“MÜHARİBƏ QARŞI TƏRƏF ÜÇÜN SÜRPRİZ OLMALIDIR...” – “Vəziyyət Sarkisyanın dövründən daha pisdir”

"Lavrov hər şeyi edir ki, Ermənistana qarşı kritik münasibət formalaşmasın"

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun “AzPolitika.info”ya müsahibəsini təqdim edirik:

- Tofiq müəllim, Azərbaycan və Ermənistan liderlərinin Vyana görüşü başa çatsa da, müzakirələr davam edir. Siz, bu fonda konfliktin həlli imkanları necə qiymətləndirirsiniz?

- Məncə, “problem nədən yaranıb və nə üçün Vyana görüşü olub” sualına cavab axtarmaq lazımdır. Paşinyan hakimiyyətə gəldikdən sonra bir çox bəyanatlar verib. Onun iki məşhur bəyanatı var, bunlardan biri danışıqların formatı, digəri torpaqları sülhə dəyişməyəcəkləri haqda olub. Hətta sonuncu bəyanatının davamı olaraq bir səhnə də qurub. Gedib tarixi Azərbaycan torpaqlarında Təhlükəsizlik Şurasının toplantısını keçirib. Bu addımlardan sonra aydın oldu ki, Azərbaycan üçün danışıqların mənası qalmır. Yəni belə durumda hətta danışıqların imitasiyasını da yaratmaq qeyri mümkündür.

Digər tərəfdən, Minsk qrupu Şuşa və Laçının işğalından sonra yaranmışdı və əsas mandatı işğal edilən əraziləri işğaldan azad edərək Minsk konfransını hazırlamaq idi. Torpaqların işğaldan azad edilməsi əgər danışıqların mövzusu deyilsə, deməli Minsk qrupunun mandatı da ləğv edilmiş sayılır. Bu vəziyyətdə həmsədrlər tələm-tələsik bəyanat verdilər və elan etdilər ki, torpaqların azad edilməsi danışıqlarda əsas mövzulardan biridir. Demək olar ki, həmsədrlər Paşinyana təzyiq edərək Vyanaya gətirdilər. Paşinyan təzyiq altında məcbur olub ki, iki məsələni qəbul etsin. Birincisi, Paşinyan köhnə formatda rəsmi danışıqlara qatılıb. İkincisi, əvvəlcədən həmsədrlərin müəyyən etdiyi məsələlərin müzakirəsində Ermənistanı təmsil edib. Başqa sözlə, torpaqların azad edilməsi müzakirə olunub, ancaq Paşinyan sonradan başqa cür bəyanat verib. Hər halda Paşinyan Vyanaya gəlməsi ilə özünün əvvəl verdiyi iki bəyanatdan imtina etmiş olub. Həmsədrlərə bu ona görə lazımdır ki, hansısa məsələlərin danışıqlarda müzakirə olunduğunu göstərsinlər. Bu görüntü hələ formalaşmayıb. Ermənistan müdafiə nazirinin ABŞ-da verdiyi bəyanat isə Vyana danışıqlarının üzərindən xətt çəkib. Odur ki, vəziyyət gərgin olaraq qalır. Azərbaycan ictimaiyyəti bu mənada gərgin durumdadır və hesab edir ki, danışıqlar nəticəsizdir. Üstəlik erməni nazirlərin bəyanatı göstərir ki, ermənilərin mövqeyi dəyişməyib və görüntü yaratmaq üçün də heç bir əsas yoxdur. İstisna etmirəm ki, yaxın gələcəkdə xarici işlər nazirlərinin görüşləri təşkil olunacaq, amma real nəsə gözləmək yersizdir. Çünki verilən bəyanatlar, Ermənistan tərəfinin danışıqlara münasibəti göstərir ki, indiki dialoq Sarkisyanın vaxtında olan danışıqlardan da pis durumdadır. Sarkisyan zamanı danışıqların imitasiyası həyata keçirilirdi, məqsəd danışıqları uzatmaq idi və deyilmirdi ki, torpaqları azad etməyəcəyik. Amma Paşinyan açıq deyir ki, torpaqları azad edən deyilik. Əgər, azad etmirsənsə, bu zaman danışıqlara nə ehtiyac var?

- Vyana görüşündən əvvəl Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın Moskvaya səfər edərək Rusiya xarici işlər naziri Sergey Lavrovla müzakirələr aparması diqqətdən yayınmadı. Sizcə, bu səfərin Vyana görüşü ilə hansı bağlılığı ola bilərdi?

- Əslində bu səfər də maraqlı idi. Çünki erməni tərəfi ümumiyyətlə danışıqlara qatılmaq istəmirdi. Biz Lavrovun Qarabağ konfliktinə dair mövqeyini, eyni zamanda onun Rusiyada hansı qüvvələri təmsil etdiyini bilirik. Fikrimcə, Lavrov Ermənistanın danışıqlar prosesində iştirak etməsinə çalışırdı. Bununla nail olurdu ki, sonradan Azərbaycanın real danışıqlar olmadığı üçün müharibə variantını gündəmə gətirməsinin qarşısını alsın. Bu səhnəni təşkil etmək üçün lazimi təlimatlar erməni nazirə verilib. Amma de-fakto Vyana görüşündən sonra Ermənistan müdafiə nazirinin yeni torpaqlar tutmağa hazırlaşıldığına dair bəyanatı müzakirələrin üzərindən xətt çəkmiş oldu.

- Yəni siz düşünürsünüz ki, Lavrov Ermənistanın xarici işlər nazirinə Vyana görüşündə iştirak etmələri üçün təlimat verib?

- Bilirsinizmi, Rusiyada Ermənistana münasibət birmənalı deyil. Bəllidir ki, Ermənistan rəhbərliyinin Vladimir Putinlə münasibətləri yaxşı deyil. Bunun bir səbəbi odur ki, Paşinyan açıq ictimaiyyətə nümayiş etdirib ki, Putinin Robert Köçəryanla bağlı xahişinin heç bir əhəmiyyəti yoxdur və Köçəryan həbsxanada qalacaq. Qeyd edim ki, səbəbin nə olduğundan asılı olmayaraq bir dövlət başçısı digərindən xahiş edəndə, bu ayrı cür qəbul olunur. Amma Paşinyan Putinin xahişini yerə saldığını jest kimi nümayiş etdirir. Təbii ki, onların münasibətləri normal deyil, hətta Paşinyan bir dəfə Moskvaya səfər edəndə onu qəbul etməyiblər. İkincisi, Paşinyan komandasının qərbpərəst niyyətini günü-gündən qabarıq göstərməsi Rusiyanın xoşuna gəlmir. Amma bəzi qüvvələr var ki, bu gərginliyi aradan qaldırmaq üçün müxtəlif addımlar atırlar. Lavrov hər şeyi edir ki, Ermənistana qarşı kritik münasibət formalaşmasın. Danışıqlardan imtina Yerevana qarşı kritik mövqe formalaşdırmaq baxımından mühüm iş olardı. Məhz buna görə, Ermənistanın xarici işlər nazirini Lavrov qəbul etdi, daha sonra Vyana görüşünə dəstək verildi və s. Yəni danışıqların davam etdiyi, ciddi məsələlərin müzakirə edildiyi görüntüsü yaradılır.

- Sizcə, Ermənistanın müdafiə naziri David Tonoyanın “yeni ərazilər üçün yeni müharibə” fikri nəyə hesablanıb?

- Birinci məqsəd Vyana görüşünün üzərindən xətt çəkməkdir. İkinci məqsədləri daxili auditoriyaya hesablanıb. Onlar rəqibləri, yəni Qarabağ klanı qarşısında daha millətçi, aqressiv kimi özlərini göstərməyə çalışırlar. Üçüncüsü, Tonoyan bu fikirləri Nyu-Yorkda erməni diasporu qarşısında deyib. Bəllidir ki, Sarkisyan dövründə diaspora-Ermənistan münasibətləri yaxşı deyildi. İndi münasibətləri daha da yaxşılaşdırmaq məqsədilə Paşinyan və hökumət üzvləri hər dəfə xaricə səfər edərkən erməni diaspora üzvləri ilə görüşürlər. Çünki onlara diasporanın dəstəyi və maliyyəsi oksigen kimi lazımdır.

- Ümumiyyətlə, danışıqların bundan sonrakı perspektivini necə görürsünüz? Dağlıq Qarabağ və işğal edilən digər ərazilərimizin taleyi necə həll oluna bilər?

- Nəzərə alaq ki, bəzilərinin istədiyindən fərqli olaraq Vyana görüşü göstərdi və cəmiyyətimizdə də belə mövqe var ki, artıq danışıqlar yolu ilə torpaqları azad etmək mümkün deyil. İkincisi, bu vəziyyətdə hətta danışıqlar prosesinin getdiyinə dair görüntü yaratmaq mümkün deyil. Üçüncü vacib amil ondan ibarətdir ki, Vyana görüşü nəticəsində Rusiyada əsas rol oynayan erməni ünsürləri danışıqların bərpa olunduğu və ciddi məsələlərin aparıldığı görüntüsünü yarada bilməyəcək. Əsas amillərdən biri də odur ki, bu fonda Ermənistan-Rusiya əlaqələrində pisləşmə tendensiyası güclənəcək.

- Azərbaycan üçün çıxış yollarını nədə görürsünüz?

- Müharibə aparmaq üçün üç amil lazımdır. Bu bütün ölkələr üçün keçərlidir. Birincisi, müharibə aparmağa hazırlaşan dövlət daxildən stabil olmalıdır. Yəni dövlətdə qarmaqarışıqlıq, daxili siyasi mübarizə kəskin şəkildə olmamalıdır. İkinci, müdafiə imkanları geniş olmalı, silahlar alınmalı, təlimlər keçirilməlidir. Başqa sözlə, ordu hər bir əməliyyata hazır və həm də təmin olunmalıdır. Üçüncüsü isə beynəlxalq amildir. Müharibə aparan ölkə bu və ya digər formada düşmənini ifşa edərək öz addımlarını məntiqli və ədalətli kimi təqdim etməyi bacarmalıdır. Hesab edirəm ki, Paşinyan və Tonoyan tərəfindən verilən bəyanatları Azərbaycan lazımı şəkildə istifadə etməlidir. Həmçinin Ermənistana qarşı neqativ tendensiyaları gücləndirməlidir.

- Yaxın dövr üçün müharibə perspektivi görürsünüzmü?

- Mən bunu istisna etmirəm. Həm də müharibə qarşı tərəf, çoxları üçün sürpriz olmalıdır. Eyni zamanda hər hansı bir ölkə müharibə haqqında düşünürsə, özünün yaxın tərəfdaşları, qonşuları ilə müzakirələr aparıb onların mövqeyi ilə tanış olmalıdır. Yəni siyasi söhbətlər təxminən belə olur: mən belə bir addım atsam, sizin münasibətiniz necə ola bilər? Bunu yoxlayandan sonra qərar verilə bilər. Siz istənilən müharibəyə diqqət etsəniz bu amili görərsiniz. Məsələn, II Dünya Müharibəsi Polşanın işğalı ilə başlanıb. Qəfildən Almaniya Polşaya hücum etdi, amma digər istiqamətdən də SSRİ qoşunları Polşaya daxil oldu. Deməli müharibəyə qədər hansısa müzakirələr və razılaşmalar olub. ABŞ İraqa qarşı müharibəyə başlamazdan öncə ərəb ölkələri, Türkiyə ilə müzakirələr aparıb. Həm də ABŞ-ın yaratdığı koalisiyada müxtəlif ərəb ölkələri, hətta Suriya əsgərləri də təmsil olunub. Demək istəyirəm ki, beynəlxalq amil müharibə üçün çox vacib əhəmiyyət daşıyır. Biz bilməliyik ki, sabah müharibəyə başlayanda atacağımız addıma qarşı tənqidi səslər hansı səviyyədə ola bilər, onların təsiri bizə hansı səviyyədə maneə törədə bilər.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Yustas 2019-04-05 09:41:20

Rusiya Azərbaycanı işğal edib. Dövlət xadimləri Azərbaycandan daha çox Rusiyaya xidmət edirlər. Xarici işlər nazirliyi və təhlükəsizlik orqanları deyilənlərə bariz nümunədir.

Ümid 2019-04-05 09:41:20

Azərbaycana Zülfüqarov kimi dərin düşüncəli, vətənpərvər xaric işlər naziri gərəkdir. Məmmədyarovh isə həbs edib güllələmək gərəkdir. Məhz məmçədyarovun zamamında xin anası və ya arvadı erməni olan əməkdaşlarla doldurulub. Bu quruma ictimai nəzarət gücləndirilməçi və parazitar ünsürlərdən təmizlənməlidir.

Hafiz 2019-04-05 09:41:20

Yuxarıda yazılanlarda hər şey deyilir, söz bizim hakimiyyətdədir...

Son yazılar