarşılaşma isə heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də Ağdam təmsilçisi xeyli üstündür - 56:12. “Qarabağ” ardıcıl 4 quru hesablı qələbə qazanıb, “Sumqayıt” 14 oyundur bunu bacarmır.

Azərbaycan Premyer Liqası, XXII tur

1 aprel (bazar ertəsi)

14:00. “Qəbələ” – “Sabah”

Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Nail Nağıyev

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Asif Əliyev

Qəbələ şəhər stadionu

İlk 3 dövrədəki oyunlar - 0:1, 2:1, 1:0

18:30. “Sumqayıt” – “Qarabağ”

Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Əli Cəbrayılov, Kamal Umudlu

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“Kapital Bank Arena”

İlk 3 dövrədəki oyunlar: 0:1, 0:2, 0:2

Qeyd edək ki, turun ilk oyun günündə "Səbail" səfərdə "Zirə"ni 2:1, "Neftçi" "Keşlə"ni 1:0 hesabı ilə yenib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar