“GÜCLÜ MÜQAVİMƏTLƏ QARŞILAŞACAQ” – Baş nazir Tripoliyə hücum edən marşala xəbərdarlıq edib

Liviyanın baş naziri Fayez Sarac Liviya Milli Ordusunun (LMO) komandanı marşal Xəlifə Xəftarı xəyanətdə günahlandırıb və bəyan edib ki, onun ordusu güclü müqavimətlə qarşılanacaq.

«Biz, əlimizi sülhə uzatdıq, ancaq Xəftarın əlində olan gücün təcavüzündən və bizim şəhərlərə, o cümlədən, paytaxta müharibə elan etməsindən sonra o, güc və əzmkarlıqdan başqa heç nə tapmayacaq» - deyə, «Əl Ərəbiyyə» telekanalı Baş nazirin yerli televiziyada səsləndirdiyi fikirlərindən sitat gətirib.

Sarac həm də «qalibi olmayan müharibə» barədə xəbərdarlıq edib.

Bundan əvvəl Xəftar Liviya Milli Ordusunun Tripoliyə hücumunun başlandığını elan edib. Hücumun başlandığı barədə «Tripoli əməliyyatı» adlı əmr hərbçilərə müraciət zamanı səslənib.

Bu ərəfədə «Asharq Al-Awsat» qəzeti xəbər verib ki, Liviya Milli Ordusu Xəftarın komandanlığı altında Tripoli beynəlxalq aeroportu üzərində nəzarəti ələ keçirib.

Bu arada isə Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurası (TŞ) aprelin 6-sı gecəsi qapalı iclasında Liviyadakı bütün gücləri hərbi fəaliyyətdən imtina etməyə və dialoqu bərpa etməklə, gərginliyi azaltmağa çağırıb.

Xatırladaq ki, Liviyada siyasi böhran 2011-ci ildən - Müəmmər Qəddafinin öldürülməsindən sonra davam edir.

Hazırda Liviyada ikihakimiyyətlilik hökm sürür: ölkənin şərqindəki Tobruk şəhərində parlament yerləşir, qərbindəki Tripoli şəhərində isə BMT-nin dəstəyi ilə formalaşdırılmış və beynəlxalq birlik tərəfindən tanınmış milli razılıq hökuməti fəaliyyət göstərir. Hökumətə Sarac başçılıq edir.

«Şərq hakimiyyəti» Tripolidən asılı olmadan hərəkət edir və Xəftarın başçılıq etdiyi Milli Orduya söykənir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar