“DÜŞÜNÜN, PUTİNLƏ KİM GÖRÜŞƏCƏK?...” – "Axı, Rusiyanı Maksim Qalkin təmsil etmir..."

Ukraynada keçirilən prezident seçkisinin 1-ci turu demək olar ki, gözlənilən nəticələrlə başa çatdı. Artıq xeyli müddət idi ki, şoumen Vladimir Zelenskinin birinci olacağı və seçkinin ikinci turunun qaçılmaz olduğu barədə rəy formalaşmışdı. Yeganə sual növbəti turda onun rəqibinin kim olacağı idi.

Təxminən son 1 aya qədər çoxları ikinci yerə sabiq baş nazir Yuliya Timoşenkonun çıxacağını düşünsələr də, seçkiyə az müddət qaldığı dönəmdə hazırkı prezident reytinqlərdə xeyli irəliləməyi bacardı və bu sıçrayış seçki günü də özünü göstərdi. Səslərin 70 faizinin sayılmasından sonra Zelenskinin 30.4 faiz, Poroşenkonun 16.9 faiz, Timoşenkonun 13.1 faiz, Rusiyanın namizədi kimi tanınan Yuri Boykonun isə cəmi 11.5 faiz səs topladığı məlum olub.

“Kolomoyskinin kuklası...”

İkinci tura ikinci nəticə ilə keçən Poroşenko nəticələr elan olunmağa başlayandan sonra Zelenskini “Kolomoyskinin kuklası” (İqor Kolomoyski yəhudi əsilli ukraynalı milyarderdir və Zelenskinin himayədarı sayılır-red.) adlandırıb və seçiciləri növbəti turda “zarafatyana” yox, məsuliyyətlə səs verməyə çağırıb: “30 yaşa qədər olan seçicilərə üz tuturam – sizin narazılığınızı başa düşürəm və sizi eşitdim. Siz də məni eşidin. 5 ildə bizim etdiklərimiz gənclər üçündür, Ukraynanın avropalaşan gələcəyi üçündür. Lakin ikinci turda səhvə yol verməklə, biz bütün bunları itirə bilərik...”

Daha sonra Zelenskinin sadəcə şoumen və siyasətdə naşı olmasına eyham vuran Poroşenko onun ali baş komandan, yaxud Putinlə tərəf müqabili olacağı ehtimalına ironiya ilə münasibət bildirib: “Düşünün ki, ali baş komandan kim olacaq, Qərb partnyorlarımızla Rusiyaya qarşı sanksiyaları kim təmin edəcək, daha sonra Moskva ilə danışıqlarda Ukraynanı kim təmsil edəcək? Axı Rusiyanı Maksim Qalkin və Yevgeni Petrosyan (hər ikisi komediya aktyorlarıdır-red.) yox, Putin təmsil edəcək... Bir neçə saatdan sonra aprelin 1-i gələcək, gülərik və bəsdir”.

Prezident Rusiyanın arzularının əksinə olaraq, ikinci tura çıxmasını uğur kimi qeyd edib və rəsmi Moskvanın hələ uzun müddət məhz onunla işləməli olacağını bildirərək, qələbəyə inandığını deyib.

Daha sonra həlledici tura aid planlarından danışan Poroşenko, ikinci turda əsas mübarizənin teledebatlar vasitəsilə aparılmasının vacib olduğunu deyib və qarşı tərəflə açıq debata hazır olduğunu önə çəkib. Lakin Zelenskinin bu cür mübarizəyə hazır olmadığı üzə çıxıb. Belə ki, onun komandasının sözçüsü teledebatlara ehtiyac duymadıqlarını bildirib və bunu onunla əsaslandırıb ki, guya cəmiyyətin bu teledebatlara ehtiyacı yoxdur. Lakin müşahidəçilər əksinə, buna ciddi ehtiyac duyulduğunu və teledebatların heç də Zelenskinin xeyrinə olmayacağını qeyd edirlər.

“Bu, hələ ilk addımdır...”

Yarışın lideri olan V.Zelenski isə ilkin nəticələr elan olunan ərəfədə yerli jurnalistlərlə stolüstü tenis oynayıb. Nəticələr açıqlanmağa başlayandan sonra sualları cavablandıran şoumen “bu, hələ ilk addımdır” deyərək, sevincini paylaşsa da, suallara bir qədər yayğın cavablar verib. İlk olaraq, Ukraynanın rəsmi dilində bir o qədər səlist danışa bilmədiyi açıq-aşkar sezilən Zelenski gələcək komandasının tərkibini yalnız ikinci turdan sonra açıqlayacağını bildirib və jurnalistlərdən mümkün qədər tez yaxa qurtarmağa çalışıb.

Bu arada onun sabiq baş nazir Yuliya Timoşenko ilə separat danışıqlara gedərək, prezident seçiləcəyi təqdirdə xanım siyasətçiyə baş nazirlik postu vəd etdiyinə dair məlumatlar yayılıb. Lakin şoumen bu məlumatları qətiyyətlə təkzib edib. Bununla yanaşı, namizəd bildirib ki, ikinci turda uduzsa, “Maydan”da böyük mitinqlər keçirib, çadırlar qurmaq fikrində deyil.

Timoşenko nəticələrlə barışmır

İkinci tura keçə bilməyən Yuliya Timoşenko yeganə namizəddir ki, seçkidə ciddi pozuntuların olmasından və səslərin düzgün sayılmamasından gileylənir. Digər namizədlər müəyyən xırda pozuntular olsa da, bunların nəticələrə təsir etmədiyini bildiriblər.

Sabiq baş nazir isə öz komandasına nəticələri yenidən gözdən keçirməyi tapşırıb və onların əlində olan protokollara görə, ikinci tura Zelenski ilə özünün keçdiyini iddia edib. Lakin MSK-nın rəsmi açıqlamaları ilə xanım siyasətçinin iddiaları uyğun gəlmir və bütün bunlar onu deməyə əsas verir ki, Timoşenko ikinci turda olmayacaq.

Yeri gəlmişkən, o da Zelenski ilə hər hansı separat razılıq əldə etmədiklərini söyləyib. Lakin bunun nə dərəcədə həqiqət olduğu aprelin 21-nə kimi davam edəcək ikinci turun gedişində məlum olacaq...

4-cü yerdə gedən Y.Boyko və 5-ci olan sabiq müdafiə naziri A.Qritsenko isə məğlubiyyətlərilə barışıblar. Lakin onlar tərəfdarlarını ikinci turda namizədlərin hər hansı birinə səs verməyə çağırmayacaqlarını deyiblər.

Bütün bu baş verənlərə sosial şəbəkələrdə münasibət bildirən bir çox vətəndaşlar seçkini və onun liderlərini sərt tənqid ediblər. Bir çoxları Poroşenkonun tərəfdarları olmasalar da, Zelenskiyə səs verənləri məsuliyyətsiz və qeyri-ciddi yanaşmada günahlandırıblar. Onları “təlxəklər, axmaqlar, satqınlar” adlandıran sosial şəbəkə istifadəçiləri cəmiyyətin bir şoumenə, təlxəyə səs verəcək səviyyəyə enməsinin səbəblərini elə insanların özlərində axtarmalı olduqlarını bildiriblər.

Əslində, bir çox siyasi təhlilçilər də əhalinin heç bir siyasi təcrübəsi olmayan şoumenə səs verməsini mənfi hal kimi qiymətləndirirlər. Lakin Ukraynada hamı bir gerçəkliklə barışıb ki, nə qədər pis olsa da, indikindən daha pis olmayacaq. Və hakimiyyətdə yeni simaların olması gələcəkdə heç olmasa nəyinsə yaxşıya doğru dəyişəcəyinə müəyyən ümid yaradır.

Cəlal Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

turan 2019-04-01 16:54:53

Əslində Poroşenko düz deyir..bu xaxolların deyəsən başı qaçıb..

Veteran 2019-04-01 16:54:53

Gerek bu da qayidib Parawenkoya deyeydi ki, saksafon calan prezident ola bilir men yox?

Geber 2019-04-01 16:54:53

Nə Poroşenko ,nə Timoşenko prezident olmaq istəyir . Zelenski proyektinə səbəb , xoxol Donbasda davadan panik qorxur . Qərb plani dəyişir . Qərb Zelenskidən Kremlə qarşi , mürəkkəb ğedişli qipnotik Venysuella piyada ğedişi ilə :_ əvvəlcə Paşinyan sonra Nazarbayev , indi də Poroşenko dalğasi yaratmaqla Kremli silib süpürmək plani artiq lay laylarla bitmək üzrədir .Növbə biz və Türkmənistanindir Allah bizi qorusun. Zelenskinin cixşlari qərbdə yazilacaq hər söz qirici təyyarə , top atəşi olacaq

Son yazılar