"Nə qədər ki, Ərdoğan siyasi səhnədədir..." - Elçibəyin keçmiş köməkçisi

Azərbaycanın sabiq prezidenti, mərhum Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov Teleqraf.com-a Türkiyədə keçirilən son seçkilərlə bağlı maraqlı müsahibə verib.

"AzPolitika" həmin müsahibəni təqdim edir:

– Oqtay bəy, Türkiyədə keçirilən son bələdiyyə seçkilərinin nəticələrini necə qiymətləndirirsiniz?

– Türkiyə cəmiyyətində demokratiyaya meyl çox güclüdür və xalq dəyişiklik etmək istədiyi anda iradəsini ortaya qoya bilir. Hakimiyyətdə hansı siyasi qüvvənin olmasından asılı olmayaraq, seçici həmin qüvvəyə xəbərdarlığını seçki yolu ilə edə bilir. Hesab edirəm ki, 31 mart seçkilərində birinci vacib məqam bundan ibarət oldu. Həmçinin türk cəmiyyətində sıxıntı və problemlərə baxmayaraq, siyasi partiyalar, namizədlərin hamısı siyasi yetkinlik nümayiş etdirdi. Seçkinin nəticələrini nəzərə alaraq deyə bilərik ki, Türkiyədə demokratiya qələbəsi yaşadı. Türkiyə dünyaya göstərdi ki, türk insanı demokratiyaya hazırdır və ölkədə demokratik ənənə davam etməkdədir. Digər mühüm cəhət ondan ibarətdir ki, Türkiyə Prezidenti Ərdoğan və onun təmsil etdiyi siyasi cərəyanla bağlı dünyada olan narahatlıqlar aradan qalxdı. Yəni digər ölkələrdə hakimiyyətə gələn yumşaq islami qüvvələr sonradan hakimiyyəti təhvil vermək anı gələndə problemlər ortaya çıxıb. Türkiyədə isə bu, baş vermədi. Həm Ərdoğan, həm də “Cümhuriyyət İttifaqı”ndakı müttəfiqi Dövlət Baxçalı seçkidən sonra elan etdilər ki, xalqın iradəsi ilə barışacaqlar və qələbə əldə edən namizədlərin öz masalarında əyləşməsində sıxıntılar yaşanmayacaq. Fikrimcə, bu da mühüm hadisədir. Önəmli məqamlardan biri də ondan ibarətdir ki, 25 ildən çoxdur Ərdoğan və silahdaşları tərəfindən idarə olunan bir çox böyük şəhərlər müxalifətin əlinə keçdi.

– Sizcə, böyük şəhərlərin müxalif Cümhuriyyət Xalq Partiyasının əlinə keçməsinə səbəb nə oldu?

– Mənim qənaətimə görə, buna səbəb CHP namizədlərinin xalqla daha çox təmasda olması, xalqı düşündürən layihələrlə bağlı mövqelərini açılması, habelə siyasi gərginliklərdən və polemikalardan uzaq durmaları oldu. Bu amilin ciddi təsiri oldu. Sözsüz ki, belə bir nəticənin əldə olunmasında son bir ildə ölkədə yaşanan iqtisadi böhran da öz sözünü dedi. Böhranın seçkilərə ciddi təsiri oldu. Yerli bələdiyyə seçkiləri olduğundan burada siyasi yanaşmalardan daha çox xalqın rifah və durumu gündəmə gəlir. Məncə, “Cümhuriyyət İttifaqı”nın əsas problemlərindən biri o oldu ki, onlar iqtisadi məsələlərdən daha çox ölkənin var olub-olmaması məsələsinə diqqət çəkdilər və bu da seçicidə əks rəy yaratdı. Çağırışlara və narazılıqlara cavab verilməli idi. Ancaq “Cümhuriyyət İttifaqı” bu məsələləri qabartmadı. Məncə, böyük şəhərlərdə CHP namizədlərinin qalib gəlməsinin açarını bu məqamlarda axtarmaq olar. Xüsusilə, Ankara, İstanbul, Adana və Mersin kimi iri şəhərləri qeyd etmək lazımdır. Bu şəhərlər AKP və MHP nümayəndələrinin uzun illərdir rəhbərlik etdiyi bələdiyyələr idi.

– Böyük şəhər bələdiyyələrinin müxalifətin nəzarətinə keçməsi ehtimalları var idimi?

– Təbii ki, var idi. Nəzərə alın ki, iki il əvvəl Türkiyədə referendum keçirildi. Bu seçkilərdə Türkiyənin ən böyük 13 şəhərində, – hansı kı bu şəhərlərdə Türkiyə əhalisinin 2/3 hissəsi yaşayırdı və ümum daxili məhsulun mütləq əksəriyyəti də bu şəhərlərdə istehsal olunur. Bu 13 böyük şəhərdə nəticələr referendumun əleyhinə oldu. Prezident və parlament seçkilərində görünürdü ki, böyük şəhərlərdə hakim partiyadan narazılıq var. Hətta hakim partiyanın elektoratından da müxalifətə doğru meyl edənlər var idi. Bu həm referendum, həm də ondan əvvəlki seçkilərdə hiss edilirdi. Bu mənada böyük şəhərlərdə CHP-nin qalib gəlməsi gözlənilməz deyildi.

Digər tərəfdən, CHP son dövrlər iştirak etdiyi seçkilərdə seçilmiş və əhali arasında nüfuzu olan şəxslərin namizədliyini irəli sürür, seçki prosesini ciddi nəzarət altına götürürdü. “Millət İttifaqı”ndan namizədliyi irəli sürülən şəxslərin də bu prosesdə ciddi fəaliyyətləri oldu. Bu özünü İstanbulda bariz formada göstərdi. Bildiyiniz kimi, İstanbulda 4 ay əvvələ qədər heç kimin tanımadığı bir namizəd – Əkrəm İmamoğlu seçkinin sonunda bütün məntəqələrdən qalib gəldiyinə dair imzalı protokolları götürə bildi. Ona görə də indi çox rahat şəkildə danışır və mübarizəsini sivil formada davam etdirir.

– “Cümhuriyyət İttifaqı ” elan edir ki, İstanbulda bütün seçki məntəqələrindən Mərkəzi Seçki Komissiyasına etiraz verəcək. Sizcə, İstanbulun taleyi həll edilib, yoxsa nəticələr dəyişə bilər?

– Türkiyə cəmiyyəti İstanbulda seçkilərin qalibinin Əkrəm İmamoğlu olduğunu qəbul edir. Bu etiraf edilməsə də, Binəli Yıldırımın bəyanatından və Prezident Ərdoğanın eyvan çıxışından İstanbul və Ankaranın əldən getdiyi mesajı görünürdü. Ənənəvi eyvan çıxışlarından fərqli olaraq, Ərdoğan son çıxışında məsələlərə başqa yöndən yanaşdı. Həm fərqli davranış sərgilədi, həm də mesajlar verdi. Bu o demək idi ki, artıq özləri də vəziyyətin nədən ibarət olduğunu bilirlər. Çünki seçkilərə yaxınlaşdıqca İstanbulda “Cümhuriyyət İttifaqı”nın namizədi olan Binəli Yıldırımın narahatlığı özünü büruzə verməyə başlamışdı. AKP namizədi seçkiyə qatılan zaman ciddi fərqlə öndə idi, son gedişatda və seçki prosesinin sonunda aradakı fərq qalxmağa başladı. Bunu həm anket sorğuları, həm də ümumi ab-hava göstərdi.

Fikrimcə, “Cümhuriyyət İttifaqı”nın həm rəqiblərinə qarşı çox sərt ittihamlarla çıxış etməsi, həm də ölkənin əsas problemi olan iqtisadi böhrandan danışmaması seçicilərdə etiraz doğururdu. Son dövrlər Türkiyədə işsizlik də artıb, bu göstərisi 13 faizlə ifadə olunur. Xüsusilə, universitet bitirən gənclər arasında işsizlik 25 faizə yaxındır. Bunların hamısının seçkilərə hansısa formada təsiri olmalı idi.

Nəhayət, insan psixologiyası amili var. İnsanlar uzun müddət eyni şəxsləri eyni yerdə görmək istəmir. Bunun bariz nümunəsinin biri Almaniya Kansleri Helmut Koldur. 1980-1990-cı illərdə dünya siyasətində mühüm rol oynayan, alman siyasətinə möhürünü vuran, Almaniyanın birləşdirilməsi prosesinə rəhbərlik edən Helmut Kol 1996-cı il seçkilərini uduzdu. Ona sual verdilər ki, siz ölkəni birləşdirmisiniz, Almaniyanı iqtisadi böhrandan xilas etmisiniz, ölkənin göstəriciləri sizin dövrünüzdə yüksək rəqəmlə ifadə olunur, bəs nədən sizə səs vermədilər? Kol bu suala çox yumoristik cavab verdi, dedi ki, görünür, alman xalqı mənim böyük qarnımdan və yumru burnumdan bezdiyi üçün məni yola salmaq qərarına gəldi.

Görünür, psixoloji məsələlərin də seçkilərə təsiri oldu. Əslində türk cəmiyyəti sakitlik və firavanlıq istəyir. Həm də vətəndaş son 5 ildə 7 seçkidə iştirak etməkdən bezdi və ya yoruldu. 1994-cü ildən bu yana Türkiyənin böyük şəhərlərini Ərdoğan və ya onun dostları idarə edib. Ola bilsin ki, bu da seçicilərə yorğunluq və bezdiricilik sindromu yaşadıb. Düşünürəm ki, seçkilərdə ən önəmli faktor türk cəmiyyətinin sakitliyə meyl etməsi, dövlətin öz işləri ilə məşğul olması, əhalinin rifah durumunun yaxşılaşdırılması ilə bağlı verilən mesajlardır. Ancaq qeyd edim ki, bundan sonra müxalifətin də boynuna ciddi məsuliyyət qoyulur. Çünki müxalifətin nəzarət etdiyi bələdiyyələr türk iqtisadiyyatının 70 faizə yaxınını təşkil edir. Bu ciddi rəqəmdir və ciddi məsuliyyət deməkdir. Ancaq indidən müəyyən narahatlıqlar da var.

– Konkret nəyi nəzərdə tutursunuz?

– Gələcəkdə Ankara və İstanbulda bələdiyyələrlə hakimiyyət orqanları arasında münasibətlərin necə olacağı narahatlıq doğurur. Bu xüsusilə Ankaraya aiddir. Çünki Ankarada indi bələdiyyə sədri seçilən Mənsur Yavaş üçüncü dəfə AKP rəqibinin qarşısına çıxdı və onu uddu. Əslində 2014-cü ildədə Yavaş qazanmışdı, amma sonra seçkilər Məlik Göyçəyin lehinə elan olundu. O zaman həm Mənsur Yavaşın, həm də CHP-nin seçkilərə nəzarət mexanizmi zəif olduğundan dərinə gedə bilmədi. Bu dəfə isə tam fərqli oldu. Həm partiyalar, həm ittifaq, həm də namizədlərin özlərinin qərargahları seçkilərə daha ciddi və sistemli hazırlaşmışdı. Üstəlik seçicilərə münasibətdə cəlbedici üslublardan istifadə olundu.

– Düşünürsünüz ki, Ankara, İstanbul, Adana kimi şəhərlərdə bələdiyyə və valilik qarşıdurmaları yaşana bilər?

– Bunu istisna etmək olmaz. Nəzərə alın ki, İzmir nümunəsi var. Əslində düşünürəm ki, hakimiyyət bu məsələlərdə rasional düşünməyə başlayacaq. Çünki hazırda seçilən bələdiyyə sədrləri də üslub baxımından yumşaq şəxslərdir və radikallıqdan uzaq duraraq öz sahələrinə hakim olan fiqurlardır. Həm Mənsur Yavaş, həm Əkrəm İmamoğlu, həm də Adana və Antalyada seçilənlər öz regionlarında bələdiyyə sədri olaraq böyük uğurlara imza atıblar. Onlar da hakimiyyətlə qarşıdurma və ziddiyyətlərdən qaçmağa çalışacaqlar. Verdikləri mesaj da bunu deyir. Əgər proseslər belə getsə, bu, Türkiyənin xeyrinə olardı.

Qeyd edim ki, seçki prosesi zamanı daxili işlər naziri Süleyman Soylunun bir çıxışı həm siyasi qüvvələr, həm də cəmiyyət tərəfindən kifayət qədər qayğı və narahatlıqla qarşılandı. Nazir çıxışında qeyd etdi ki, faktiki olaraq sonda hər şey ondan asılıdır və istədiyi zaman bələdiyyə sədrini işdən azad edər. Məncə, bu narahatlıq yaradan amildir.

– Bu seçkiləri AKP-nin məğlubiyyətinin başlanğıcı sayanlar var. Siz, necə düşünürsünüz?

– Mən, bu cür düşünmürəm. AKP Türkiyədə köklü partiyadır, bu, siyasi cərəyanın 2002-ci ildə Türkiyədə hakimiyyətə gəlməsi ilə bağlı deyil. Əksinə, bu 1960-cı illərdən “milli görüş” adı ilə başlanan siyasi islamçı hərəkatdır. Bu gün AKP mərkəz sağın və mühafizəkar təbəqənin əsas partiyasıdır və onun da səsi kifayət qədər yüksəkdir. AKP-nin indiki türk cəmiyyətində ən aşağı göstəricisi 40-45 faizdir. Yəni bu partiyanın 40-45 faiz civarında seçicisi, elektoratı var. AKP-nin başında Ərdoğan kimi xarizmatik liderin durması bu partiyanın ANAP, Doğru Yol və digər partiyalar kimi sıradan çıxacağını deməyə əsas vermir. Təbii ki, dünya fanidir. Ancaq məncə, Ərdoğan nə qədər ki siyasi səhnədədir, AKP-nin türk siyasətində önəmli rolu olacaq və təsir gücünü saxlayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar