25 MİLYONU BÖLMƏYƏ YIĞIŞACAQLAR - Kimlər iştirak edəcək?

Azərbaycanda sahibi bilinməyən sığorta şirkəti 25 milyon manat qazanıb

Səhmdarları dövlət sirri imiş kimi gizlədilən “AzRe Təkrarsığorta” ASC Azərbaycanda yeganə təkrar sığorta şirkətidir. Məlumat üçün qeyd edək ki, bu şirkət 2007-ci ildə yaradılıb və 50 milyon manatlıq nizamnamə kapitalına malikdir.

“AzRe Təkrarsığorta” təkrar sığorta bazarının monopolisti olmaqla yanaşı, "Qala Sığorta" ASC-nin 100 faizlik, "Qala Həyat Sığorta" ASC-nin isə 88,57 faizlik səhm paketinə sahibdir.

Şirkətin fəaliyyətilə bağlı qısaca olaraq onu deyə bilərik ki, ölkədəki bütün sığorta şirkətləri özlərini məhz bu şirkətdə təkrar sığorta etdirirlər, yəni bir növ “AzRe”-yə haqq ödəmiş olurlar. Bunun inhisarçılıqla bağlı qanunvericiliyə nə dərəcədə uyğun olduğunu bir tərəfə qoyaq. Məsələnin əsas maraqlı tərəfi “AzRe”-nin səhmdarlarının kimliyinin gizli saxlanılmasıdır. Rəsmi məlumatda yalnız o deyilir ki, şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur - vəssalam.

İndi məlum olub ki, “AzRe” səhmdarlarının Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi 6 ünvanında yerləşən baş ofisində yığıncağı olacaq. Gündəlikdə şirkətin ötənilki maliyyə nəticələrinin təsdiq edilməsi və əldə olunan xalis mənfəətdən səhmdarlara dividend ödənilməsi məsələləri durur.

Onu da qeyd edək ki, bölüşdürüləcək məbləğ heç də kiçik deyil – 25 milyon 64 min manat. “AzRe Təkrarsığorta” ASC 2018-ci ili rəsmi olaraq (!) məhz bu məbləğdə xalis mənfəətlə başa vurub. 2017-ci ildə isə bu monopolistin mənfəəti 21 milyon 394 min manat olub ki, bu da Azərbaycanın kiçik sayılan sığorta bazarı üçün kifayət qədər ciddi rəqəmdir.

Bütün bunlarla yanaşı, əlbəttə ki, monopolist olan belə bir samballı şirkətin sahiblərinin gizli saxlanması yalnız Azərbaycan kimi anormal sığorta bazarına və bir çox hallarda qeyri-şəffaf biznes mühitinə, idealdan çox-çox uzaq dövlət-biznes münasibətlərinə malik ölkələrdə mümkündür. Və sözsüz ki, bu gizlilik sözügedən şirkətin də arxasında hansısa qüdrətli məmur-oliqarxın durmasından xəbər verir.

Cəlal

AzPolitika.info

635x100

Şərhlər

Icbari Sigortaci 2019-04-08 15:35:55

"TekrarSigorta" ne demakdir ve onu hansi qurum kimi qeyd ediblar?

Son yazılar