Sarkisyan aprel döyüşlərində məhv edilən erməniləri yad etdi

Dərc olunub: 02/04/2019 - 22:57

278861_res_01Ermənistanın sabiq prezidenti, hazırkı baş nazir Nikol Paşinyanın 2018-ci ilin aprelində başlatdığı “məxməri inqilab” nəticəsində istefa verməyə məcbur edilən Serj Sarkisyan aprel döyüşlərində məhv edilən erməni hərbçilərin xatirəsini yad etmək üçün “Erablur” hərbi panteonuna gələrkən jurnalistlərin sual yağışına düşüb və çoxsaylı iradlarla üzləşib.

Jurnalistlərin mühasirəyə aldığı Sarkisyan onların suallarını cavablandırmaqdan imtina edib və sakitcə erməni əsgərlərin məzarları önündən keçərək güllər qoyub.

Lakin KİV nümayəndələrindən birinin aprel döyüşləri ilə bağlı onun ünvanına səsləndirdiyi tənqidi və alçaldıcı suala reaksiya verməyə məcbur olub.

Jurnalistlərdən biri “Aprel döyüşləri ilə bağlı əvvəlcədən razılıq əldə olunması barədə fikirlər səslənir” deyərək replika atıb və Sarkisyan buna “Mənim xəstə insanlarla heç bir işim yoxdur” cavabını verərək, bu cür düşünənlərin xəstə təfəkkür sahibi olduğunu deyib.

“Bəs siz nə zaman danışacaqsınız” sualına isə Sarkisyan “vaxtı gələndə” deyərək avtomobilinə əyləşib və jurnalistlərdən uzaqlaşıb.

Ermənistanın müxalif Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan isə sensasiyalı bəyanatla çıxış edərək bildirib ki, Serj Sarkisyanın anonsunu etdiyi gözlənilən çıxışın vaxtı olduqca yaxındır: “Prezident Serj Sarkisyanın sözlərinə tələb və onu gözləyənlər var. Bir siyasi lider kimi onun deyəcək çox sözü var”.








loading...


Fikrinizi bildirin