VƏKİLDƏN HƏRBİ PROKURORA YENİ İTTİHAMLAR - "Qorxuya düşüb..."

Şahin Sultanovun müdafiəçisi Adəm Məmmədov Xanlar Vəliyevin ona təzyiq göstərdiyini deyir

Hazırda həbsdə olan Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun vəkili Adəm Məmmədov barəsində səsləndirilən ittihamlara cavab verib. Xatırladaq ki, Şahin Sultanov “Azadlıq”a ünvanladığı məktubunda yazırdı ki, Hərbi Prokurorluq Adəm Məmmədova təzyiq göstərir. Şahin Sultanovun işçisi Elxan Hacıyev isə “Azadlıq”a ünvanladığı vitse-admirala cavab məktubunda Adəm Məmmədovu ona hədə-qorxu gəlməkdə ittiham etmişdi.

Vəkilin redaksiyamıza göndərdiyi geniş həcmli açıqlamada bu ittihamlarla yanaşı Şahin Sultanovun həbsil ilə bağlı bəzi maraqlı təfərrüatlar da yer alır. Adəm Məmmədovun açıqlamasını bəzi ixtisarlarla təqdim edirik:

“Mənim Elxan Hacıyevlə təcridxanada görüşümə kim şərait yaradıb?"

Məlum olduğu kimi, Sultanov Şahin Əşrəf oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə ittiham edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Əvvəllər də qeyd etdiyim kimi, bu qərəzli həbsin başında Hərbi Prokuror Xanlar Vəliyev durur. Artıq Şahin Sultanovun həbsdə olduğu 4 aya yaxın müddətdə ittiham tərəfinin bütün arqumentlərinin iflasa uğradığını görən Xanlar Vəliyev son vaxtlar şər əməllərə qol qoymaqdadır.

Bu gün milli orduda mövcud olan çoxsaylı cinayətlərin qarşısını almaq əvəzinə hərbi prokuror bütün potensialını hansı vasitə ilə olursa-olsun Şahin Sultanovun həbs edilməsinə və onun vəkili kimi mənim cəzalanmağıma yönəldib. Sanki Hərbi Prokurorun başqa işi-gücü yox imiş. Nəyə görə Xanlar Vəliyev barədə bu qədər danışmaq istəyirəm? Ona görə yox ki, Şahin Sultanovu qanunsuz həbs etdirib. Ona görə ki, bütün hüquqi qaydaları pozaraq vəkil kimi mənim işimə əsassız olaraq müdaxilələr etməyə cəhd edir. Hərbi prokuror mənim hərtərəfli və sanballı təşkil etdiyim müdafiəni görəndən sonra müəyyən qədər qorxuya düşüb ki, onun düzüb - qoşduğu qondarma ittihamlar məhkəmədə sabun köpüyü kimi əriyib gedəcək. Nəticədə həm hörmətli prezidentə, həm də ictimaiyyətə məlum olacaqdır ki, Şahin Sultanovu Xanlar Vəliyev saxta ittihamlarla həbs etmək istəyib. Onda rəhbərliyi aldatdığı üçün onların yanında hərbi prokuror hansı duruma düşəcəyini indidən çox yaxşı bilir. Ona görə də qabaqdan gəlmişlik edərək, barəmdə üzv olduğum Azərbaycan Respublikası Vəkillər Kollegiyasına, hazırda həbsdə olan və məhz onun yalan ifadəsi ilə Şahin Sultanovun həbs edilməsinə səbəb olan Elxan Hacıyev vasitəsilə şər və böhtanla dolu şikayət məktubu yazdırıb. Məktubda qeyd edilib ki, guya mən ona qarşı həm təcridxanada, həm də istintaq hərəkətləri aparılan zaman təzyiq göstərmişəm. Lakin bu qeyri -professional hazırlanmış bir böhtandır. Belə ki, istintaq gedişatında həm penitensiar xidmətin və hüquq-mühafizə orqanları əməkdaşlarının, həm də vəkili onunla birlikdə olur. Bu zaman mənim ona hər hansı təzyiq göstərə bilməyim inanılmaz dərəcədə absurd bir böhtandır. Əgər göstərilən məsələ təcridxana ərazisində baş vermişsə, bununla bağlı şikayət ilk olaraq təcridxana rəhbərliyinə və penitensiar xidmətin öz əməkdaşlarına edilməli idi. Ümumiyyətlə, istintaq təcridxanasında aidiyyəti olmayan şəxslərlə görüşmək və söhbət etmək qeyri-mümkündür. Nəzərə alsaq ki, təqsirləndirilən şəxslə yalnız onun vəkili və yaxınları görüşə bilər. Mən isə nə Elxan Hacıyevin vəkili, nə də onun yaxınlarının çevrəsinə daxil deyiləm. Belə olan surətdə sual yaranır: Mən Elxan Hacıyevlə İstintaq Təcridxanasında necə görüşüb təzyiq etmişəm və ya bu görüşə kim şərait yaradıb? Yəqin ki, bu sual Xanlar Vəliyevi nəhayət ciddi düşünməyə vadar edəcək.

Elxan Hacıyevə istintaq sirri haradan məlum olub?

[caption id="attachment_50403" align="alignleft" width="300"]

Adəm Məmmədov[/caption]

Beləliklə qeyd etdiyim kimi, barəmdə şikayət olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyasına yazılan məktubun bu hissəsi tamamilə absurddur, şər və böhtandan ibarətdir. Xanlar Vəliyevin vasitəsilə Elxan Hacıyev tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilmiş şər-böhtan xarakterli ərizə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin fəaliyyətsiz olması anlamını yaradır. Yəni Ədliyyə Nazirliyinin silahlı dəstələri tərəfindən istintaq təcridxanasında saxlanılan şəxslərin həyat və təhlükəsizliyinin qorunması həyata keçirilmir, sonunda da qələmindən başqa heç nəyi olmayan vəkil guya bu cür hərəkətlər edir. Mən bu şərləməni eşidəndə şoka düşdüm və Azərbaycan ordusunda qulluq edən hərbiçilərə ürəyim ağrıdı. Tabeçilikdə olmayan müstəqil bir şəxsə və hüquq müdafiəçisinə bu şərləməni həyata keçirən insanlar görün xidmətdə olan hərbiçilərin başına nə oyun gətirirlər.

Vəkillər Kollegiyasına Elxan Hacıyevin adından Xanlar Vəliyevin göndərdiyi şikayət məktubunda daha bir böhtan isə guya mənim tərəfimdən istintaq sirrinin yayılmasıdır. Elə buradaca qeyd edim ki, Xanlar Vəliyev Şahin Sultanovun həbsini necə primitiv və qondarma ittihamlarla təşkil edibsə, mənim barəmdə də eynilə primitiv böhtanlar yazdırıb. Məsələn sual oluna bilər, Elxan Hacıyev adi bir dustaqdırsa, onun istintaq sirrinin yayılıb-yayılmaması nəyinə lazımdır? Bu, bir. İkincisi, Elxan Hacıyevə dustaq olaraq istintaq sirri haradan məlum olub ki, o da Vəkillər Kollegiyasına bu barədə məktub yazır? Üçüncüsü, bəlkə Elxan Hacıyev “içəridə” Şahin Sultanovu ittiham edən istintaq qrupuna müstəntiq kimi daxil edilib və o da, istintaq sirrinin nədən ibarət olduğunu öyrənərək hay-küy salır, bizim də xəbərimiz yoxdur?

Yəqin bu suallara cavabı Elxan Hacıyevi çox primitivcəsinə mənim əleyhimə kökləməyə çalışan hərbi prokuror daha yaxşı bilir. Bir insanı kiminsə əleyhinə kökləyəndə elə arqumentlər tapılmalı idi ki, həm az da olsa, inandırıcı görünsün, həm də bumeranq kimi qayıdıb özlərinə dəyməsin.

Hərbi xidmətlə əlaqədar olmayan cinayətlərdə digər sübutlarla təsdiqlənməyən ifadəyə görə cinayət məsuliyyətinə şəxslər cəlb edilmir. Amma Hərbi Prokurorluqda quru sözə görə hərbçiləri cinayət məsuliyyətinə cəlb edirlər. Hərbçilər qarşı belə bir cinayət-cəza siyasəti nəticəsində təxminən 50 faiz yaxın zabit və əsgərlər məhkum olunublar. Həmin məhkum olunmuş hərbçilərin övladları gələcəkdə hansısa bir dövlət orqanlarında işə düzələrkən çətinliklərlə üzləşəcəklər.

Sual olunur, Xanlar Vəliyevdə milli ordunun hərbçilərinə qarşı bu qədər nifrət, kin-küdurət haradandır? Nəyə görə vitse-admiral Şahin Sultanov kimi vətənini, dövlətini sevən hərbçilər “içəridə” yatmalıdır? Görəsən bu suallara cavabı hərbi prokurordan tələb edən olacaqmı? İnanıram ki, olacaq.

Həbs olunan hərbiçilərə təzyiq olunub

[caption id="attachment_26410" align="alignleft" width="300"]Şahin Sultanov Şahin Sultanov[/caption]

Bundan başqa “Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci Maddəsində Hərbi qulluqçularınÿmənzillə və yaÿfərdi yaşayış evinin tikintisi üçünÿtorpaq sahəsiləÿtəmin olunmaq hüququ müəyyən edilmişdir. Bu gün həqiqətən ordunun güclənməsində Müdafiə Nazirliyi maraqlıdısa qanunverciliəyə uyğun olaraq 20 ildən artıq qulluq etmiş şəxsləri yaşamaq üçün mənzillə və digər sosial təminatını həll etməlidir. Yaşamağa yeri olmayan hərbçilər də, az bir fanatlar istisna olmaqla döyüş ruhu olmaz. Nə səbəbdən yuxarıda qeyd olunan qanunverciliyin tələblərinin (mənzillə və ya torpaqla təmin olunmasının) həyata keçirilməsinə Hərbi Prokurorluq nəzarət etmir. Hərbi prokurorluq hərbçilərin qayğısına qalmaqdansa yalnız onları ağır cəzaya məruz qoymağa nail olmaqla məşğuldur. Azərbaycan Respublikasının heç bir istintaq orqanında belə bir şər-böhtan və özbaşnalıq yoxdur. Hərbi Prokurorluğun inzibati binasında vəkilin iştirakı ilə HDQ-nin əməkdaşının dindirməsi zamanı həmin prokurorluğun müavini genral Şəfayət Imranov otağa daxil olur və müdafiəçi ilə mübahisə edərək onu prinsipial müdafiədən çəkindirməyə çalışır. Sonda vəkil Telman Ibrahimov müəyyən yollarla istintaqdan kənarlaşdırılır. Hərbi prokurorun müavinin dindirmə otağına gəlib istintaqa müdaxilə etməsi hər şeyi açıq-aydın müəyyən edir.

Hazırda həbsdə olan HDQ-nin Yanacaq Doldurma Məntəqəsinin rəisi, miçman Paşayev Kamandar Əlləz oğlunu Xanlar Vəliyevin emissarları vasitəsilə və müxtəlif şirnikləşdirici vədlərlə Şahni Sultanovun əleyhinə ifadə verməyə məcbur etsələr də, buna nail ola bilməyiblər. Çünki təkcə Elxan Hacıyevin ifadəsinin vitse-admiralın həbs edilməsinə kifayət etmədiyini Xanlar Vəliyev yaxşı dərk edir. Lakin miçmanın vəkili Telman Ibrahimov hüquqşünas şərəfini uca tutaraq həm bu təzyiqlərə davam gətirib, həm də miçman Paşayev Kamandarı Xanlar Vəliyevin hücumundan və şantajından qoruya bilib. Nəticədə miçman Kamandar Paşayevin vəkili Telman Ibrahimov barədə Xanlar Vəliyevin hərbi generalı Rasim Kazımov Vəkillər Kollegiyasına mənim barəmdə olduğu kimi şər və böhtan dolu, özü də iki dəfə məktub yazaraq, vəkilin cəzalandırılmasını istəyib. Lakin bu istəklərinə çata bilməyiblər, çünki Vəkillər Kollegiyası öz işini Xanlar Vəliyevin hərbi müstəntiqləri kimi şər və böhtan üzərində yox, qanunlar əsasında qurur. Burada istəklərinə çata bilməyən Rasim Kazımov kimilər nəhayət, miçman Kamandar Paşayevi müxtəlif yollarla qorxuzaraq vəkilindən imtina etməyə məcbur edirlər.

Xanlar Vəliyevin başına oyun açdığı hərbçilərdən biri də HDQ-nin YDM-nin sabiq rəisi polkovnik-leytenant Əsgərov Kazım Adil oğludur. Hazırda həbsdə olan Kazım Əsgərovdan da Şahin Sultanovun əleyhinə ifadə ala bilmədiklərindən onun da vəkili Əliyev Fərhad Qurban oğlundan Vəkillər Kollegiyasına şikayət yazdırırlar. Yenə də vəkili cəzalandıra bilmirlər və bu səbəbdən Kazım Əsgərovu hədələyərək vəkilindən imtina etməyə məcbur edirlər.

Göründüyü kimi obyektiv işləyən, öz peşəsinə xəyanət etməyən vəkillər hərbi prokurora sərf etmir. Deməli, mən nə birinciyəm, nə də axırıncı. Bundan əlavə, YX-nin rəisi polkovnik-leytenant Hüseynov Zöhrab Zəki oğlu da öz paqon yoldaşlarının aqibətini yaşamağa məcbur olub. Bu hərbçiyə də Xanlar Vəliyevin müstəntiqləri onun göstərişlərini yerinə yetirərək, güclü təzyiq ediblər, lakin Şahin Sultanovun əleyhinə ifadə ala bilməyiblər. Maraqlıdır ki, müdafiə etdikləri hərbçilər onlardan imtina etsələr də, həmin vəkillər cinayət işinin istintaqı gedişatında hazırlanan protokollara bu barədə qeyd ediblər ki, müdafiə etdikləri hərbçilər Şahin Sultanovun əleyhinə ifadə verməyə məcbur ediliblər. Indi təsəvvür edin, bu hərbçilərə Xanlar Vəliyev Şahin Sultanovun əleyhinə ifadə vermədiklərinə görə dustaq həyatı yaşadacaqdır. Yuxarıda qeyd etdiyim kimi, bu qədər haqsızlıq çox çəkməz.

Xanlar Vəliyev, sizi də müdafiə edərəm

Mən inanıram ki, hərbi prokurorun gördüyü bu işlər Baş prokuror hörmətli Zakir Qaralovu və Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəisi hörmətli Kamran Əliyevi ciddi maraqlandıracaqdır. Ancaq konkret göstərdiyim bu hərbçilər barədə kimsə maraqlansa, Xanlar Vəliyevin hərbçilərin başına hansı oyunları açdığı məlum olacaq. Onda bəlli olacaq ki, hərbi prokuror kimi Xanlar Vəliyev hərbçiləri günahsız yerə həbs edir və bununla da xalqı dövlətdən və onun prezidentindən narazı salır. İnanıram ki, çox tezliklə bunun qarşısı alınacaq.

Göstərdiyim bu faktlar bir daha sübut edir ki, Şahin Sultanov da hərbi prokurorun şəxsi qərəzinin qurbanıdır və onun vəkili olaraq məni də şərləmək yolunu tutub. Ancaq nə Şahin Sultanov məndən imtina edən deyil, nə də Vəkillər Kollegiyası artıq Hərbi Prokurorluq tərəfindən göndərilən şər və böhtana görə kimisə cəzalandırmayacaq. Mən isə bütün qüvvəmlə çalışacağam ki, Xanlar Vəliyevin hərbçiləri mənən sındırıb, əzən şər və böhtan maşının dayandırım və hərbi prokurorluğun dövlətə yox, yalnız hərbi prokurora işlədiyini prezidentə və ictmaiyyətə açıb göstərim.

Hörmətli hərbi prokuror!

Müdafiə etdiyim şəxs vitse-admiral (general-leytenant) və Azərbaycan Respublikası Müdafiə nazirnin sabiq müavinidir. Siz də generalsınız, əgər sizə qarşı belə bir absurd ittiham irəli sürülərsə və Allah göstərməsin həbs olunarsınızsa, vəkiliniz mən olsam Azərbaycan generalının şər-böhtandan müdafiə olunması üçün bu günki kimi prinsipial mövqeyimi ortaya qoyaram. Bu gün isə həbsdə olan şəxs Azərbaycanın vitse-admiralıdır (general-leytenant) və onun müdafiəçisiyəm. Sizdən belə əsassız təyziqlərlə hüquq müdafiə fəaliyyətimə maneçilik törətməməyinizi xahiş edirəm".

Adəm Məmmədovun fikirləri ilə bağlı Hərbi Prokurorluğun mövqeyini də dərc etməyə hazırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar