“50 İLDİR İSTANBULU ALAN – TÜRKİYƏNİ QAZANIR…” – “İstanbuldakı məğlubiyyət hakimiyyət üçün şokdur”

Dərc olunub: 09/04/2019 - 10:05

oqtay qasimovSiyasi şərhçi Oqtay Qasımovun Türkiyədəki bələdiyyə seçkiləri haqda “AzPolitika.info”-ya müsahibəsi

- Oqtay bəy, Türkiyədə 31 mart bələdiyyə seçkilərindən sonra müşahidə edilən hadisələri necə qiymətləndirirsiniz?

– Seçkilər kampaniyası dövründə müəyyən problemlər mövcud idi. Müxalifət həm seçki mühiti, həm də şərtlərlə bağlı tənqidi fikirlər səsləndirirdi. Digər tərəfdən, seçkinin nəticələri, səslərin sayılması ilə bağlı hüquqi prosedurlar var və bu çərçivədə prosesin getdiyi elan olunur. Amma məsələ ondadır ki, Türkiyə qanunvericiliyində və Yüksək Seçki Kurumunun (YSK) fəaliyyətində sual doğuracaq məsələlər ortaya çıxmağa başlayıb. Bu həm son 5-6 ildə seçkilərin keçirilməsi proseduru, həm səslərin sayılması, həm bülletenlər, həm də möhürlü zərflərlə bağlıdır. Yəni bu istiqamətlərdə YSK bəzən bir-birinə zidd qərarlar verib. Bu, 2014-cü ildə Ankarada keçirilən bələdiyyə seçkilərində olan presidentlə bağlıdır. O zaman Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi etibarsız bülletenlərin yenidən sayılması tələbi ilə çıxış etsə də, YSK bunu rədd etmişdi. Və seçkinin nəticələrinə görə, Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Məlik Gökçək qalib elan olunmuşdu. İndi eyni şərait İstanbulda, eləcədə bir çox şəhərlərdə, konkret Balıkəsirdə yaranıb. Cəmiyyətdə də belə sual yaranır ki, nədən YSK İstanbulda etibarsız bülletenlərin yenidən sayılması haqda qərar verir, amma Balıkəsirdə seçkidə problemlər olduğunu iddia edən İyi Partiyanın müraciəti rədd olunur? Belə tipli məsələlər var və bu da hüquq sistemində, qanunvericilikdəki müəyyən problemlərlə bağlıdır.

İkincisi, türk cəmiyyətində müəyyən narahatlıqlar hələ dekabrda özünü göstərirdi. Bu da qanunvericiliyə dəyişikliklər edərək YSK-nın 11 üzvündən altısının səlahiyyət müddətinin 1 il uzadılması ilə bağlı idi. Hələ dekabrda fakt müxalifət tərəfindən etirazla qarşılanır və iddia olunurdu ki, bu qərar 31 mart bələdiyyə seçkilərinə hesablanan addımdır.

Hakimiyyət partiyası faktiki olaraq 25 ildir idarə etdiyi İstanbulda seçkiləri uduzmasını heç cür qəbul edə bilmir. Bu da əslində Türkiyədəki demokratik proseslərə və ölkənin imicinə xələl gətirən mənzərədir. Etibarsız bülletenlər 330 min civarında idi, amma onun sayılması bu qədər uzanmamalı idi. İndi AKP yeni bir iddia ortaya atıb və artıq İstanbulda bütün səslərin yenidən sayılması üçün YSK-ya müraciət edib. Bu da o deməkdir ki, proses qeyri-müəyyən vaxta qədər uzadıla bilər. Belə bir hal bizə çox yaxın və qardaş ölkə olan Türkiyənin imicinə kölgə salar, onun nüfuzuna xələl gətirər.

- Başqa mümkün ssenarilər hansılar ola bilər?

– Hesab edirəm ki, yaxın 2-3 gün ərzində bu qeyri-müəyyənlik aradan qalxacaq. Bildiyiniz kimi, 2015-ci il parlament seçkilərində AKP seçkidən birinci partiya kimi çıxsa da, əldə etdiyi səslərə görə təkbaşına hökumət qura bilmirdi. O zaman hökumətin qurulmasına süni əngəllər yaradıldı, koalisiya hökuməti qurmaq dalana dirəndi və 2015-ci ilin noyabrında təkrar seçkilərə gedildi. O zaman terror hadisələri də gündəmi təşkil etdi və seçkilərdə AKP 49 faiz səs toplayaraq təkbaşına hökumət qurmaq imkanı əldə etdi. İndi İstanbul prosesi buna bənzəyir. Hesab edirəm ki, bu xoş hadisə deyil. Seçki günü Türkiyə prezidentinin eyvandan etdiyi çıxış, onun müttəfiqi MHP lideri Dövlət Baxçalının “seçkini 1 səslə udan qalib sayılır” bəyanatı əslində tətbiq olunmalı idi. Ancaq indi görünür ki, seçkinin birinci günündən verilən bəyanatdan fərqli davranışlar ortaya çıxıb.

ekrem

- Bütün bunları nəzərə alaraq, proqnoz verə bilərsinizmi, Ərdoğan İstanbulu CHP-yə, İmamoğluna təslim edəcəkmi?

– Əvvəla qeyd edim ki, artıq Mənsur Yavaş Ankarada qalib elan olundu. Bu şəhərdə CHP namizədi Mənsur Yavaşla AKP namizədinin topladığı səslər arasında 100-120 min fərq vardı. Yəni aradakı seçici sayı çox olduğundan Ankarada başqa iddialarla çıxış etmək mümkünsüz oldu. Amma İstanbulda fərq çox böyük deyil. Sadəcə, söhbət ondan gedir ki, kənarda qalan və heç kimin tanımadığı bir şəxs gəlib İstanbulda iqtidarın qüdrətli və nüfuzlu simasını məğlub edib. Bütün istiqamətlərdə İstanbuldakı prosesin qalibi Əkrəm İmamoğludur. Artıq Türkiyə vətəndaşlarının böyük qismi Ə.İmamoğlunun qələbə çaldığını qəbul etməyə başlayır. Çünki səslərin sayılmasının belə ləng aparılması, müxtəlif iddiaların ortaya atılması, əslində CHP namizədinə daha çox xeyir gətirir, nəinki AKP-yə. Hesab edirəm ki, sonda məntiq, hüquq və ədalət qalib gələcək və seçkinin qalibi layiq olduğu masada oturacaq. İndiki halda seçkinin nəticələri göstərir ki, Əkrəm İmamoğlu qalibdir. Belə davam etsə AKP özündə seçkinin nəticələrini tanımağa iradə tapacaq. Əslində bu gün türk hüquqşünaslarının çoxu YSK-nın indiki fəaliyyətini YSK tarixində ən qaranlıq dövr adlandırır. Düşünürəm ki, bu ittihamlardan qaçmaq üçün YSK özünün yekun rəyini verəcək və seçkinin qalibini ədalətli formada ictimaiyyətə açıqlayacaq.

- Yəni Ərdoğanın İstanbulun əldən getdiyinə barışmaq məcburiyyəti qarşısında qalacağını düşünürsünüz. Amma onun Moskva səfərindən öncə hava limanında dediyi sözlər tam əksini göstərir…

– Bu açıqlamaların türk cəmiyyətinə faydalı olmadığını düşünürəm. İstanbulu almaq və ya vermək İstanbul sakinlərinin səsverməsi ilə həll edilən məsələdir. Əgər süni əngəllər davam edəcəksə, qalibin haqqı tanınmayacaqsa, bu daha ciddi nəticələrə səbəb olacaq. Və gələcək seçkilərdə bu AKP üçün daha ağır nəticələr yaradacaq. Söhbət ondan gedir ki, seçki komissiyaları və seçki siyahıları ilə bağlı 4-5 ay əvvəl mediada iddialar ortaya atılırdı ki, seçici siyahılarında şişirtmələr, bir ünvanda 50-80 nəfərin qeydiyyatı halları var. 4-5 ay əvvəl mətbuat bu haqda yazsa da, hakimiyyət diqqətə almadı. O zaman hakimiyyət üçün hər şey yaxşı idi, heç bir problem yox idi. Hətta biz ən yaxşı seçki mexanizmi qurmuşuq deyən hakim partiya, bu gün özü seçkilərdə saxtakarlığın olduğu, bunun qarşısını almağın mümkün olmadığını, indi buna qarşı tədbirlər görüldüyünü iddia edir. Bu da suallar doğurur. Belə çıxır ki, bu məqam onlara toxunanda gündəmə gətirilir, toxunmadığı müddətdə isə bunun üstünə gedilməyib. Çünki seçkidən əvvəl daxili işlər naziri Soylu bəyan etdi ki, ən güclü seçki mexanizmi qurulub, hər şey nəzarət altındadır, seçkilər ədalətli aparılacaq və s. Əgər bu gün prosesə süni əngəllər yaradılsa, bu Türkiyənin beynəlxalq imicinə ciddi şəkildə zərbə olacaq.

erdogan

- İndi ortaya çıxan nəticə növbəti seçkilərdə AKP-nin məğlubiyyətinin anonsu sayıla bilərmi?

– Söhbət ondan gedir ki, seçki demokratik keçirilsin və onun nəticələri ədalətli şəkildə təsdiq olunsun. Əgər bu olmayacaqsa, hüququ proseduralar doğru-dürüst işləməyəcəksə və ikili standartlar müşahidə ediləcəksə, bütün bunlar ilk növbədə AKP-yə ciddi təsir edəcək. Yəni növbəti seçkilərdə hakim partiya daha ciddi problemlərlə qarşılaşa bilər. Bəziləri düşünə bilər ki, növbəti seçkilərə 4,5 il var, ona qədər türk cəmiyyəti çox şeyi unudacaq. Ancaq unutmayaq ki, 2014-cü ildə belə hadisə Ankarada yaşanmışdı və o zaman seçkiləri qazandığı elan edilən Məlik Gökçək heç öz səlahiyyət müddətini başa vura bilmədi və prezident tərəfindən istefa verməyə məcbur olundu.

- AKP-nin İstanbulu uduzması hansı nəticə yarada bilər?

– Bununla bağlı müxtəlif iddialar səslənir. Əvvəla, İstanbul şəhəri Türkiyənin həm iqtisadi, həm də mədəni mərkəzidir. Türkiyə İstanbulla nəfəs alır. Son 50-60 ilin statistikasına görə, İstanbulda seçkini qazanan sonrakı mərhələdə Türkiyədə seçkini qazanır. Digər tərəfdən, İstanbul böyük iqtisadi mərkəzdir. Son 25 ildə Ərdoğanın özü və silahdaşları ardıcıl şəkildə və fasiləsiz olaraq İstanbul bələdiyyəsinə rəhbərlik ediblər. Bələdiyyə isə geniş imkanlar deməkdir. Ora rəhbərlik edən şəxs özünə yaxın partiyalara, şirkətlərə imtiyazlar tanıyır, müəyyən işlər görürlər. Yəni oradan siyasi partiyaya xeyli dəstək gələ bilir. Bu baxımdan təbii ki, AKP üçün gözləmədikləri məğlubiyyəti qəbul etmək çətindir. Üstəlik, AKP-nin ən nüfuzlu nümayəndəsi İstanbul uğrunda seçki mübarizəsinə qatılmışdı. Amma seçicinin iradəsi başqa cür oldu. Görünür, seçici Türkiyədə bir çox şeylərin dəyişməsini istəyir. Xüsusilə, hüquq, demokratiya və ədalət istiqamətlərində daha səmərəli addımlar gözləyir, eyni zamanda özünün firavan həyat şəraitini tələb edir. Əslində seçkinin indiki nəticəsi bu məqamlarla bağlıdır. Vətəndaşlar artıq siyasətdən yorulub. Son 5 ildə vətəndaşlar 7 seçkidə iştirak edib. Görünür cəmiyyət bunu yorucu hesab edir. Bu baxımdan dəyişikliyə səs verir. Belə iddialar da var ki, guya son 25 ildə İstanbul bələdiyyəsində müəyyən əyriliklər olub. Guya Əkrəm İmamoğlu gəldikdən sonra bu məsələləri qaldıracaq və gərginlik ortaya çıxacaq. Belə iddialar da mövcuddur. Hər halda İstanbuldakı məğlubiyyət hakimiyyət üçün şokdur və bu anlaşılandır. İstanbula aşqımız və sevgimiz deyilirdi. Məncə, məsələnin bu qədər uzadılması artıq Türkiyənin əleyhinə işləyir və bu durum konkretləşdirilməlidir. Bütün hallarda çalışmaq lazımdır ki, Türkiyənin demokratik imicinə xələl gəlməsin, əksinə Türkiyə bu durumu bir fürsətə çevirə bilər və dünyaya göstərərdi ki, uzun müddət hakimiyyətdə qalan qüvvə uduzduğu şəhərlərdə məğlubiyyəti qəbul edərək şəhər idarəçiliyini qaliblərə ötürür.

Vaqif NƏSİBOV
AzPolitika.info










loading...


Fikrinizi bildirin