SİBİRİN PAYTAXTINDA AZƏRBAYCAN GÜNLƏRİ – Heydər Əliyev Fondunun yubileyindən – REPORTAJ - FOTOLAR

“Həmrəylik” Fondu ilk tədbirini Novosibirskdə keçirdi; Mirkazım Seyidovun “Birinci ledi” kitabının təqdimatı oldu

Bu gün Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ad gününü – 50 illik yubileyini qeyd edir.

1964-cü il avqustun 26-da Bakıda anadan olan Mehriban Əliyevanın yubiley yaşı həm də onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun 10 illik yubileyi ilə eyni vaxta təsadüf edir. Bununula bağlı olaraq respublikada ayrı-ayrı qurumlar, ictimai-siyası təşkilatlar tərəfindən müxtəlif tədbirlər keçirilib və keçirilməkdədir.

Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti ölkə sərhədləri ilə məhdudlaşmadığından, respublikadan kənarda da həm Fondun, həm də Azərbaycanın Birinci xanımının yubileyinə həsr olunmuş tədbirlər təşkil olunur.

Belə tədbirlərdən biri də “Həmrəylik” Türkdilli Xalqların Slavyan Xalqları ilə Birgə Əməkdaşlıq Fondu tərəfindən Rusiyanın ən böyük şəhərlərindən birində, uzaq Sibirin paytaxtı hesab olunan Novosibirsk şəhərində təşkil edilmişdi. “DOSTLUQ KÖRPÜSÜ: Azərbaycan-Rusiya” adlanan Dövlətlərarası elmi-praktiki konfrans Heydər Əliyev Fondunun 10 illik yubileyinə, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın ictimai–siyasi fəaliyyətinə həsr olunmuşdu.

Qeyd edək ki, Novosibirskdə yaradılan “Həmrəylik” Türkdilli Xalqların Slavyan Xalqları ilə Birgə Əməkdaşlıq Fondu yalnız Rusiya ərazisində deyil, bütün türkdilli və slavyan dövlətlərində fəaliyyət göstərməyi, bu ölkələrin xaqları arasında dostluğu, əməkdaşlığı möhkəmləndirməyi, mədəni əlaqələri genişləndirməyi hədəfləyib. Artıq Azərbaycan Nümayəndəliyi də fəaliyyətə başlayan bu Fondun yaradılmasının təşəbbüskarı və faktiki rəhbəri tanınmış ictimai-siyasi xadim, şair-publisist Mirkazım Seyidovdur. Fond haqqında bu qısa məlumatdan sonra qayıdaq tədbirə...

Avqustun 20-21-də Novosibirskdə “Oktyabr inqilabı” Mədəniyyət Evində keçirilən konfransa Azərbaycandan dövlət qurumlarının təmsilçiləri, ictimai-siyasi təşkilatların, Yazıçılar Birliyinin, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri, eləcədə tanınmış incəsənət xadimlərindən ibarət olmaqla, 22 nəfərlik nümayəndə heyəti getmişdi.

Tədbirdə həmçinin Rusiyanın müxtəlif bölgələrindən Azərbaycan diasporunun nümayəndələri, türkdilli və slavyan dövlətlərindən ictimai-siyası xadımlər, elm adamları da iştirak edirdi.

Konfransın aparıcıları Azərbaycan getmiş media nümayəndələri - “Lider” telekanalının “Səhər” proqramının aparıcısı Nuranə Axundova və jurnalist Teyyubə Məmmədova idilər. Onlara Novosibirskdən olan aktyor və müğənni Niyaz Osmanbəyov da yardım edirdi.

Aparıcılar konfrans iştirakçılarını salamladıqdan sonra Heydər Əliyev Fondunun və onun prezidenti M.Əliyevanın fəaliyyəti, gördüyü işlərlə bağl 15-20 dəqiqəlik məlumat xarakterli film nümayiş etdirildi. Film vasitəsilə konfrans iştirakçılarına Fondun, həmcinin Mehriban xanım Əliyevanın Azərbaycanda və xarici ölkələrdə gördüyü işlər, reallaşdırdığı layihələr barədə məlumat verildi.

Filmin nümayişi başa çatdıqdan sonra Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun konfrans iştirakçılarına təbriki oxundu. Təbrik məktubunda Rusiya-Azərbaycan münasibətlərinin strateji partnyorluq səviyyəsinə yüksəldiyini qeyd edən səfirin məktubunda,  iki ölkə arasında dostluğun möhkəmlənməsində Heydər Əliyev Fondunun və onun Rusiya nümayəndəliyinin gördüyü işlərin də böyük rolu olduğunu qeyd edilir, həmçinin Fondun prezidenti Mehriban Əliyevanın və vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyada çoxsaylı yaddaqalan tədbirlər həyata keçirildiyi vurğulanırdı.

Bundan sonra Türkiyənin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Aydın Adnan Sezginin konfransla bağlı “Həmrəylik” Türkdilli Xalqların Slavyan Xalqları ilə Birgə Əməkdaşlıq Fondunun rəhbəri M. Seyidova göndərdiyi məktub oxundu.

Məktublar oxunduqdan sonra söz “Həmrəylik” Türkdilli Xalqların Slavyan Xalqları ilə Birgə Əməkdaşlıq Fondunun təsisçisi Mirkazım Seyidova verildi. Mirkazım Seyidov konfrans iştirakçılarını salamladıqdan sonra əvvəlcə yeni yaradılan Fondun qarşıya qoyduğu vəzifələr haqqında danışdı. Fondun yaxın keçmişə qədər Novosibirskdə fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Forumun ənənələrini davam etdirəcəyini bildirdi.

Sonra M. Seyidov konfransın mövzusu ilə bağlı çıxış edərək Heydər Əliyev Fondunun gördüyü işlər və onun prezidenti M. Əliyevanın ictimai-siyasi fəaliyyətilə bağlı danışdı. Bildirdi ki, “Həmrəylik” Fondunun ilk beynəlxalq tədbirinin mövzusunun M.Əliyeva ilə bağlı seçilməsi təsadüfi deyil: “Mehriban xanımın Heydər Əliyev Fondunun prezidenti kimi son 10 ildəki fəaliyyəti onun mədəniyyətlər və dinlər arası əməkdaşlığın simvoluna çevrilməsinə səbəb olub. Buna görə də, biz Azərbaycanla Rusiya arasında dostluğun möhkəmlənməsinə xidmət edən bu konfransı Mehriban xanımın ictimai-siyası fəaliyyətinə həsr etdik.”

M.Seyidov Rusiyanın dünyada 5 ildir Heydər Əliyev Fondunun daimi nümayəndəliyinin fəaliyyət göstərdiyi yeganə dövlət olduğunu qeyd edərək, Fondun bu ölkədə gördüyü çoxsaylı işlərlə bağlı geniş məlumat verdi. Fondun Rusiyada təhsil, səhiyyə, mədəniyyət və sair istiqamətlərdə reallaşdırdığı layihələrdən danışdı. Fondun vitse-prezidenti Leyla Əliyevanın Rusiyadakı daimi nümayəndəliyə rəhbərlik etməsinin də bu ölkədə görülən işlərin miqyasını daha da artırdığını vurğuladı.

Sonda M.Seyidov konfrans iştirakçılarına təşəkkür edərək, Azərbaycan və Rusiya arasında dostluğun möhkəmlənməsinə xidmət edən tədbirləri bundan sonra da davam etdirəcəklərini bildirdi.

Sonra çıxış üçün söz Azərbaycan Diasporla iş üzrə Dövlət Komitəsinin təmsilçisi, Rusiya üzrə mütəxəssis Elçin Sultanova verildi.E.Sultanov Heydər Əliyev Fondunun və onun prezidenti M. Əliyevanın dünyanın müxtəlif ölkələrində Azərbaycan diasporunun möhkəmlənməsi istiqamətindəki fəaliyyətindən danışdı.

O, bildirdi ki, Fondun Rusiyadakı daimi nümayəndəliyinə rahbərlik edən Leyla Əliyeva, həm də Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri kimi bu ölkədə diasporanın güclənməsinə öz töhvəsini verir.

 

Azərbaycan Mətbuat Şurasının sədr müavini Rəhim Hüseynzadənin çıxışı isə türkdilli və slavyan xalqları arasında dostluğun, əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyinə həsr olunmuşdu.

Bütün gücünü müxtəlif mədəniyyətlər və dinlər arasında əməkdaşlığın möhkəmlənməsinə yönəldən M.Əliyevanın fəaliyyətinin bu istiqamətdə bir nümunə olduğunu qeyd edən R.Hüseynzadə, maraqlı təkliflə də çıxış etdi.

O, “Həmrəylik” Fonduna türkdilli və slavyan dövlətlərinin media qurumlarının iştirakı ilə Forum təşkil etməyi təklif etdi.

Bundan sonra Novosibirsk Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Natalya Palaşinaya söz verildi.

O, son illər milli zəmində münaqişələrin artmasının səbəblərindən danışaraq, bu cür tədbirlərin xalqlar arasında dostluğun möhkəmlənməsinə xidmət etdiyini söylədi.

Sonra “Birlik” Beynalxalq İctimai Hüquq-müdafiə Hərəkatının (BİHH) prezidentinin müavini, kazakların general-polkovniki Sibirxan İbrahimov çıxış etdi. O, əvvəlcə “Birlik” BİHH-nin prezidenti, Rusiyadakı və xaricdəki kazak ittifaqlarının Atamanı V.P. Podatevin konfransa təbrikini oxudu.

Sonra isə Novosibirskdə Azərbaycan diasporunun, xüsusən də M.Seyidovun fəaliyyətindən danışaraq, “Həmrəylik” Fondunun türkdilli və slavyan xalqları arasında dostluğun möhkəmlənməsinə xidmət edəcəyini vurğuladı.

Rusiya Jurnalistlər Birliyinin Novosibirsk vilayəti üzrə təşkilatının sədri Andrey Çelnakov isə Heydər Əliyev Fondunun Rusiyada gördüyü işlərin əhəmiyyətindən danışdı.

Azərbaycan Yazıçılar Birliyinin sədrinin müşaviri Rauf Aslanov çıxışında Heydər Əliyev Fondunun mədəniyyətə qayğısı, dövlətlər arasında mədəni əlaqələrin möhkəmlənməsindəki roluna toxundu.

Eyni zamanda, türkdilli və slavyan xalqları arasında əməkdaşlığa xidmət edən belə tədbirlərin vacibliyini qeyd etdi.

Tədbirdə ehtiyyatda olan polkovnik-leytenant Maksim Alekseyev, Novosibirskidəki Azərbaycan diasporunun tanınmış nümayəndələri də çıxış edərək həm tədbirin əhəmiyyətindən, həm də Heydər Əliyev Fondunun Rusiyada gördüyü işlərdən bəhs etdilər.

Tədbirin təşkilatçısı Mirkazım Seyidov konfransın təşkilinə verdikləri dəstəyə görə Abşeron rayon İcra Hakimiyyətinin

başçısı Zakir Fərəcova, iş adamları Vəli Nağıyevə və Vüsal Əliyevə təşəkkür etdi. Onların hər biri üçün ayrı-ayrılıqda hazırlanmış təşəkkür məktubları konfrans iştirakçıları üçün oxundu. Konfransda iştirak edən V.Əliyevə məktub şəxsən tədim olundu.

Bundan sonra konfransın hazırladığı bəzi sənədlərin qəbuluna keçildi. Əvvəlcə konfransın Bəyannaməsi səsə qoyularaq qəbul edildi. 8 bənndən ibarət Bəyannamədə Rusiya prezidenti Vladimir Putinə müraciət edilərək, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı Dostluq Ordeni ilə təltif etmək təklif olunur. Analoji müraciət Azərbaycan prezidentinə də edilir ki, M.Əliyevanı ölkənin ən ali mükafatı ilə təltif etsin.

İlham Əliyevdən həmçinin “Həmrəylik” Türkdilli Xalqların Slavyan Xalqları ilə birgə Əməkdaşlıq Fonduna dəstək verməsi də xahiş edilir.

Sonra konfransın Ukraynadakı hadisələrlə bağlı planetin ictimai-siyasi, elm-təhsil-mədəniyyət xadimlərinə, ümumiyyətlə bütün sağlam düşüncəli insanlarına Müraciəti səsə qoyularaq qəbul edildi. Müraciətdə Ukraynada gücdən istifadə pislənilərək, münasibətlərin danışıqlar yolu lə aydınlaşdırılmasının zəruriliyi qeyd olunur.

Sənədlərin qəbulundan sonra konfransın birinci hissəsi başa çatdı və 15-20 dəqiqəlik fasilə elan olundu. Fasilədən sonra yazıçı-publisist Mirkazım Seyidovun nəfis tərtibatda, 3 dildə- Azərbaycan, rus və ingilis dillərində çapdan çıxmış “Birinci ledi” kitabının təqdimatı keçirildi. Heydər Əliyev Fondunun 10 illiyinə, onun prezidenti Mehriban xanım Əliyevanın 50 illik yubileyinə həsr olunan kitab haqda fikirlərini bildirmək üçün səhnəyə Rusiya Yazıçılar İttifaqının Növosibirsk Şöbəsinin sədri Anatoliy Şalin və nəşrin redaktoru, professor, Rusiya Jurnalistlər İttifaqının üzvü Vladimir Krılov dəvət edildi. Hər iki şəxs kitab haqda yüksək fikirlər səsləndirərək, Mirkazım Seyidovun həm poetik, həm də fəlsəfi baxımdan sanbalı bir əsər ortaya qoyduğunu bildirdilər.

Anatoliy Şalin bildirdi ki, artıq uzun illərdir Rusiyada rəhbər şəxslərin xeyirxah əməllərini tərənnüm edən bələ əsərlər yazılmır. Ancaq bu çür əsərlərin yazılması vacibdir.

Vladimir Krılov isə “Birinci ledi” poemasının şərqlilərə xas üslubda yazılmış və hər bir kəsin yorulmadan oxuya biləcəyi bir əsər olduğunu söylədi.

Çıxışlardan sonra aparıcılar konfrans iştirakçılarına kitabdan Azərbaycan və rus dillərində seçmələr oxudular.

Sonra söz kitabın müəllifi Mirkazım Seyidova verildi. O, bu əsəri yazmaq ideyasının necə meydana gəldiyi və eləcə də poemanın məzmunu haqda qısa məlumat verdi. M.Seyidov kitabın nəşr olunub ortaya çıxmasında xidməti olan hər kəsə təşəkkür etdi. Həmçinin, M.Əliyevanın fəaliyyətinə həsr olunmuş əsərlər yazmağı davam etdirəcəyini bildirdi. O, konfrans iştirakçılarına təşəkkür edərək, tədbirin rəsmi hissəsinə yekun vurdu.

Bundan sonra tədbirin bədii hissəsi başladı. Azərbaycandan Novosibirskə gəlmiş müğənnilər - xalq artistləri Simarə İmanovaBilal Əliyev, gənc müğənni Sədaqət Quliyeva bir-birindən gözəl ifaları ilə zalı coşdurdular. Onlarla bərabər Novosibirskdən olan aktyor və müğənni Niyaz Osmanbəyov da bir neçə mahnı ifa etdi.

Bununla da “Həmrəylik” Türkdilli Xalqların Slavyan Xalqları ilə Birgə Əməkdaşlıq Fondu tərəfindən Novosibirsk şəhərində təşkil edilmiş və Heydər Əliyev Fondunun 10 illik yubileyinə, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın ictimai–siyasi fəaliyyətinə həsr olunmuş “DOSTLUQ KÖRPÜSÜ: Azərbaycan-Rusiya” adlanan Dövlətlərarası Elmi-praktiki Konfransına yekun vuruldu.

İ. İsmayılbəyli

Bakı-Novosibirsk-Bakı

AzPolitika.info

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar