“UNEC-in əməkdaşlıq istiqamətində böyük potensialı var” – Gürcüstan səfiri

Dərc olunub: 01/04/2019 - 17:47

1xGürcüstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

UNEC-in rektoru, professor Ədalət Muradovla görüşən diplomat dost və qonşu ölkələr olan Azərbaycanla Gürcüstan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdıraraq, hər iki ölkə arasında reallaşdırılan irimiqyaslı layihələrdən söz açıb. Azərbaycan universitetləri arasında ilk səfərini UNEC-ə etdiyini bildirən səfir, Gürcüstan ali təhsil müəssisələri ilə əməkdaşlıq perspektivlərindən danışıb. Diplomat UNEC-in bu istiqamətdə böyük potensialı olduğunu diqqətə çatdırıb.

Rektor Ədalət Muradov səfirə Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan UNEC-də iqtisadyönümlü ixtisaslarla yanaşı, texniki və texnoloji ixtisasların da tədris olunduğu barədə məlumat verib. Eyni zamanda universitetin İngiltərə, Fransa, İsveçrə və Litvanın qabaqcıl ali təhsil müəssisələri ilə bakalavr və magistr pilləsi üzrə ikili diplom proqramlarından bəhs edib. UNEC-in Türkiyə və Rusiyanın ali təhsil müəssisələri ilə geniş əməkdaşlıq etdiyini bidirən Ə.Muradov, bu istiqamətdə Gürcüstanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

Rektor UNEC-in Zaqatala filialından da söz açıb. Filialın Gürcüstana yaxın ərazidə fəaliyyət göstərdiyinə toxunan rektor, Zaqatala filialında gürcü dilində tədrisin mümkünlüyünü də qeyd edib. UNEC-in Rusiya ərazisində lisenziya əsasında filialının fəaliyyət göstərdiyini deyən Ə.Muradov, Gürcüstan Respublikasında da filialın açılmasında maraqlı olduğunu bildirib.

Görüşdə UNEC ilə Gürcüstanın ali təhsil müəssisələri arasında tələbə-müəllim mübadiləsi, birgə tədqiqatların aparılması, dərslik və kitabların çap etdirilməsi, konfrans və seminarların keçirilməsi istiqamətində müzakirələr aparılıb. Gürcüstanda təhsil alan tələbələrin UNEC-in ikili diplom proqramlarına qoşulmaq imkanları, universitetin Quba Tədris, İdman və İstirahət Kompleksində yay və qış məktəblərinin təşkili ətrafında fikir mübadiləsi aparılıb.

2x

 










loading...


Fikrinizi bildirin