PUTİN NAZARBAYEV KİMİ İSTEFAYA GETMƏK İSTƏYİRMİ? – İki ölkənin çox oxşarlıqları var, amma…

Dərc olunub: 04/04/2019 - 14:07

putin

Rusiya və Qazaxıstan arasında ümumi çox şeylər var. Bəs onda nəyə görə onların prezidentlərinin hakimiyyəti ötürmək planları fərqlənməlidir?

19 martda Qazaxıstanın 78 yaşlı prezidenti Nursultan Nazarbayev dövlət rəhbəri səlahiyyətlərinə son qoyduğunu elan edib. O, respublikanı demək olar ki, 30 il idarə edib. Prezident postundan getsə də, Nazarbayev hakimiyyətin bəzi rıçaqlarını özündə saxlayıb. O, siyasi hakimiyyəti postsovet dövlətləri üçün yeni olan üsulla ötürməyə cəhd göstərir. Bu eksperimenti nəinki Qazaxıstanda, eyni zamanda Rusiyada da diqqətlə izləyəcəklər.

Nazarbayev Qazaxıstanın təhlükəsizlik şurasının sədri vəzfəsini özündə saxlayıb və ona “Millətin lideri” fəxri titulu verilib. Bu titulun rəmzi mənası 20 martda paytaxt Astananın Nur-Sultan adlandırılması ilə təsdiqləndi. Bu cür sxemin işə salınması Rusiya prezidenti Valdimir Putin üçün variantlardan biri kimi Moskvada da müzakirə olunur. Rusiya konstitusiyasına görə 2024-cü ildə özünün dördüncü prezidentlik müddətindən sonra Putin tutduğu postu tərk etməlidir, lakin o, hakimiyyətdən birdəfəlik getmək istəmir. İndi Qazaxıstanda hakimiyyətin necə ötürülməsi prosesini Kremlin də izləməsi üçün əla imkan var. Çünki Qazaxıstan və Rusiya təkcə qonşu deyil, həm də bir-birlərinə bənzər ölkələrdir.

Qazaxıstan və Rusiyadakı iqtisadi quruluş və hətta Ümumi Daxili Məhsula görə adam başına düşən gəlir də eynidir. Bu o deməkdir ki, vətəndaşların rifah səviyyəsi, istehlak qabiliyyəti və ictimai şikayətləri bir-birinə oxşar və uyğundur. Onların siyasi rejimləri də çox bənzərdir. Qazaxıstan üçün dövlətin nəzarəti daha sərt xarakterlidir və əgər məsələyə bu mənda yanaşsaq, onda bu nüans Rusiyada bir az daha sərbəst təsir bağışlayır. Lakin hər iki ölkədəki eloktoral avtoritarizm əlamətləri çərçivəsində dövlət başçısı rəqabətsiz seçkilər mühütində çoxpartiyalılıq legitimliyini təmin edir.

Həm Qazaxıstan, həm də Rusiya çoxmillətli və çoxkonfessionallı cəmiyyətdir. Burada rəsmi “Avrasiya” ideologiyası özü üçün həm Avropa və həm də “ənənəvi” mühafizəkar prinsipləri önə çəkir. Hər iki ölkədəki rejim azad KİV-lərin kiçik adacıqlarına və internetdəki nisbətən sərbəst diskusiyaya dözümlə yanaşır.

Əgər millətin lideri ilə hakimiyyət səlahiyyətlərini reallaşdıran prezident postunu bir-birindən ayırsaq, onda əsl həqiqətdə Qazaxıstanda nə baş verəcəyi bəlli olacaq. Krem isə praktik baxımdan bunu izləyə biləcək.

Təsəvvürünüzə gətirin ki, Rusiyanın hakimiyyəti və var-dövləti hər hansı bir seyfdir və onun açarı isə millətin lideri sayılan adamın əlindədir. İndi isə təsəvvür edin ki, daha bir açar hazırlanır və deməli belə olan halda həmin seyfi artıq iki lider aça bilər. Onda meydana ikili nəzarət problemi gəlir və bu isə sistemin parçalanmasına yol açır.

file659npzkrogh1nfb8i5bw

Dmitri Medvedev 2008-2012-ci illərdə prezident postunu tutanda, Rusiya artıq ən yuxarı iyerarxik pillədə hakimiyyətin bölünməsi ilə qarşılaşmışdı. Amma o zamanla indi arasında bir əhəmiyyətli fərq vardı. Medvedev prezident postunda olanda, keçmiş prezidentin bu vəzifəyə yenidən qayıda biləcəyi ehtimalı həmişə yüksək idi. Amma yaxın gələcəkdə Qazaxıstanda və Rusiyada belə bir şey baş verməyəcək.

Seçkilərə qədər Qazaxıstan prezidentinin səlahiyyətlərini respublika senatının sədri və keçmiş xarici işlər naziri Kasım Jomart Tokayev yerinə yetirəcək, lakin onun Nazarbayevin varisi olacağına inananlar azdır. Nazarbayevin planına uyğun olaraq ölkədə növbədənkənar seçkilər keçirilməyəcək və Tokayev 2020-ci ildə keçiriləcək prezident seçkilərinə kimi səlahiyyətlərini icra edəcək. Yəni, Nazarbayevin prezident müddətinin başa çatacağı vaxtadək Tokayev prezident kimi qalacaq. Nazarbayev bu cür uzunmüddətli keçid dövründən ona görə istifadə edir ki, Təhlükəsizlik Şurası üzvləri içərisindən uyğun bir namizəd seçsin. Ola bilər ki, bəlkə də hələlik onun özü də bu şəxsin kim olacağını bilmir.

Kimsə Putinə Qazaxıstanda baş verənləri Rusiyada təkrar etməyə mane ola bilməz. Amma bu cür strategiyanın özündə iki təhlükə var. Hətta növbəti çarın açıq təyin edilməsi kimi vəziyyətdə də, xalis formal xarakter daşıyan seçkilər xüsusi məna kəsb etməyə başlayır.

Birincisi – İkinci seyfin açarını alan varis hədsiz zəif və az tanınan ola bilməz. Əks təqdirdə insanlar sadəcə olaraq, ya ona səs verməzlər və ya da ki, seçkilərdə həvəslə iştirak etməzlər. Bu isə öz növbəsində hakimiyyətin ötürülməsi prosesinin legitimliyini pozar. Rusiya üçün bu çox mühüm əhəmiyyət daşıyan bir məqamdır.

İkincisi – Hakimiyyəti demokratik institutlarda deyil, konkret adamlar və vəzifələrdə görən Rusiya və Qazaxıstan kimi cəmiyyətlərdə hörmətli vəzifə, vertolyot, mühafizə eskortunun müşayiəti ilə öz avtomobilində şəhərin küçələriylə şütüyən adam qeyri-formal olaraq böyük avtoritet sayılır, xüsusən də əgər bu bahalı avtomobildə prezident postunu tutan şəxs əyləşibsə. Rusiyada indiki vəziyyətə tətbiq oluna biləcək belə bir söz var: “Hələ sən ilk olaraq hakimiyyətin içinə düş, sonra biz sənə səs verərik”.

Medvedevin prezidentlik müddətinin sonunda Vladimir Putinin bu posta qayıtması sadə məsələ olmadı. Onun qayıtması elita içərisində bəzi parçalanmaya və iri miqyaslı küçə etirazlarına səbəb oldu. Qazaxıstanda da elita daxilində fikir ayrılığının baş verməsi tamamilə mümkündür.

Şübhəsiz ki, indiki keçid dövrü beynəlxalq arenada öz imicini yeniləməyə can atan Qazaxıstan üçün ciddi sınaq olacaq. Onun sovet respublikaları arasındakı başlıca rəqibi Rusiya və Ukrayna hesab olunur. Bu, sanki Avropa və Avrasiya siyasi layihələri və həmçinin də demokratiya və avtoritarizm arasında yarışdır. Digər tərəfdən, Qazaxıstan Rusiyayla müqayisədə kimin avtoritarizminin daha uğurla modernləşə biləcəyi məsələsinə aydınlıq gətirmək istəyir. Belə ki, yenilənmə nəticəsində Qazaxıstan postsovet məkanının Sinqapuru və ya Cənubi Koreyası ola bilər.

Hələlik bu yarışda Qazaxıstan pis nəticələr nümayiş etdirmir. Qazaxıstanda ingilis dilli universitet açılıb, iqtisadi zona yaradılıb, bu ölkədə ümumi hüquq qaydaları işləyir, hökumətdəki məmurlar Qərbdə təhsil almağa göndərilib, latın qrafikasına keçilib. Ən əsası isə, hələlik heç kim Qazaxıstana qarşı sanksiya tətbiq etməyib.

Qazaxıstan liderinin sakit şəkildə kənara çəkilməsi, bəlkə də 30 il hakimiyyət sükanı arxasında dayanan prezidentin öz hörmətini saxlamaqla, Qazaxıstanın müasir, sivil ölkəyə çevrilməsini dünyaya nümayiş etdirməsidir. Bəlkə də, Qazaxıstan hakimiyyəti dünyaya göstərmək istəyir ki, onlar demək olar ki, 20 ildir hökmdarlıq edən Putinlə müqayisədə daha çox hörmətə layiqdirlər. (“Foreign Policy”-ABŞ)

“AzPolitika”dan: Nursulatn Nazarbayevin ən uğurlu siyasi fəaliyyəti Sovet İttifaqı dağılandan sonra ölkəni parçalamaqdan qoruya bilməsidir. Qazaxıstanın şimalında xeyli rus yaşayır və onlar arasında separatçılıq təşkil etmək Rusiya üçün çətin iş deyildi.

inx960x640

İndi təsəvvürümüzə gətirək ki, 1991-ci ildə Nazarbayev millətçi şüarlar səsləndirən avantüristlərlə mülayim rəftar edərək, onların istəklərinə güzəştə gedir. Onda nə baş verəcəkdi? Məlumat üçün bildirək ki, həmin dövrlərdə Qazaxıstanda kifayət qədər millətçilər vardı və onlar fəallaşmaq istəyirdilər. Əlbəttə ki, təcrübəli şəxs olan Nazarbayev sərt tədbirlər görərək, belə adamların səsini kəsdi və ağıllı taktiki gedişlər həyata keçirdi. O, Boris Yeltsinə təklif edirdi ki, gəlin yeni formatda siyasi və iqtisadi birlik yaradaq. Nazarbayev Qazaxıstanın ən yaxın dostunun Rusiya olduğunu tez-tez vurğulayırdı və deyirdi ki, tarix bizi bir yerdə olmağa məhkum edib və biz bunu düzgün dəyərləndirməliyik. Heç şübhə yoxdur ki, Nazarbayev Qazaxıstanın necə müstəqil olmasını çox gözəl anlayırdı, anlayırdı ki, bu tarixi bir prosesdir. O, Rusiyanın da hara getdiyini yaxşı görürdü, amma SSRİ-nin dağılmasından sonra Qazaxıstanın bir dövlət kimi təşəkkül tapmasına vaxt lazımıydı. 1991-ci ildə Qazaxıstan əhalisinin sayı təxminən 17 milyon idi və qazaxlar və rusların sayı demək olar bərabərdi. Hal-hazırda isə Qazaxıstanda əhalinin sayı 18 milyondur. Göründüyü kimi, əhalinin sayındakı artım aşağıdır, lakin bu rusların sayının azalması ilə bağlıdır. 2018-ci ilin statistik məlumatına əsasən, Qazaxıstanda yaşayan qazaxların sayı 12,2 milyon, rusların sayı isə 3,5 milyon nəfərdir.

İndi Qazaxıstanda demokratiyanın hökm sürməsindən danışmaq əbəsdir, orada avtoritar quruluşdur. Amma müxalif siyasi fəaliyyətə geniş imkanlar verilməsə də, Qazaxıstan əhalisinin sosial haqları qorunur, səhiyyə və təhsil sahəsindəki vəziyyət normaldır, elmin inkişafına xeyli pul ayrılır. Digər tərəfdən isə biznes fəaliyyəti üçün heç də pis olmayan münbit şərait yaradılıb. İndi yəqin Nazarbayev istəyir hakimiyyətdən elə getsin ki, qazax xalqının yaddaşında böyük lider kimi qalsın. Onun varisinin kim olacağı hələlik bəlli deyil. Lakin Nazarbayevin gələcək ad-sanı bu varisin kimliyindən və onun gələcək fəaliyyətindən çox asılı olacaq.

Rusiya konstitusiyasına görə Putin 2024-cü ildə prezident postundan getməlidir. Əgər Putin istəsəydi yeni konstitusiya layihəsindən prezidentliklə bağlı vaxt məhdudiyyətini götürərdi. Ona görə də, buradan nəticə çıxarılır ki, Putin 2024-cü ildə prezidentlik postunu tərk edəcək. Həmin vaxt Putinin 72 yaşı tamam olacaq və əgər məsələyə fiziki sağlamlıq baxımından yanaşsaq, o daha bir müddət prezident ola bilər. Vladimir Putinin düşünmək və vəziyyəti dəyərləndirərək qərar vermək üçün hələ xeyli vaxtı var. Rusiyadakı ictimai-siyasi və real iqtisadi vəziyyətin hansı halda olduğunu Putin çox yaxşı bilir. Təbii ki, Qazaxıstanda baş verəcək hadisələr Putin tərəfindən diqqətlə izləniləcək, amma orada baş verənlərin eynilə Rusiyada da təkrar ediləcəyini birmənalı söyləmək olmaz.

Vaqif NƏSİBOV
AzPolitika.info










loading...


Fikrinizi bildirin