70 MİNLİK STADİONDA TELEDEBAT?! – Poroşenko ilə Zelenskinin qeyri-adi qarşılaşması gözlənilir

“Prezidentlik oyun oynamaq deyil...”

Ukraynada prezident seçkisinin ikinci turu öncəsi namizədlərin bir-birinə qarşı aqressiv bəyanatları xeyli artıb. Birinci turun qalibləri olan Vladimir Zelenski və Pyotr Poroşenko bir-birilərinə qarşı müxtəlif səpkili ittihamlar irəli sürməyə başlayıblar.

Seçkinin birinci turundan sonra şoumen Zelenski hazırkı prezidenti xeyli üstələsə də, onun komandasının Poroşenkonun teledebat çağırışına mənfi münasibət göstərməsi birmənalı qarşılanmadı. Belə ki, Zelenskinin seçki qərargahının yetkilisi Poroşenko ilə teledebat keçirməyə lüzum görmədiklərini söyləmişdi. Bu isə seçicilər və müstəqil müşahidəçilər tərəfindən şoumenin zəifliyi kimi qiymətləndirilmişdi.

Lakin vəziyyətin onun xeyrinə dəyişmədiyini görən Zelenski Poroşenkonun çağırışına cavab vermək məcburiyyətində qalaraq, debat təklifinə razılıq verib. Bununla yanaşı, şoumen bir neçə şərt irəli sürüb ki, bunlara da debatın stadionda keçirilməsi (Kiyevin 70 minlik Olimpiya stadionunda), bütün telekanallara canlı yayım hüququnun verilməsi, namizədlərin alkoqol və narkotik asılılığı ilə bağlı tibbi müayinəsinin keçirilməsi və Poroşenkonun onu “Kolomoyskinin kuklası” adlandırdığına görə üzr istəməsi kimi məsələlər aiddir. V.Zelenski Poroşenkoya müraciətində deyib: “Mən debata gedirəm. Siz məni debata çağırırsınız və arzu edirsiniz ki, mən qaçım, gizlənim. Xeyr, mən 2014-cü ildəki siz deyiləm...”

P.Poroşenko isə öz növbəsində bildirib ki, rəqibi ilə debata hazırdır və bunun stadionda keçirilməsinin əleyhinə deyil, baxmayaraq ki, Ukraynanın seçki qanunvericiliyində debatların necə və harada keçirilməsi açıq göstərilib və orada stadion nəzərdə tutulmur: “Biz sizinlə çox fərqliyik. Əsas fərq ondadır ki, geosiyasi kompasın bizə aid əqrəbləri dünyanın tamamilə fərqli istiqamətlərini göstərir. Mənim ölkəm heç bir şərt daxilində, heç zaman, heç kimn qarşısında diz çökməyəcək güclü Ukraynadır...”

Xatırladaq ki, bununla Poroşenko Zelinskinin 2014-cü ildə Putinin qarşısında diz çökməyə hazır olduğunu söyləməsinə eyham vurub.

Daha sonra P.Poroşenko prezidentliyin rəqibinin düşündüyündən çox-çox ciddi məqam olduğunu önə çəkib: “Prezidentlik oyun oynamaq deyil, debat isə ölkənin gələcəyi ilə bağlı ciddi siyasi diskussiyadır. Lakin stadion deyirsinizsə, olsun stadion. Mən sizi gözləyirəm, Vladimir Aleksandroviç...”

Siyasi müşahidəçilər sözügedən debatın baş tutması perspektivinə bir qədər şübhə ilə yanaşırlar. Belə ki, Zelenskinin irəli sürdüyü şərtlərin arasında məsələn, Poroşenkonun üzr istəməsi var. Böyük ehtimalla prezident üzr istəməyəcək. Bu isə debatdan imtina üçün bəhanə ola bilər. Həmçinin Poroşenkonun stadiona daha çox tərəfdar toplama imkanının olması da Zelenskini qorxuda bilər.

Ancaq bütün bunlara baxmayaraq, debatın keçiriləcəyini proqnozlaşdıranlar da kifayət qədər çoxdur. Və sözsüz ki, məhz bu qarşılaşma Ukraynanın gələcək prezidentinin kimliyinin müəyyən edilməsində həlledici rol oynaya bilər.

Cəlal MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar